Geologiya və Geofizika İnstitutunun (GGİ) Elmi şurasının Yer Elmləri Bölməsi ilə birgə 2020-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunan onlayn illik hesabat iclası keçirilib.

 

GGİ-nin  direktoru, akademik Akif Əlizadə erməni işğalından azad edilmiş torpaqlarla bağlı institutun  elmi proqramlarının  mövcudluğunu və  qarşıda onları səylə yerinə yetirmək kimi şərəfli bir missiyanın durduğunu bildirib.

 

Sonra GGİ-nin elmi işlər üzrə direktor müavini Dadaş Hüseynov  2020-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətin hesabatını təqdim edib. Bildirilib ki, institutda elmi-tematik plan üzrə tədqiqatlar 10 mövzunu və 10 elmi-tədqiqat işini əhatə etməklə, 3 problem üzrə aparılıb, 2 elmi-tədqiqat işi başa çatdırılıb. “Geoloji mühitin müasir geodinamikanı nəzərə alan Berç diaqramları” (akademik H.Quliyev) elmi-tədqiqat işi çərçivəsində qeyri-xətti geomexanikaya əsaslanaraq “Yerin ilkin etalon modeli”nin düzgün olmaması nəzəri tədqiqatlarla sübut edilib, seysmoloji və materiallar fizikası məlumatları əsasında geomexanikanın yeni yanaşması baxımından tədqiq edilməsi göstərilib.

 

“Azərbaycanın geotermal atlası və geotermal enerji resursları kadastrının tərtib edilməsi” (g.-m.e.d. A.Ş.Muxtarov) elmi-tədqiqat işi başa çatıb. Atlasda Azərbaycan ərazisində, Xəzər dənizi akvatoriyasının Azərbaycan sektorunda aparılmış geotermal tədqiqatların nəticələri əksini tapıb. Hazırda quruda və dəniz akvatoriyasında yerləşən neftli-qazlı rayonlarda 130-dan çox lokal struktur geotermik tədqiqatlarla əhatə olunub.

 

İşğaldan azad olunmuş Qarabağ ərazisinin yeraltı və yerüstü sərvətlərinin mövcud vəziyyətini təftiş etmək, təbii ehtiyatlarını qiymətləndirmək, müasir texnologiyadan istifadə etmək məqsədilə hesabat ilində 3 elmi-tədqiqat işinin proqramı təsdiq olunub. İnstitutun əməkdaşları, həmçinin “Azərbaycanın su mənbələrinin qiymətləndirilməsi, qorunması və su ehtiyatlarının səmərəli idarə edilməsinə dair 2021-2024-cü illər üzrə Dövlət Proqramı"nın layihəsini hazırlayıblar.

 

Hesabat məruzəsində qeyd edilib ki, Coğrafiya, Botanika, Zoologiya institutları və Respublika Seysmoloji Xidmət Mərkəzi əməkdaşlarının, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin alim və mütəxəssislərinin də cəlb olunduğu alimlər qrupu tərəfindən “Qarabağın təbii ehtiyatları atlası” hazırlanaraq çapa təqdim edilib.

 

Hesabat ilində beynəlxalq əməkdaşlıq çərçivəsində aparılan elmi tədqiqatlar, qrant layihələrinin icrası,elm və təhsilin inteqrasiyası, kadr hazırlığı, gənc alim və mütəxəssislər şurasının  fəaliyyəti, tədbirlərdə iştirak və elmi nailiyyətlərin təmsil olunması, beynəlxalq konfrans və seminarlar, sosial sferada fəaliyyət və digər fəaliyyət sahələri üzrə görülən işlər barədə müfəssəl  məlumat verilib.

 

Həmçinin institutun elmi tematikasının  prioritet istiqamətləri nəzərə çatdırılıb, müəssisənin strukturunda yeni yaradılan “Bərpa olunan enerji mənbələri” və “Mineral xammalın tətbiqi texnologiyası” müştərək fənlərarası elmi-tədqiqat laboratoriyaları çərçivəsində aparılacaq gələcək tədqiqatlardan danışılıb.

 

Sonda hesabat ətrafında geniş müzakirələr aparılıb, çoxsaylı suallar cavablandırılıb və hesabat qəbul edilib.