“Rəqəmsal bacarıqlar” daha çox məktəbi əhatə edəcək


Təhsil Nazirliyi 2017-2018-ci dərs ilindən proqramlaşdırmanın tədrisi məqsədi ilə informatika fənni üzrə pilot layihənin mərhələlər üzrə tətbiqinə başlayıb. Layihə çərçivəsində alqoritmik düşüncə və məntiq, layihə işləmə bacarıqları inkişaf etdirilir və proqramlaşdırmanın əsasları öyrədilir. İnformatika fənninin yeni formatda tədrisindən ibarət olan layihəyə Bakı məktəblərindən start verilib. Təhsil Nazirliyi ilə informasiya texnologiyaları (İT) sistemləri və rəqəmsal bacarıqların öyrədilməsi üzrə proqramlar hazırlayan “Alqoritmika” beynəlxalq təhsil şirkətinin birgə həyata keçirdiyi layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan verir.

 

Dünyanın bu sahədə özünü doğruldan ən innovativ metodikalarından istifadə edilməklə peşəkar metodist və pedaqoqlar tərəfindən hazırlanan proqram bu sahə üzrə ən yaxşı təcrübələri özündə birləşdirir. Həmçinin fərdi təlim, nəzəriyyə və tətbiqi yanaşma, fənlərarası əlaqə və motivasiyanın artırılması prinsiplərinə əsaslanır.

 

Niyə “Alqoritmika”?

 

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktor müavini və “Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri Fəxri Qurbanov “Azərbaycan müəllimi” qəzetinə layihə üçün niyə “Alqoritmika” şirkətinin seçilməsindən danışıb: “Layihəyə başlamadan öncə Təhsil Nazirliyi geniş araşdırma aparıb. Bu istiqamət üzrə ixtisaslaşan şirkətlərin işinin təhlilindən sonra onlardan birinin üzərində dayanılıb. “Alqoritmika” beynəlxalq təhsil şirkəti proqramlaşdırmanı yeni üsullarla, ən yaxşı beynəlxalq təcrübələri özündə birləşdirən pedaqoqların yaratdığı məzmun əsasında öyrətdiyi üçün məhz onunla birgə işə qərar verilib. Bu yaxınlarda Qırğızıstanda da fəaliyyətə başlayan “Alqoritmika” şirkəti Rusiya, Qazaxıstan, Polşa, İsrail və Avstraliyada da müvəffəqiyyət qazanıb. “Alqoritmika” dərsləri uşaqlara təkcə proqramlaşdırmanı deyil, biliyin praktikada tətbiqi bacarıqlarını da öyrədir. Dövlət səviyyəsində ən böyük fəallığı Azərbaycan nümayiş etdirərək layihənin ümumtəhsil məktəblərində icrasına başlayıb. Başqa ölkələrdə bu, məktəbdən sonrakı hazırlıq, özəl məktəb və liseylərdə həyata keçirilir. Həmin şirkət Azərbaycana bu xidməti fərdi qaydada həyata keçirmək üçün deyil, məktəblərdə uşaqlara dərs proqramı çərçivəsində keçirilməsini təşkil etmək üçün dəvət edilib. Azərbaycan MDB məkanında yeganə ölkədir ki, bu istiqamətdə böyük addımlar atıb”.

 

Gələcək üçün təməl

 

Layihə birdən-birə hazırlanıb icraya yönləndirilməyib. Nə qədər sınaqdan çıxarılmış  proqram olsa da, Təhsil Nazirliyi uğurun qeydə alındığı ölkələri və bu uğurun səbəblərini bilmədən yola çıxmaq istəməyib. Bu məqsədlə də “Alqoritmika” şirkətinə “XXI əsrin bacarıqları”nı araşdırmağı sifariş edib. Layihənin məqsədlərini düzgün formalaşdırmağa xidmət edən bu tədqiqata  bir neçə məşhur şirkətin ekspertləri də qoşulub. Təqdim edilən rəylərdə digər ölkələrin təcrübəsi əhatə olunub. Araşdırma üzrə 150 səhifədən çox  böyük hesabat hazırlanıb.  Rəqəmsal bacarıqları inkişaf etdirməyə nail olan ölkələrin təcrübəsini əks etdirən hesabatda dövrün və yaxın gələcəyin əsas tələbləri əksini tapıb.

