Bakı Dövlət Universiteti (BDU) ilə Özbəkistanın Daşkənd Dövlət Şərqşünaslıq Universiteti arasında elm və təhsil sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb.

 

BDU-dan bildirilib ki, müqavilə iki ölkəni təmsil edən universitetlər arasında elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, eyni zamanda iki universitet arasında akademik mübadilə imkanlarının inkişafının təmin edilməsi, elmi-tədqiqat işlərinin birgə həyata keçirilməsi məqsədilə imzalanıb.

 

Zoom proqramı üzərindən təşkil olunan imzalanma mərasiminin moderatoru, şərqşünaslıq fakültəsinin dekan müavini Nigar İsmayılzadə görüşün əhəmiyyətindən danışıb.

 

Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin rektoru Gülçöhrə Rixşiyeva qarşılıqlı maraq doğuran məsələlərdən bəhs edərək imzalanan müqavilənin həm tələbə və professor-müəllim heyəti, həm də hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa təkan verəcəyini diqqətə çatdırıb.

 

Universitetin beynəlxalq əlaqələrindən, dünyanın müxtəlif təhsil, elm ocaqları ilə birlikdə qrant və proqramlar üzərində işlədiyindən danışan rektor Azərbaycanla Özbəkistan arasında olan dostluq, qardaşlıq əlaqələrindən də söz açıb, qarşılıqlı mübadilələrin həyata keçiriləcəyindən məmnunluq ifadə edib.

 

BDU-nun rektoru Elçin Babayev universitetin fəaliyyəti, buradakı mövcud təhsil və tədris prosesi haqqında qonaqlara ətraflı məlumat verib. O, Özbəkistanla Azərbaycan arasında xüsusilə təhsil sahəsindəki ikitərəfli geniş və qarşılıqlı faydalı əlaqələrə diqqət çəkib. BDU-da tələbələrin, doktorantların bilik və bacarıqlarını artırması üçün hər cür şərait yaradıldığını qeyd edən rektor, ümumiyyətlə ölkəmizdə son illər elm-təhsil sahəsində görülən işlərdən, nailiyyətlərdən də söz açıb.

 

Sonra BDU-nun rektoru Elçin Babayev və Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin rektoru Gülçöhrə Rixşiyeva müqaviləni imzalayıblar.

 

Müqavilə tələbə, tədqiqatçı və doktorantların mübadiləsi, professor və müəllim heyətinin elmi sahədə ixtisaslarının artırılmasına qarşılıqlı yardım, birgə simpozium, seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin birgə iştirakını nəzərdə tutur. Müqaviləyə həmçinin, ortaq proqram, kurs və tədris planlarının hazırlanması, ortaq tədqiqat layihələri üzrə əməkdaşlıq, birgə tədris fəaliyyətinin təşkili daxildir. 

 

Bağlanmış ikitərəfli müqavilənin şərtlərinə görə, tərəflər birgə mədəni proqramlar və fəaliyyətlərin təşkili, tələbələr, akademik kadrlar və inzibati kadrlar üçün ortaq təlim proqramlarının həyata keçirilməsi, eyni zamanda, tələbə, magistrant, doktorant, tədqiqatçı, akademik və inzibati kadrların mübadiləsi, magistrant, doktorant və dissertantlara hər iki universitetdən elmi rəhbərlərin təyin olunması məsələlərini  öhdəsinə götürür.

 

Qeyd edək ki, müqavilə 5 il müddətinə imzalanıb.