OECD müəllimlərin fikirləri ilə maraqlanıb
- Dünyanı cənginə alan COVID-19 pandemiyası 2020-ci ildə milli təhsil sistemləri və müəllimlər üçün əsl sınaq dövrü oldu. Müəllimlər pandemiya dövründə nələri öyrəndilər?
- Öz təcrübələrində nələri qazandılar?
- Hansı yeni imkanlarla üzləşdilər ?
Bütün bu suallara cavab tapmaq məqsədilə OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ) UNESCO və "Təhsil üçün müəllimlər - 2030" Beynəlxalq hədəf qrupu ilə birlikdə dünya müəllimlərinin qlobal COVID-19 pandemiyası dövründə öyrənmənin təşkili təcrübələrini araşdırmaq üçün Global Teaching InSights təşəbbüsünə start verib. Bu təşəbbüsün əsas məqsədlərindən biri müxtəlif ölkələr arasında qlobal dialoqun təşviq edilməsidir. Ötən ilin sonlarından başlayaraq müəllimlər pandemiya dövründə öyrəndiklərini, əldə etdikləri təcrübələrini #GlobalTeachingInSights platforması üzərindən bütün dünyadakı həmkarları ilə bölüşmək imkanı qazanıblar. Müəllimlər öz fikirlərini ana və ya ingilis dilində 2 dəqiqəlik videotəqdimatla çatdırıblar.
Yanvarın 20-dək real rejimdə olan platformaya bir sıra ölkələrdən qoşulan bir neçə müəllimin çıxışını oxuculara təqdim edirik.
"Pandemiyanın bu dövründə hamımız innovativ olmalıyıq"
Lui Dasas (Filippin):
- COVID -19 pandemiyası pedaqoji təcrübəmdə məni yeniliklərin tətbiqinə məcbur etdi. Uzaqdan təhsil almaq üçün tədris materialları hazırlamaq məqsədilə həmkarlarımla əməkdaşlıq etdim. Ölkəmdə mövcud olan rəqəmsal boşluğu aradan qaldırmaq üçün kurikulumun təşkili və tətbiqi sahəsində də yeniliklər etdik. Pandemiya dövründə şagirdlərimizin öz evlərində olduğu müxtəlif təhsil vəziyyətlərini də nəzərə aldıq. Biz yeni modulları hazırlamağı və həm onlayn, həm də oflayn versiyaya sahib olmağı düşündük. Beləliklə, bütün şagirdlər tədris modullarının məzmununa bərabər çıxış imkanı əldə edə bildilər.
COVID - 19 məktəblərə meydan oxudu, məktəbləri məsafədən tədrisi aktivləşdirməyə məcbur etdi. Lakin heç bir texnika həvəsli, enerjili müəllimi əvəz edə bilməyəcək. Pandemiya müəllimləri daha çox yeniliklər etməyə çağırdı. Bəli, tədris üçün onlayn vasitələrimiz ola bilər, amma bizim təlimə olan hədsiz coşğumuz hər hansı bir texnologiyadan üstündür. Pandemiyanın bu dövründə hamımız innovativ olmalıyıq. İndiki təcrübəmizi düşünəndə həqiqətən nəyin vacib olduğuna dair əsaslı anlayış əldə etməliyik. Təhsilalanların təhsili və rifahı da vacibdir.
"Öyrəndik ki, texnologiya müəllimləri heç vaxt əvəz etməyəcək..."
Çelebi Kalkan (Türkiyə):
- Türkiyədən salam. Mən ibtidai sinif müəllimiyəm. Pandemiya zamanı ən çox uğur qazandığım innovasiya budur ki, şagirdlərimin sosial-emosional inkişafını dəstəkləmək və karyeranın müxtəlif sahələrini araşdırmaq üçün STEM karyera mentorlarını kurslarıma dəvət etdim. Həmkarlarımla milli və beynəlxalq səviyyədə həyata keçirdiyim "eTwinning" ortaq layihələri bir çox cəhətdən peşəkar inkişafıma kömək etdi. Öyrəndik ki, texnologiya müəllimləri heç vaxt əvəz etməyəcək, lakin bu, dərs proseslərinə birbaşa təsir göstərən müsbət amildir. Əgər planlaşdırma və pedaqogika olmasa, tədris etdiyimiz məzmunla bağlı heç bir texnologiya bizə kömək etməyəcək. Buna görə də gələcəkdə texnologiyanın pedaqogikanı, təhsili, şagirdi dəstəklədiyinə əmin olmalıyıq.