 

Dünya təcrübəsi araşdırıldıqdan və XXI əsrin əsas bacarıqları müəyyənləşdirildikdən sonra sözügedən layihəyə Azərbaycanda da start verilib. Təhsil nazirinin müşaviri Həsən Həsənlinin sözlərinə görə, bütün ilklər kimi, bu layihənin də gözlənilən narahatlıqları olub: “Bilirik ki, ilk addımı atmaq həmişə çətin olur. Layihəyə başlananda şagirdlərin bu proqrama nə qədər hazır olacağı, müəllimlərin onu nə dərəcədə uğurla tədris edəcəyi ilə bağlı narahatlığımız vardı. Artıq bu narahatlığı əminlik əvəz edib və qətiyyətlə deyə bilərik ki, biz gələcək üçün “Alqoritmika” şirkəti ilə birgə çox möhkəm təməl qoyduq. Dəyişən iqtisadi vəziyyət və təhsillə bağlı çağırışlarda bu günə qədər diqqət mərkəzində olmayan bilik və bacarıqlar tələb olunur. Biz də çalışırıq ki, tədris proqramlarımızda həmin tələblər nəzərə alınsın. Sözügedən layihə hələlik V sinifləri əhatə etsə də, növbəti tədris ilindən genişləndirilməsi planlaşdırılır. Bir sözlə, informatikanın tədrisində yeni yanaşma mərhələlərlə tədris proqramının bir hissəsinə çevriləcək. İnanırıq ki, kodlaşdırma, rəqəmsal təfəkkür, analitik düşüncə kimi bacarıq və səriştələr formalaşacaq”.

 

 

Ən böyük tələb komanda şəklində işləmək bacarığıdır

 

“Alqoritmika” şirkətinin yaradıcısı və baş meneceri Andrey Lobanovun fikrincə, dünyada robotların istehsal tutumu artıb. İndi onların işinə daha böyük üstünlük verilir. Çünki robotlar insanla müqayisədə işi daha ucuz və sürətlə həyata keçirirlər. İnsanın robotlarla rəqabət apara bilməyəcəyini nəzərə alsaq, yetişməkdə olan nəsildə hansı bacarıqların formalaşdırılacağını düzgün hesablamaq lazımdır. Hər bir müasir peşənin kompüter bilikləri tələb etdiyini vurğulayan A.Lobanov bu bacarıqları inkişaf etdirməyin önəmini qeyd edib. Onun sözlərinə görə, təhsil sistemi dəyişməli, mövcud vəziyyətə uyğunlaşdırılmalıdır: “İnkişaf səviyyəsindən asılı olaraq, informasiya texnologiyaları ölkənin iqtisadi vəziyyətinə təsir göstərə bilər. Bunu nəzərə alaraq şagirdlərə internetdən gələn təhlükələrdən necə qorunmağı öyrətməliyik. İnformatika sahəsində onların motivasiyası artırılmalıdır”.

 

 

Yaxın gələcəkdə yeni peşə və ixtisasların meydana gələcəyi isə qaçılmazdır: “Artıq Azərbaycanda da bu fikirdədirlər ki, müasir kadrlardan bilikdən çox bacarıq və vərdişlər tələb olunur. Hər kəs bilməlidir ki, informatika sahəsində ixtisaslaşan gələcəkdə kasıblıq çəkməyəcək. Əsas olan proqramlaşmanı mənimsəməkdir”.

 

A.Lobanovun fikrincə, müasir peşələrdə qarşıya qoyulan ən böyük tələb komanda şəklində işləmək bacarığıdır: “Şagird hər hansı oyun qurmaq üçün fikirləşməlidir. Komanda şəklində proqram qurmaq məntiqi düşüncəni inkişaf etdirir. Bu da həm uşağın inkişafına səbəb olur, həm də ona komanda ilə işləməyi öyrədir”.

 

A.Lobanov həyata keçirdikləri  “XXI əsrin bacarıqları” mövzusunda araşdırmanın nəticələrinə toxunaraq deyib ki, başqa ölkələrin təcrübəsində bir çox oxşar cəhətlər müəyyənləşdirilib. O, ayrı-ayrı vərdişlərin mənimsənilməsində aparıcı olan ölkələr siyahısında böyük nailiyyətlərə imza atan çox kiçik ölkələr olduğunu vurğulayıb. Bu sahədə uğurun sirrini yeniliklərin praktiki müstəvidə tətbiqi ilə izah edib. A.Lobanov 1 ilə yaxın müddətdə Azərbaycanda həyata keçirilən layihənin nəticələrinin də tədqiq olunduğunu vurğulayıb: “Layihədə iştirak edən şagirdlərə xüsusi tapşırıqlar verilib. Hər bir şagirdə fərdi qaydada layihə hazırlamaq tapşırılıb. Bu yolla onların işin öhdəsindən necə gəldikləri müəyyənləşdirilib”.

