Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) tərəfindən "K-İnnovasiyalar ODA Proqramı (Azərbaycan) 2020" adlı onlayn məlumatlandırma seminarı keçirilib.

 

Tədbirdə ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkının (YT PARK ) direktoru V.Abbasov, direktor müavini Z.Nəhmətov və Rəyasət Heyətinin Xarici əlaqələr idarəsinin Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri B.Seyidov təmsil edib.

 

Onlayn tədbiri STEPI-nin Qlobal İnnovasiya Strategiyası bölməsinin baş direktoru Vandonq Kim açaraq seminarın işinə uğurlar diləyib.

 

Tədbirin açılış mərasimində çıxış edən Texnoparkın direktoru V.Abbasov Azərbaycanda informasiya texnologiyalarının, xüsusilə rəhbərlik etdiyi qurumun gələcək inkişafı naminə göstərdikləri dəstəyə görə STEPI rəhbərliyinə təşəkkür edib. Direktor Cənubi Koreyanın informasiya texnologiyaları sahəsində əldə etdiyi nailiyyətlərin onu dünyanın lider ölkələrindən birinə çevirdiyini vurğulayıb. O, elm və texnologiya sahəsində tədqiqatlar üçün qlobal düşüncə platformasını genişləndirərək milli rəqabət qabiliyyətini inkişaf etdirməyi hədəfləyən STEPI-nin bu sahədə əldə etdiyi qabaqcıl təcrübəni bölüşmək istəyini yüksək qiymətləndirib.

 

V.Abbasov rəhbərlik etdiyi qurum barədə ətraflı məlumat verərək bildirib ki, YT Park yüksək texnologiyaların hazırlanması və işlənilməsi məqsədilə elmi tədqiqatların, təcrübə-konstruktor işlərinin aparılması, eləcə də onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi üçün zəruri infrastruktura, maddi-texniki bazaya malikdir.

 

“STEPI ilə əməkdaşlıq AMEA-nın rəhbərliyi səviyyəsində dəstəklənir”, – deyə direktor Texnopark ilə STEPI arasında mövcud olan faydalı və məhsuldar əməkdaşlıq təcrübəsindən bəhs edib. V.Abbasov, həmçinin əməkdaşlıq çərçivəsində 2019-2020-ci illəri əhatə edən “Azərbaycanda texnologiya transferi və elmin kommersiyalaşdırılmasının təşviqi” layihəsi barədə məlumat verib, il ərzində görülən işləri diqqətə çatdırıb. Bildirib ki, texnologiya transferi və elmin kommersiyalaşdırılması sahəsində STEPI-nin YT Parkla bölüşdüyü təcrübə, o cümlədən Texnoparkın fəaliyyətinin təkmilləşdirilməsində Koreya modelinin tətbiqi Parkın gələcək inkişafı üçün böyük önəm kəsb edir.

 

Çıxışının sonunda V.Abbasov 2022-2024-cü illəri əhatə edəcək “Azərbaycanda AMEA YT Parkının əməliyyat proqramı: tətbiq və bacarıqların artırılması” adlı layihənin də sıx əməkdaşlıq şəraitində uğurla həyata keçiriləcəyinə inamını ifadə edib.

 

Tədbirdə “Azərbaycanda texnologiya transferi və elmin kommersiyalaşdırılmasının təşviqi” layihəsinin yekun hesabatı təsdiq edilib.