Dekabrın 25-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşəbbüsü ilə “İşğaldan azad edilmiş ərazilərdə gənclərin dayanıqlı və fərdi inkişafı” mövzusunda videokonfrans keçirilib.

 

YAP Gənclər Birliyinin sədr müavini, Milli Məclisin deputatı Ramin Məmmədov ölkəmizdə uğurlu dövlət gənclər siyasətinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, dayanıqlı inkişaf məqsədlərində, işğaldan azad edilmiş ərazilərin quruculuğunda gənclərin iştirakı vacib amildir.

 

Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov bildirib ki, hazırda qarşıda dayanan ən mühüm vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərimizin bərpasıdır və bu prosesdə Azərbaycan gəncliyi də fəal iştirak etməlidir.

 

Milli Məclisin deputatı Nigar Arpadari vurğulayıb ki, işğaldan azad edilmiş rayonların zəngin resursları, yaradılacaq yeni infrastruktur həmin ərazilərdə yaşayan insanların, o cümlədən gənclərin rifahına öz müsbət təsirini göstərəcək.

 

Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, işğaldan azad edilmiş ərazilərdə təhsilin inkişafı ilə bağlı tədbirlər xüsusi əhəmiyyət kəsb edir. İlk növbədə işğaldan azad olunmuş ərazilərdəki təhsil ehtiyacları müəyyənləşdirilməli, mövcud təhsil infrastrukturunun vəziyyəti qiymətləndirilməli və fəaliyyətinin təşkili ilə bağlı planlar hazırlanmalıdır. Nazir müavini məlumat verib ki, işğaldan azad edilmiş ərazilərdə işğaldan əvvəl ümumilikdə 259 məktəbəqədər təhsil, 673 ümumi təhsil, 40 məktəbdənkənar, 14 peşə təhsili, 7 orta ixtisas təhsili olmaqla 993 təhsil müəssisəsi fəaliyyət göstərib. 

 

Firudin Qurbanov çıxışında 17 dayanıqlı inkişaf məqsədindən biri olan “Ədalətli, keyfiyyətli və hamını əhatə edən təhsilin təmin edilməsi, hamı üçün bütün ömrü boyu oxumaq imkanlarının dəstəklənməsi” məqsədilə  bağlı müəyyənləşdirilmiş hədəflər üzrə əldə edilmiş nailiyyətlər barədə də məlumat verib. Qeyd edib ki, Azərbaycanda təhsil sistemində aparılan islahatlar, həyata keçirilən tədbirlər nəticəsində 15 və yuxarı yaşda olan əhalinin savadlılıq səviyyəsi, ibtidai təhsilə nail olma səviyyəsi, ibtidai təhsili başa vurma səviyyəsi, təhsilini I sinifdən başlamaqla V sinifə qədər başa vurmuş şagirdlərin xüsusi çəkisi, demək olar ki, 100 faizə çatdırılıb. Nazir müavini əlavə edib ki, növbəti illərdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması ilə bağlı “Azərbaycan təhsilinin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq işlər davam etdiriləcək. Strategiyanın məqsədi ölkəmizin modernləşdirilməsi üçün zəruri olan insan kapitalını inkişaf etdirmək və bununla Azərbaycanın beynəlxalq rəqabət qabiliyyətini yüksəltməkdən ibarətdir.

 

Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev isə deyib ki, gənclərimiz cəmiyyətimizin aparıcı qüvvəsi olaraq işğaldan azad edilmiş ərazilərimizin bərpasında da fəal iştirak edəcəklər. Eyni zamanda, həmin ərazilərimizdə yaşayışın bərpa olunması, həyatın canlanması gənclərin dayanıqlı və fərdi inkişafına əhəmiyyətli təsirini göstərəcək.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva da çıxış edərək işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işləri istiqamətində tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. O, bu istiqamətdə təmsil etdiyi qurumun üzərinə düşən vəzifələrdən bəhs edib, bu məqsədlə layihələrin nəzərdə tutulduğunu söyləyib.

 

Sonda videokonfrans iştirakçılarının sualları cavablandırılıb.