 

Baş menecer bildirib ki, fərqlənən şagirdlərə həvəsləndirici diplomlar təqdim edilib.

 

Müəllimlərlə iş: indi onlar daha yaxşı nəticələr göstərirlər

 

Şagirdlərin informatikanı yaxşı mənimsəməsində müəllimlərin rolu danılmazdır. Odur ki, layihədə iştirak edən şagirdlər seçilməsə də, müəllimlər seçilib. İnformatika əvvəllər bu intensivlikdə tədris edilmədiyindən dəyişikliyin əlavə problemlərə səbəb ola biləcəyi qabaqcadan hesablanıb. Odur ki, işə müəllim resurslarından başlanılıb. Müəllimlərin peşəkar inkişafını təmin etmək üçün layihəyə başlamadan müəllim hazırlığına başlanılıb. 3 meyar üzrə - məzmunu başa düşmək bacarığı, uşaqlara çatdırma bacarığı və şagirdlərin dərsdə fəallığını təmin etmə bacarığı üzrə seçilən müəllimlər təlimlərə cəlb edilib. Qəbul edilmiş qərar belə olub ki, müəllim hazır olmadan dərsə girə bilməz. Bu prinsiplə hər müəllimə 36 saat təlim keçilib. Qavramaqda çətinlik çəkən müəllimlərə əlavə saatlar da ayrılıb. Hətta 72 saata qədər vaxt ayrılan müəllim belə olub. Saatların artmasını nəzərə alaraq peşəkar informatika müəllimləri çatışmazlığı ilə qarşılaşmamaq üçün pilot layihə çərçivəsində İKT bacarıqları yüksək olan digər fənn müəllimləri də layihəyə cəlb ediliblər. Onların arasında riyaziyyat, fizika, tarix, hətta ədəbiyyat müəllimləri də var.

 

 

F.Qurbanovun sözlərinə görə, bu təcrübə uğurla davam edir: “Uğurlu da olsa, hələlik eksperimentdir və özünü doğruldarsa, gələcəkdə Təhsil Nazirliyində məsələ qaldırıb bu təcrübənin genişləndirilməsinə nail olmaq mümkündür. Bu, beynəlxalq təhsil şirkətinin tövsiyəsi əsasında qəbul edilən qərardır. Şirkətin başqa ölkələrdəki təcrübəsi Azərbaycanda da belə qərar verərkən əsas rol oynayıb. İnformatikanın tədrisinə başqa ölkələrdə nəinki ayrı-ayrı ixtisas üzrə pedaqoqlar, hətta tam fərqli ixtisas sahələri üzrə peşəkar kadrlar da cəlb olunublar”

 

 

 

“Alqoritmika Azərbaycan” MMC-nin baş meneceri Renat Asadovun fikrincə, artıq nəticəsi “yaxşı” qiymətləndirilən dərslərin faiz göstəricisi də artıb: “Bəlli keyfiyyət standartına yaxınlaşmağa çalışırıq. Müəllimlər müəyyən səviyyəyə çatıb, informatikanı daha yaxşı tədris etməyə başlayıblar. Hətta təcrübəsi araşdırılacaq müəllimlər belə var. Bundan sonrakı mərhələdə onların təcrübəsi öyrəniləcək: nəyi necə tətbiq ediblər ki, böyük nailiyyət qazanıblar”.

 

Qeyd edək ki, şagirdləri kimi, layihənin icrası zamanı fərqlənərək ən yaxşı nəticə göstərən 10 müəllim də mükafatlandırılıb.

