5 illik məhsuldar əməkdaşlığın artan dinamikası


Məlumdur ki, qloballaşan dünyada ölkələrin sürətli inkişafını təmin edən əsas faktorlardan biri kimi elmi tədqiqatlara, elmi tədqiqat məhsullarının kommersiyalaşdırılmasına xüsusi önəm verilir. Buna görə də keyfiyyətli elmi məhsulların hazırlamması hazırda ali təhsil müəssisələri qarşısında prioritet vəzifələrdən biri kimi durur.  Bu zərurəti nəzərə alan Təhsil Nazirliyi Azərbaycanda elmi fəaliyyətin inkişafına, onun keyfiyyət səviyyəsinin yüksəlməsinə və ölkəmizin elmi nüfuzunun dünyada gücləndirilməsinə nail olmaq üçün 2015-ci il dekabrın 22-də Thomson Reuters (indiki “Clarivate Analytics”) şirkətinin Elmi tədqiqatlar və intellektual mülkiyyət şöbəsi ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Nəticədə Azərbaycanın 40 ali təhsil müəssisəsi “Web of Science®” elmi platformasına çıxış əldə edib. 2018-ci il 5 dekabr tarixində isə Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında 2019-2021-ci illəri əhatə edən əməkdaşlığa dair müqavilə imzalanıb. Hazırda “Clarivate Analytics”lə əməkdaşlıq bu razılaşma üzrə davam etdirilir. Ümumiyyətlə,  “Clarivate Analytics” (Thomson Reuters) ilə 5 illik məhsuldar əməkdaşlıq Azərbaycanda elmin inkişafına güclü təkan verib, beynəlxalq əməkdaşlığın inkişafına, yerli tədqiqatçıların nəşrlərinin sayının artmasına imkan yaradıb.

 

100 ildən artıq dövrü əhatə edən etibarlı məlumat sistemi

 

Qeyd edək ki, Web of Science bazasının arxivi 100 ildən artıq bir dövrü əhatə edir. Web of Science™ elmin müxtəlif istiqamətləri üzrə yalnız informasiyanı toplamaqla deyil, həmçinin elmi informasiyanı emal etmək, onu vaciblilik və mühümlülük baxımından prioritetləşdirməklə də məşğuldur. Məhz bu cəhət platformanı digər informativ elmi bazalardan fərqləndirən əsas xüsusiyyət hesab edilir. Belə ki, Web of Science-də məqalələr üçün istinadlar, jurnallar üçün impakt faktor (JİF), alimlər üçün indeks Hirşa (hindex) hesablanır.

 

Bu məlumat bazasına elmin müxtəlif istiqamətləri üzrə 21000+ jurnal (onlardan 12000 impakt faktorludur), 200000+ elmi konfrans materialları, 90000+ elmi monoqrafiyalar daxildir. Elmi jurnalların seçimi müstəqil redaktorlar heyəti tərəfindən sərt prosedur vasitəsilə həyata keçirilir. Maraqlar münaqişəsinin qarşısını almaq və obyektiv seçimi təmin etmək üçün bu heyət heç bir digər kommersiya və ya publikasiya fəaliyyəti ilə məşğul olmur. Bazanın məzmunu gündəlik olaraq yenilənir. Hazırda burada 78 milyondan  çox elmi publikasiya, 1.7 milyard məqalə üzrə biblioqrafiyaya istinad, 120 ildən çox publikasiya və istinad məlumatları yer almışdır.

 

Təhsil Nazirliyi və “Clarivate Analytics” arasında “Web of Science” bazası üzrə əməkdaşlıq çərçivəsində Web of Science™ bazasına daxil olan nəşrlərin sayına görə Cənubi Qafqaz ölkələrinin nəticələri (2010-2019) ölkəmizin xeyrinədir.  “Web of Science®” bazasına daxil olan məqalələrin artım dinamikasına görə Azərbaycan Web of Science indeksli elmi tədqiqat işlərinin ümumi çəkisinə və nəşr aktivliyinin son 3 ildə artım dinamikasına görə Cənubi Qafqaz ölkələri arasında davamlı olaraq 1-ci yerdə qərarlaşıb. 

 

Web of Science elmi bazasında 2019-cu il Azərbaycan üzrə 1745 elmi tədqiqat işi qeydə alınıb. Qeyd edək ki, analoji rəqəm Ermənistan üçün 1403, Gürcüstan üçün isə 1313 təşkil edib. Başa vurduğumuz 2020-ci ildə də bu dinamika qorunub saxlanılıb. Belə ki, 2020-ci il üzrə ilkin olaraq bazaya yerləşdirilən nəşrlərə əsaslanaraq, qeyd etmək olar ki, hələ də Azərbaycan Cənubi Qafqaz ölkələri arasında liderdir. Azərbaycanda son aylar ərzində 816, Gürcüstanda 673, Ermənistanda isə 643 elmi publikasiya nəşr edilib.

