Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən onlayn videotəqdimat müsabiqəsinə start verilib.
“Vətənin qəhrəman oğulları” adlı onlayn videotəqdimat müsabiqəsi BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin VII-IX sinif şagirdləri arasında keçirilir.
Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Vətənin bütövlüyü uğrunda canından keçmiş Azərbaycanın igid oğullarının xatirəsini əbədiləşdirmək, xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq və onların yaradıcı təfəkkürünün inkişaf etdirilməsinə dəstək verməkdən ibarətdir.
Müsabiqə iştirakçıları “Vətənin qəhrəman oğulları” başlığı altında təqdimatla çıxış edəcək. Çıxışlar 10 yanvar 2021-ci il tarixinədək video formatında BŞTİ-nin mk@baku.edu.gov.az elektron poçt ünvanına göndərilməlidir.
Videotəqdimat göndərilərkən müsabiqəyə qatılan iştirakçının özü haqqında şəxsi məlumatların (adı, soyadı, atasının adı, doğum tarixi, əlaqə nömrəsi, oxuduğu təhsil müəssisəsinin və ya məşğul olduğu məktəbdənkənar təhsil müəssisəsinin adı, bir ədəd fotoşəkil) qeyd olunması mütləqdir.
Hər iştirakçı müsabiqəyə yalnız 1 videotəqdimatla qatıla bilər. Videotəqdimat 5 dəqiqədən artıq olmamalıdır.
Videotəqdimatlar Münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qiymətləndirilmə zamanı sərbəstlik, söz ehtiyatının zənginliyi, dolğun və əhatəli məzmun, irəli sürülən fikirlərin faktlarla əsaslandırılması əsas meyarlar kimi götürüləcək.
Müsabiqənin yekununda ümumilikdə 6 iştirakçı (1 nəfər-I yer, 2 nəfər-II yer, 3 nəfər-III yer) qalib seçiləcək.
Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr təqdim olunacaq. 5 nəfər isə fəal iştirakına görə “Tərifnamə” ilə təltif olunacaq.