Dövlət İmtahan Mərkəzi (DİM) üç mərhələli “Xarici dillər üzrə fənn kurikulumu, tədris və qiymətləndirmə vasitələrinin (ingilis dili) təkmilləşdirilməsinə dəstək” layihəsini Təhsil Nazirliyinin Təhsil İnstitutu ilə birlikdə ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə həyata keçirir. Layihənin əsas məqsədi xarici dil fənn kurikulumunun CEFR standartlarına uyğunlaşdırılması üçün təkliflərin hazırlanması və Təhsil Nazirliyi ilə birgə icrası, dərslik və qiymətləndirmə vəsaitlərinin müvafiq istiqamətdə təkmilləşdirilməsidir.

 

DİM-dən bildirilib ki, layihənin II mərhələsi 11 yanvar – 18 mart tarixlərini əhatə edəcək.

 

Xatırladaq ki, onlayn formada həyata keçirilən layihəyə DİM, Təhsil Nazirliyi, eləcə də Təhsil İnstitutunun xarici dil (ingilis dili) fənn kurikulumu, dərslik və qiymətləndirmə vəsaitləri üzrə mütəxəssisləri cəlb edilib. 24 avqust – 6 oktyabr tarixlərini əhatə etmiş layihənin I mərhələsinin məqsədi xarici dil üzrə fənn kurikulumu, dərslik, qiymətləndirmə vəsaitlərinin təhlili və təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması olub və müvafiq mərhələ çərçivəsində hədəflərə nail olunub.

 

Layihənin II mərhələsinin məqsədi isə intensiv təlim və konsultativ görüşlər vasitəsilə siniflər üzrə kommunikativ danışıq və yazı materiallarını əhatə edən dərsliklərin yazılmasına dəstək göstərməkdir. Qeyd edək ki, hazırda istifadədə olan dərsliklər layihənin I mərhələsi zamanı nəzərdən keçirilib və II mərhələ çərçivəsində iştirakçılar beynəlxalq ekspertin bələdçiliyi ilə dərsliklərin lazımi sahələr üzrə təkmilləşdirilməsi üçün əlavə materiallar hazırlayacaqlar.

 

Layihənin eksperti Kaliforniya Dövlət Universitetinin professoru Neytn Kardır və DİM tərəfindən ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə reallaşdırılmış “Müəllimlər üçün intensiv peşəkar inkişaf və konsultasiya” layihəsinin də eksperti olub. Neytn Kar DİM-in buraxılış və xarici dil fənni üzrə doktoranturaya qəbul imtahanlarının təkmilləşdirilməsi ilə bağlı da Mərkəzə öz töhfəsini verib.