 

Digər mühüm göstərici Normallaşmış İstinadNüfuzu Kateqoriyası (Category Normalized Citation Impact) üzrə də Azərbaycanın nəticələri diqqətəlayiqdir. Bu kateqoriya Web of Science™ bazasında yerləşən müxtəlif sahələrin publikasiyalarını müqayisə etməyə imkan verir. Bu kateqoriya ölkə və təşkilatların elmi publikasiya aktivliyinin dəyərləndirilməsində tətbiq edilir. Azərbaycan üzrə bu göstərici 0.85- dir. Bu göstəriciyə görə Azərbaycan Türkiyə, Rusiya, Ukrayna və Qazaxıstan kimi ölkələrdən qabaqdadır.

 

Məlumdur ki, müxtəlif elm sahələri üzrə olan jurnalların impakt faktor göstəricisinə görə kvartillərə bölünməsi onların daha səmərəli müqayisəsinə imkan verir. Bir qayda olaraq 1-ci (Q1) və 2- ci (Q2) kvartillər üzrə olan jurnallar ən nüfuzlu jurnallar hesab edilir. 2015-2019- cu illər ərzində Azərbaycan alimlərinin Q1 və Q2 kateqoriyalı jurnallarında publikasiyalarının artım dinamikası müşahidə edilir. Dövr ərzində ən yüksək nəticə - 470 publikasiya 2019- cu ildə müşahidə edilib.

 

Azərbaycanın Web of Science Core Collection-da əsas göstəriciləri

 

Azərbaycanın Web of Science™ bazasında olan bütün publikasiyalarının ümumi sayı 16293-dür.  Bunların 112-i sahəsi üzrə ən çox istinad edilən (Highly Cited in Field), 3-ü isə sahəsi üzrə ən populyar tədqiqatdır (Hot Papers in the Field).

 

2014-cü ildə Web of Science Core Collection-da Azərbaycan üzrə 1 jurnal qeydə alınıb. Hazırda Web of Science bazasında 7 elmi jurnal və 1 konfrans materialları indeksləşdirilib. Konfrans materialları, eləcə də bu jurnalların 4-ü müxtəlif ali təhsil müəssisələrinə aiddir.

 

Ali təhsil müəssisələri üzrə dövri dinamikanın təhlili

 

“Clarivate Analytics” ilə əməkdaşlığa başlanılmasının nəticəsi olaraq regionda ilk dəfə Azərbaycanda bütün universitetlər üçün Web of Science™ platformasında təşkilat profili yaradılıb. Təşkilat profili 20 milyondan  çox istifadəçi üçün elmi biznes kartı rolunu oynayır. Bu, yerli təhsil qurumlara öz təşkilatları barədə geniş bibliometrik məlumatları rahatlıqla əldə edərək, analiz etməyə imkan yaradır.

 

Web of Science™ bazasında bütün profillər manual olaraq yaradılır və müxtəlif dövrlərdə jurnallarda fərqli formada affiliasiya olunan eyni qurumların elmi məqalələri bir yerə toplanılır (məsələn, Bakı Dövlət Universitetinin adı müxtəlif jurnallar tərəfindən, fərqli dövrlərdə 30 müxtəlif formada qeydə alınıb).

 

Universitetlərimizin beynəlxalaq bazada publikasiya artımı

 

Web of Science™ bazasında Azərbaycan ali təhsil müəssisələri tərəfindən çap olunan publikasiyaların artım dinamikası da müsbətdir. Azərbaycan ali təhsil müəssisələri tərəfindən Web of Science™ bazasında qeydə alınan publikasiyaların sayı 2019-cu ildə ən yüksək həddə çataraq 953 olub.  Bu göstərici 2015-ci ildə 305 idi. Beləliklə, son 5 ildə 3 dəfədən çox artım müşahidə edilib. 

 

Digər tərəfdən,  impakt faktorlu jurnallarda ali təhsil müəssisələri tərəfindən çap olunan məqalələrin sayı 2019-cu ildə rekord həddə çataraq 439 olub. Bu rəqəm 2015-ci ildə 168 idi. Beləliklə, son 5 ildə imfakt faktorlu jurnallarda olan ali məktəblərimiz tərəfindən qeydə alınan publikasiyaların sayında 2,5 dəfədən çox artım müşahidə edilib.

