Şagirdlər, abituriyentlər otk.az portalında 5-11-ci sinif dərsliklərinin hər bir mövzusuna dair biliklərini yoxlaya bilərlər
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən otk.az portalı vasitəsilə müxtəlif növ onlayn sınaq imtahanları keçirilir.
DİM-dən bildirilib ki, istifadəçilər portalda fənlər və siniflərin hər bir mövzusu üzrə sınaq imtahanları vermək imkanına da malikdirlər.
Bu onlayn test bankında, ümumilikdə 28535 test tapşırığı toplanıb.
Abituriyentlər (şagirdlər) bütün fənlər üzrə 5-11-ci sinif dərsliklərinin (Azərbaycan dili və riyaziyyat fənni üzrə isə 4-11-ci siniflər) mündəricatında olan hər bir mövzu üzrə sınaq imtahanından (hər imtahanda 10 test tapşırığı olmaqla) və həmin sinif üzrə 5 qiymətləndirmə sınağından (hər imtahanda 20 test tapşırığı olmaqla) istifadə etməklə hazırlıq səviyyələrini yoxlaya bilərlər.
İmtahana yazılan fənnin materialları 1 il aktiv olur. Bu müddət ərzində abituriyentlər (şagirdlər) tapşırıqlara, öz cavablarına və tapşırıqların düzgün cavablarına baxa bilərlər.
Portalda qeydiyyat , ödəniş və imtahanlara yazılmaqla bağlı təlimatlarla otk.az portalının Təlimatlar bölməsində tanış olmaq mümkündür.