 

Bir dərs ili ərzində

 

Beləliklə, rəqəmsal sistemin uğurlu tətbiqi üçün sözügedən 45 məktəb üzrə İKT infrastrukturunun təkmilləşdirilməsi işləri həyata keçirilib. 42 yeni kompüter otağı istifadəyə verilib, həmin otaqlar 1350 kompüterlə təchiz edilib, yüksək sürətli internet xətləri çəkilib. F.Qurbanov 2 məktəbdən başlayan layihənin bir ildə keçdiyi yola nəzər salıb: “2 məktəbdə 3 müəllim və 300-ə qədər şagirdlə başladıq. Məzmunun Azərbaycan dilinə tərcüməsinə vaxt tələb olunurdu. Bir tədris ilini bu səbəbdən buraxmaq istəmədik və layihəyə sentyabr ayında sadəcə rus bölməsində start verdik. Tətbiq edərək prosesi öyrəndik. İlk 2 məktəbdə hansı problemlərin yaşana, hansı çətinliklərin ortaya çıxa biləcəyini müəyyənləşdirdik və noyabr ayında daha 5 məktəbdə layihənin icrasına başladıq. 7 məktəb daha çox problem demək idi, amma həm də daha çox öyrənirdik. Özümüzü fevrala hazırladıq və 2018-ci ilin fevralında daha 38 məktəbdə informatikanın yeni formada tədrisinə başladıq. Hazırda Bakı şəhərində 45 məktəb üzrə 240 sinifdə 200-ə yaxın müəllim 6500-ə yaxın V sinif şagirdinə informatika fənnini yeni formatda öyrədir”.

 

“Alqoritmika Azərbaycan” şirkətinin baş meneceri R.Asadov deyib ki, bütün məktəblərdə texniki təchizat layihənin tələblərinə uyğun qurulub. Təhsil sisteminin informasiyalaşdırılması İdarəsi və Əsaslı Təchizat və Tikinti İdarəsi layihəyə çox böyük dəstək verib. 1350-yə yaxın yeni noutbuk paylanıb, 30-a yaxın proyektor, elektron lövhələr, şəbəkə avadanlıqları və s. alınıb. 45 min səhifəlik material çap edilərək tədris prosesində faydalanmaları üçün müəllimlərə verilib.

 

Tədris ilinin sonunda artıq sadələşdirilmiş, Azərbaycana uyğunlaşdırılmış yeni proqram da hazırlanıb.  Məhz müəllimlərin köməyi ilə proqramın sadələşdirildiyini deyən R.Asadov avqustda həmin proqramın hazır olacağını da vurğulayıb.

 

 

Layihə uğur qazanır

 

Artıq bir il arxada qalıb. Həm rus, həm də Azərbaycan dilində həyata keçirilən tədris prosesi ilə bağlı ilin yekununda çoxlu müsbət rəy var. Həm valideynlər, həm müəllimlər, həm də məktəblər layihənin həyata keçirilməsindən çox razıdır. F.Qurbanov hesab edir ki, layihəni cəmiyyətə düzgün təqdim edə biliblər: “Bütün bunlar imkan verdi ki, növbəti tədris ilindən layihə daha da genişləndirilsin. Bu məqsədlə təhsil naziri Ceyhun Bayramova müraciət edəcəyik”.

 

Layihə bizə nə verəcək?

 

Beləliklə, Təhsil Nazirliyinin daha bir uğurlu layihəsi bu ildən genişləndiriləcək. Belə ki, V siniflərdən əlavə VI siniflərdə də həyata keçiriləcək layihə daha çox məktəbi əhatə edəcək. Nəticədə informatika fənninin tədrisinin təkmilləşdirilməsi ilə şagirdlərin kompüter savadlılığı yüksəldiləcək, onların yüksək texnoloji ixtisaslara marağı artırılacaq.

 

Proqramlaşdırma sahəsində ixtisaslı kadr hazırlığına diqqətin artırılması bu sahədə ölkəmizin beynəlxalq miqyasda rəqabətədavamlılıq əmsalını artıracaq. Bu baxımdan inkişaf etmiş ölkələrin məktəb proqramlarının əsas trendi hesab olunan təhsilalanlara  rəqəmsal bacarıqların öyrədilməsi zərurəti ölkəmizin ümumtəhsil şəbəkəsi üçün də mühüm əhəmiyyət kəsb edir.

 

Layihənin icraçısı “Alqoritmika” şirkətinin baş meneceri əmindir: “Azərbaycanda layihənin həyata keçirildiyi bu 1 il bir başlanğıcdır. Bununla informatikanın tədrisini qiymətləndirdik. Növbəti illərdə informatikanın tədrisində yeni yanaşmanı daha çox məktəbdə, daha böyük ərazidə tətbiq etməyi planlaşdırırıq. Bu ərazi sadəcə Bakı ilə məhdudlaşmayacaq, bütövlükdə ölkə məktəblərini əhatə edəcək”.

 

Ruhiyyə DAŞSALAHLI