Təhsildə Keyfiyyət Təminatı Agentliyinin əsas fəaliyyət istiqamətlərindən biri xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasının həyata keçirilməsidir. Cari ildə Agentlik tərəfindən, ortalama icra müddəti 30 gün olmaqla, tanınma ilə bağlı 3000-ə qədər müraciətin icraatı yekunlaşdırılıb, başqa sözlə, 20000-ə qədər sənədin ekspertizası həyata keçirilib. İl ərzində daxil olmuş müraciətlərin 80 faizinin icrası müsbət qərarla yekunlaşıb.

 

Agentlik xarici kvalifikasiyaların tanınması sahəsində vətəndaşlara göstərdiyi xidmətin keyfiyyətini daha da yüksəltmək üçün mütəmadi olaraq təkmilləşdirmələr həyata keçirməkdədir. Belə ki, son dövrdə bu istiqamətdə görülmüş işlər çərçivəsində digər dövlət qurumlarının məlumat bazaları ilə qarşılıqlı inteqrasiya təmin olunub, elektron ərizə sistemi funksionallıq və istifadəçi rahatlığı baxımından təkmilləşdirilib, vətəndaşlar üçün müxtəlif növ elektron arayışların əldə olunması imkanı yaradılıb, xarici ali təhsil müəssisələrinə və aidiyyəti qurumlara göndərilən sorğuların sayı minimuma endirilib. Nəticə olaraq, vətəndaşların müraciətlərinə baxılmasında şəffaflıq, məlumatlılıq və yüksək müştəri məmnuniyyətinin təmin olunmasına, sənədlərin emalında operativliyə və insan faktorunun minimuma endirilməsinə nail olunub. Qeyd olunan tədbirlərin əsas nəticəsi olaraq, tanınma ilə bağlı daxil olmuş müraciətlərin icra müddəti əvvəlki dövrlə müqayisədə 3 dəfəyə qədər azalıb.

 

Əlavə olaraq, Agentlik son dövrdə mütəmadi olaraq ekspert bazasını gücləndirib və aidiyyəti sahədə fəaliyyət göstərən Avropanın qabaqcıl qurumları ilə əməkdaşlıq əlaqələrini inkişaf etdirib. Görülən işlərin davamı olaraq, növbəti ildən ali təhsil pilləsi (bakalavriat və magistratura səviyyələri) ilə yanaşı, ali təhsil pilləsinə daxil olmaq hüququ verən təhsil sənədlərinin (attestat, subbakalavr və s.) də tanınmasının həyata keçirilməsi və vətəndaşların rahatlığı baxımından bir çox yeniliklərin tətbiqinə başlanılması nəzərdə tutulur.

 

Agentliyin tanınma ilə bağlı digər fəaliyyət istiqaməti vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınmasının həyata keçirilməsidir. Bununla əlaqədar olaraq ilk dəfə cari ilin sentyabr ayında Gəncə şəhərində “quru inşaat” ixtisası üzrə pilot qaydada qiymətləndirmə prosesi həyata keçirilib və müsabiqə qalibləri müvafiq modul üzrə sertifikatlarla təltif olunub. Hazırda bir sıra digər modullar üzrə imtahanlar həyata keçirilməkdədir (Cari ildə 20 nəfər “bərbər” ixtisası üzrə bilik imtahanından keçib). Növbəti ilin əvvəlindən başlayaraq bu sahədə vətəndaşlara göstərilən xidmətin keyfiyyəinin yüksəldilməsi, ekspert bazasının təkmilləşdirilməsi və prosesin elektronlaşdırılması istiqamətində müvafiq işlərin görülməsinə başlanılacaq.

 

Agentlik tərəfindən qeyd olunan sahələr üzrə proseslərin təkmilləşdirilməsi və vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər növbəti dövrdə də davam etdiriləcək. Son dövrdə bu istiqamətdə atılmış və növbəti dövrdə atılacaq addımlar ölkəmizin Avropa Ali Təhsil Məkanına inteqrasiyasının sürətləndirilməsinə, akademik mobilliyin yüksəldilməsinə, ölkəmizdə əmək bazarına daxil olan ixtisaslı kadrların sayının artmasına, aidiyyəti sahələrdə vətəndaş məmnunluğunun yüksəldilməsinə və bu kimi digər önəmli nailiyyətlərin əldə olunmasına əhəmiyyətli dərəcədə töhfə verəcək.