7-12 yanvar 2021-ci il tarixlərində Qazaxıstanın Almatı şəhərində fizika, riyaziyyat və informatika fənləri üzrə onlayn XVII Beynəlxalq Jautıkov olimpiadası (IZhO) keçirilib. Azərbaycan məktəbliləri bu olimpiadada uğurla çıxış edərək 5 gümüş, 10 bürünc medal olmaqla, ümumilikdə 15 medal qazanıblar.

 

Riyaziyyat fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdi Fidan Qarayeva, həmin liseyin 10-cu sinif şagirdləri Amin Cəfərzadə və Toğrul Abbasov, Bakı şəhəri 220 nömrəli məktəb-liseyin 11-ci sinif şagirdi Yusif Qasımov gümüş medal, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Emil Xəlilov və Muhamed Nuriyev, eləcə də Bakı şəhəri 72 nömrəli məktəb-liseyin 10-cu sinif şagirdi Cavad İsmayılzadə, Bakı şəhəri 117 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Rüstəm Təhməzov bürünc medal qazanıb.

 

Fizika fənni üzrə Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın 11-ci sinif şagirdi Murad Bəşirov gümüş, həmin gimnaziyanın 11-ci sinif şagirdi Sirac Yəhyazadə və Təhsil Nazirliyinin tabeliyindəki Bakı Avropa liseyinin 10-cu sinif şagirdi Fəxriyyə Məmmədova, həmçinin Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin 11-ci sinif şagirdi Ayhan Süleymanzadə bürünc medala layiq görülüb.

 

İnformatika fənni üzrə isə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Emin Orucov, Bakı şəhəri 269 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Amin Cəlilov və Gəncə şəhəri M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Əziz Hüseynov bürünc medal qazanıb. 

 

Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telecom” şirkətinin dəstəyi ilə həyata keçirilir.