Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin təşəbbüsü ilə Azərbaycan Memarlar İttifaqı və “Bakı Abadlıq Xidməti” MMC ilə birgə təşkil olunan “Abşeron qəsəbələrinin memarlıq siması” adlı müsabiqənin birinci mərhələsinə yekun vurulub.

 

Azərbaycan Memarlıq və İnşaat Universitetindən (AzMİU) bildirilib ki, münsiflər heyətinin onlayn formatda keçirilən iclasında müsabiqənin qalibləri müəyyənləşib. Müsabiqənin münsiflər heyətində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavin i İlqar İsbatov, Memarlar İttifaqının sədri Elbay Qasımzadə, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəhbəri Rüfət Mahmud, AzMİU-nun rektoru Gülçöhrə Məmmədova, “Bakı Abadlıq Xidməti” MMC-nin sədri Bünyad Qasımov və başqaları təmsil olunub.

      

Abşeronda son illər aparılan nəhəng quruculuq işlərinə təkan vermək, həmçinin milli incəsənət ruhunu yaşatmaq məqsədilə təşkil olunan və ümumi mükafat fondu 60 min manat olan müsabiqədə iştirak etmək üçün 53 layihə təqdim olunub.  Abşeronun digər qəsəbələrini də əhatə edəcək müsabiqə proqramının ilkin mərhələsində təqdim olunan layihələr Əmircan, Ramana və Pirşağını əhatə edib. Təqdim olunan layihələrin hər biri ayrı-ayrılıqda münsiflər heyəti tərəfindən müxtəlif meyarlar üzrə dəyərləndirilib.  Münsiflər heyətinin qərarı ilə hər qəsəbə üzrə seçilmiş 4 layihənin müəlliflərinə pul mukafatlarının verilməsi nəzərdə tutulub.

           

Xatırladaq ki, 1-ci yerin sahibi 10000 manat və 1-ci dərəcəli diplom, 2-ci yerin sahibi 5000 manat və 2-ci dərəcəli diplom, 3-cü yerin sahibləri (iki yer) isə hər biri 2500 manat və 3-cü dərəcəli diplomla mükafatlandırılıb. Digər iştirakçılara həvəsləndirici hədiyyələr və iştirakçı sertifikatları təqdim edilib.