Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) distant tədrisin və imtahanların təşkilində keyfiyyətin daha da artırılması məqsədilə rektor, professor Ədalət Muradov və UNEC-in İctimai Nəzarət Şurasının üzvləri ilə onlayn müzakirələr aparılıb.

 

İctimai Nəzarət Şurasının üzvlərinə  universitetdə distant təhsilin tədrisində tətbiq olunan yeniliklər barədə məlumat verilib. Bildirilib ki, tədrisdə keyfiyyətin artırılması məqsədilə dərslər modul sisteminə uyğun olaraq keçirilir və semestrlər 4 modulla əvəzlənib. Hər modulun sonunda isə imtahanlar təşkil olunur. UNEC-də dərslərə davamiyyətin sərbəst olduğunu nəzərə alaraq, tələbələrin dərslərdə fəallığını artırmaq və tədrisə cəlb olunmasını motivasiya etmək məqsədilə  seminarlarda 20 bal qazanmaq imkanının yaradıldığı diqqətə çatdırılıb. Sistemin tətbiqindən sonra tələbələrin könüllü olaraq dərsə davamiyyətində ciddi artımın olduğu vurğulanıb.

 

Texniki və texnoloji ixtisaslar üzrə virtual laboratoriyaların yaradıldığı və tələbələrin istənilən qədər təcrübə aparmaq imkanlarının olduğu  bildirilib, gələcəkdə laboratoriyaların sayının artırılacağı qeyd edilib.

 

Daha bir yenilik isə elektron kitabxana ilə bağlıdır. Tələbələr istənilən zaman elektron kitabxana xidmətindən istifadə edərək, lazım olan dərs və dərs vəsaitləri ilə tanış olur,  eləcə də müxtəlif beynəlxalq bazalara, resurslara çıxış imkanı əldə edirlər.

 

UNEC-də xarici dilin tədrisində də yeni standartların tətbiq olunduğu şura üzvlərinin diqqətinə çatdırılıb. Belə ki, xarici dilin tədrisinin 2 ilə qədər artırıldığı və tədrisin dinləmə, danışma, yazma, oxuma bacarıqları üzərində qurulduğu qeyd edilib. Gələcəkdə bir neçə fənnin tədrisinin xarici dildə tədris olunmasının nəzərdə tutulduğu bildirilib.

 

Növbəti yenilik isə üçüncü moduldan etibarən xaricdə fəaliyyət göstərən tanınmış professorların tədrisə cəlb olunması ilə əlaqədardır.

 

Distant dərslərdə keyfiyyətə nəzarətin təşkili məqsədilə ikinci moduldan etibarən bütün fakültələr üzrə monitorinq qruplarının yaradıldığı bildirilib. Müəllimlərin tədris zamanı texniki və texnoloji biliklərinin artırılması məqsədilə peşəkar mütəxəssislər tərəfindən çoxsaylı təlimlərin keçirildiyi, hazırda isə DİM nümayəndələri tərəfindən imtahan testlərinin düzgün hazırlanması metodikasına dair 5 günlük təlimlərin başladığı və təlimlərin canlı olaraq UNEC-in rəsmi Facebook səhifəsi üzərindən yayımlandığı vurğulanıb.

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov UNEC-dəki yenilikləri alqışlayaraq, modul sistemin tətbiqinin tələbələrin fəallığının artırılması və tədrisə cəlb edilməsi baxımından çox faydalı olduğunu deyib.

 

Millət vəkili Etibar Əliyev distant təhsilin İKT sisteminin tətbiqini daha da sürətləndirdiyi və UNEC-in bu istiqamətdə ali təhsil müəssisələri arasında öndə olduğunu, keyfiyyətli distant təhsil modelinin yaradılması məqsədilə pilot ali məktəbin seçilməsinin faydalı olacağını  diqqətə çatdırıb. Millət vəkili ölkədə distant təhsil mədəniyyətinin formalaşdırılmasının vacibliyindən də danışıb. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz UNEC-də tətbiq olunan modul sisteminin distant təhsildə daha çevik  və daha effektiv yanaşma olduğunu söyləyib.

 

Millət vəkili Arzu Nağıyev distant təhsilin təkmilləşdirilməsi istiqamətində tətbiq olunan yeniliklərin müsbət nəticələr verəcəyinə əminliyini bildirib, ölkədə distant təhsilin tətbiqi zamanı yaranan sosial problemləri və onların həlli yollarını açıqlayıb.

 

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev seminar balının verilməsini, xarici dilin tədrisində yeni standartların tətbiqini, eləcə də elektron kitabxana xidmətinin fəaliyyətini yüksək qiymətləndirib. O, testlərin hazırlanması və test bankının formalaşdırılması ilə bağlı xarici təcrübəni paylaşıb.

 

Parlament Jurnalistləri Birliyinin sədri, “Modern” Media Qrupunun baş direktoru Elşad Eyvazlı isə distant təhsillə bağlı ictimaiyyətin maarifləndirilməsinin vacibliyindən danışıb.

 

Görüş müzakirələrlə davam edib.