"Təlimi maraqlı etmək üçün daha bir neçə addım atmalısınız"
Sandeera Chavan (Qana):
- Mən Qanada yerləşən “AlRayan” Beynəlxalq Məktəbində işləyirəm. Virtual tədris zamanı uşaqların əyləncəli təhsil ala bilmədiklərini hiss edirdim. Ona görə də mən dərslər arasında fasilədə "Sandy sürpriz" adlı kiçik bir şou təqdim etdim. Orada şagirdlər tapmacalara cavab tapmalı, bir qısa danışıq və bir neçə əyləncəli riyazi tapmacalar yaratmalı idilər. Şagirdlər şounu səbirsizliklə gözləyirdilər. Bu şou məzmunlu tədbirlərdən biri yerli tvi dilinə həsr olunmuşdu. Bu da çox böyük uğur idi. Hesab edirəm ki, onlayn təlimi kiçikyaşlı uşaqlara maraqlı etmək üçün irəliyə doğru daha bir neçə addım atmalısınız.
"Uzaqdan təlim prosesində nə öyrəndim?"
Aliya Andakayeva (Qazaxıstan)
- Mən Nazarbayev İntellektual Fizika-Riyaziyyat Məktəbində fizika müəllimi işləyirəm. Dərs zamanı informasiyanı praktika ilə birləşdirməklə bacarıqların inkişafına diqqət yetirirəm. Həmçinin dərs gedişində əsas işim tələbələrimin çətinliklə cavab verdiyi sualların təhlilinə əsaslanır. Distant təlim zamanı planlaşdırma bacarıqlarımı təkmilləşdirdim və həmkarlarımın iştirakı ilə fənlərarası tədbirlərin həyata keçirilməsini təmin etdim. Bu, xüsusilə, elmi-tədqiqat, layihə işlərinin təşkili və aparılması bacarıqlarımın inkişafına kömək etdi. Uzaqdan təlim prosesində nə öyrəndim? Birincisi, hədəflərimi və öz səylərimi araşdırmağı öyrəndim. İkincisi, tədqiqatlarımın nəticələrini və təcrübələrimi paylaşmağı öyrəndim. Üçüncüsü, tələbələrə və öz müəllimlik fəaliyyətimə konstruktiv rəy verməyi öyrəndim. Gələcəkdə tələbələrimin biliklərini və bacarıqlarını inkişaf etdirmək, təkmilləşdirmək və onları dəstəkləməklə emosional intellektimi inkişaf etdirməyə diqqət yetirəcəyəm.
"Uşaqlarda müsbət ruh, müsbət əhvali-ruhiyyə yaratmağa çalışıram"
Marina Vatt (Honkonq, Çin)
- Mən hazırda COVID-19 -la əlaqədər şagirdlərimlə distant tədrisi davam etdirirəm. Şagirdlərimizı tədqiqatçılığa təşviq etməyə çalışıram. Sizin çoxunuz kimi, mən də pandemik səbəbdən məktəbin bağlanması və davam edən təcrid şəraiti ilə bağlı uşaqlarımızın psixi sağlamlığından narahatam. Beləliklə, pandemiya dövründə pulsuz yükləmək üçün internetdə mövcud olan və uşaqları dəstəkləməyə xidməd edən açıqcalar, kartlar dəsti yaratdım. Bu kartlarda müsbət sözlər və təkliflər yer alıb. Bu kartlar valideynləri də təşviq edə bilər. Kartları ucadan oxumaqla mən uşaqlarda müsbət ruh, yaxşı əhval-ruhiyyə yaratmağa çalışıram. Belə bir çətin dövrdə bu yanaşma uşaqlarda davamlılığı gücləndirməyə kömək edə bilər. Gəlin pozitiv və sağlam qalaq...
Oruc MUSTAFAYEV