Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün “Abituriyent” jurnalının xüsusi buraxılışında oxuculara müraciət edib.

 

M.Abbaszadə xatırladıb ki,  2016-cı ildə Dövlət İmtahan Mərkəzi Təhsil Nazirliyi ilə birgə şagirdlər üçün ümumi orta təhsil bazasında buraxılış imtahanlarının yeni keçirilmə qaydalarını işləyib hazırlayıb.

 

“2017-ci ildə ilk dəfə olaraq, kurikulumların tələblərinə uyğun şəkildə IX siniflərin yekun qiymətləndirilmə (attestasiya) imtahanlarında şagirdlərin mətn üzərində iş qabiliyyəti: mətnin əsas ideyasını və mətndə təsvir edilən hadisələrin səbəb-nəticə əlaqələrini müəyyənetmə, mətnin kontekstinə uyğun olaraq sözlərin mənasını izahetmə, həmçinin həndəsi qurmalardan istifadə edərək riyazi məsələləri həlletmə, müxtəlif həyati situasiyalarda tənliklərin qurulması kimi riyazi vərdişlərdən istifadə və s. bacarıqları yoxlanılıb”-deyə Direktorlar Şurasının sədri 2017 – 2020-ci illərdə keçirilmiş buraxılış imtahanlarının nəticələri əsasında elmi-statistik məlumatlarla zəngin informasiya bazasının  toplandığını, 2020-ci ildə keçirilmiş buraxılış imtahanları ilə tətbiq olunan imtahan modelinin kurikulumun tələblərinə və dərsliklərin məzmununa tam uyğun gəldiyinin təsdiq edilməsini vurğulayıb.

 

“9-cu sinif məzunları modellə artıq ümumi təhsil pilləsində təhsilalanların biliklərinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanlarından tanış idilər. İmtahanların məzmunu, o cümlədən qiymətləndirilən standartların siyahısı Təhsil Nazirliyinin mütəxəssislərinin də iştirak etdiyi işçi qrup tərəfindən müəyyən edilmiş, bu standartların ölçülməsi üçün müvafiq qiymətləndirmə çərçivəsi işlənib hazırlanmışdır... “Abituriyent” jurnalının bu sayında sizə IX sinif üzrə 2021-ci il buraxılış imtahanı fənlərinin СОVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin qaydalarının tədris prosesinə bilavasitə təsiri nəzərə alınaraq tərtib edilmiş proqramları və yeni tapşırıq modellərinin variantları təqdim olunur. 2021-ci ildə 9-cu siniflər üzrə buraxılış imtahanları yeni imtahan modeli əsasında bir mərhələdə həyata keçiriləcək. Yeni imtahan modelinə uyğun olaraq imtahanda şagirdlərə həm açıq, həm də qapalı tipli tapşırıqlar təqdim olunacaq. Jurnalda həmçinin dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün tapşırıq nümunələri verilmiş, DİM-in saytında isə müvafiq audiofayllar yerləşdirilmişdir (http://dim.gov.az/news/2504/). Hər kəs bu faylları öz telefonuna və ya kompüterinə yükləyib qulaq asmaqla jurnalda verilən tapşırıqları yerinə yetirə bilər”-deyən M.Abbaszadə abituriyentləri DİM-in “Abituriyent” jurnalı, rəsmi saytı  və sosial şəbəkə səhifələri vasitəsilə materiallarla yaxından tanış olmağa çağırıb.