 

Qeyd edək ki, 2019-cu ildə Web of Science™ bazasında ümumilikdə ali təhsil müəssisələrimiz tərəfindən 953 məqalə qeydə alınıb ki, bu məqalələrin 46%-i impakt faktorlu jurnalların payına düşüb.

 

Digər tərəfdən, Azərbaycanda ali təhsil müəssisələri tərəfindən çap olunan publikasiyaların dinamikasında da irəliləyiş var. 2019-cu il üzrə respublika üzrə ümumi publikasiya çəkisinin təxminən 53%-i ali təhsil müəssisələrinin payına düşüb. Ölkə kontekstində ali təhsil müəssisələrinin və AMEA-nın son 6 ildə publikasiya aktivliyinin müqayisəli təhlilinə əsasən 2014-cü ildə AMEA-nın ümumi nəşrlərinin sayı ali təhsil müəssisələrinin ümumi nəşrlərinin sayını 2 dəfədən çox üstələyirdisə, 2020-ci ildə  rəqəmlər universitetlərin xeyrinə dəyişib.

 

Universitetlərin fəallığı

 

“Clarivate Analytics” ilə əməkdaşlıq  Azərbaycan universitetlərinin Web of Science bazasında publikasiyalarının sayında da özünü göstərib. Bunu,  2020-ci ilədək Web of Science™ bazasında indeksləşmiş bütün publikasiyaların sayına əsasən ən çox elmi iş çap etmiş 10 ali təhsil müəssisəsinin siyahısından da görmək olar.

 

2015-2020-ci illər publikasiya aktivliyinə görə yerli ali təhsil müəssisələrinin sıralanması: 2019-cu ildə Bakı Dövlət Universiteti (372 elmi iş), UNEC (215 elmi iş), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (136 elmi iş), Xəzər Universiteti (48 elmi iş), Tibb Universiteti (48 elmi iş) və Azərbaycan Dövlət Pedaqoji Universiteti (42 elmi iş) ən çox elmi nəşr generasiya edən ali təhsil müəssisələridir. Elmi məhsuldarlığın artım dinamikasına görə isə UNEC xüsusilə fərqlənməkdəir. Belə ki, 2018- ci illə müqayisədə 2019-cu ildə UNEC-də nəşr aktivliyi 5 dəfədən çox artmışdır.

 

Son 5 il üzrə nəşrlərin ümumi sayına görə (1406) BDU digər universitetləri xeyli qabaqlayır. Belə ki, 2-ci yerdə olan ADNSU-nun göstəricisi 409-dur.

 

Azərbaycan universitetlərinin Q1 və Q2 jurnalları üzrə publikasiya səviyyəsinə gəlincə, 2015-ci ildə Q1 və Q2 indeksli jurnallarda 71 məqalə çap edilsə də, bu rəqəm 2019-cu ildə 178 olub.  Bu isə 2.5 dəfədən çox artım deməkdir.

 

Azərbaycan ali təhsil müəssisələri tərəfindən çap edilən elmi işlərin “Top 1%” göstəricisi üzrə artım dinamikasında da müsbət tendensiya mövcuddur. Belə ki, universitetlərimiz tərəfindən çap edilən və Web of Science bazasında öz sahəsi üzrə ən çox istinad edilən 1% məqalə arasına daxil olan məqalələrin sayı 2015-ci il ilə müqayisədə artmışdır (2015-ci il 0 məqalə, 2019-cu il 13 məqalə).

 

Xüsusi təlimlər və seminarlar

 

“Clarivate Analytics” şirkəti Azərbaycanda fəaliyyətə başlayandan, 5 il ərzində müxtəlif ali təhsil müəssisələrinin akademik heyəti üçün 100-dən artıq xüsusi təlim və seminarlar təşkil edilib. Ümumilikdə, bu təlimlərdə 2000 nəfərdən çox tədqiqatçı, alim və inzibatı heyət iştirak edib. Azərbaycanda 100-ə yaxın tədqiqatçı “Clarivate Analytics” tərəfindən təşkil edilən 2 günlük beynəlxalq sertifikasiya proqramını tamamlayaraq, bibliometrik təlimləri keçmək hüququ əldə edib. Təlimlər Azərbaycanın müxtəlif bölgələrində (Gəncə, Naxçıvan, Mingəçevir və Lənkəran) yerləşən ali təhsil müəssisələrini əhatə edib.

 

Oruc MUSTAFAYEV