“Media könüllüləri-145” layihəsinin təlimləri uğurla davam edir. Türkiyənin NTV kanalının xəbər aparıcısı, Nişantaşı Universitetinin müəllimi Seda Öğretir və Nişantaşı Universitetinin digər müəllimi Hamdi Arslan Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin tələbələri ilə görüşüb.
Bu barədə BDU-dan bildirilib.
İlk seminar-təlimdə Seda Öğretir tələbələrin "Onlayn media"nın sürətlə inkişaf etdiyi bir çağda tele-jurnalistlər müasir zamanın nəbzini necə tutmalı? Xəbər aparıcısı necə olmalı? Gözəl nitqə necə sahib olmaq olar? və s. kimi suallarını cavablandırıb.
S.Öğretir, həmçinin ənənəvi media sayılan tele-jurnalistikanın "yeni media"ya transformasiya olunmasından bəhs edib.
S.Öğretir xəbər aparıcılarının özəlliklərini də vurğulayıb. Onun fikrincə, xəbər aparıcısı gözəl olmaya bilər, amma baxımlı, səliqəli olmalıdır. Xanım aparıcılar izləyicini özünə yox, xəbərə cəlb etməlidir:” Qırmızı dodaq boyası, gözqamaşdırıcı aksessuarlardan istifadə etmək izləyicinin fikirini xəbərdən yayındırır”.
Seminarda Hamdi Arslan isə telexəbərdə qrafiklərdən istifadə haqqında danışıb və tələbələrin bir sıra suallarını cavablandırıb.
Qəzetlərdə, kitablarda oxucuları cəlb etmək üçün bəzəkli qrafik elementlərdən, şrift stillərindən istifadənin doğru olmadığını, dizaynın yox, əsas mövzunun oxucunu cəlb etməli olduğunu qeyd edib. Türk maqazin mediasında belə hallara çox rast gəlindiyini söyləyib.
Qeyd edək ki, "Media könüllüləri-145" layihəsi Azərbaycan Milli Mətbuatının yaranmasının 145 illiyinə və "Könüllülər ili"nə həsr olunub. Layihənin rəhbəri Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlıdır. Layihənin əsas məqsədi tələbə jurnalistlərin xarici mediaya inteqrasiyasını təmin etmək və bu vasitə ilə Azərbaycanın haqq səsini dünyaya çatdırmaq, onların bilik və bacarıqlarını artırmaq, cəmiyyət üçün həssas, ciddi sahə olan jurnalistika sahəsində peşəkar addımlamalarına təkan verməkdir.
Layihədə BDU-nun 145 tələbəsi iştirak edir.
Bundan öncə tələbələrə tanınmış savaş müxbiri İrfan Sapmaz hərbi jurnalistika təlimi keçib və təlim iştirakçılarına sertifikatlar təqdim olunub.
Digər görüş isə jurnalistikanın məşhur simalarından olan Bülent Çöltekin ilə təşkil edilib.
Bu dəfəki təlimlərdə müəllimlərin dərsləri barədə mətbuatda, sosial şəbəkələrdə çıxış edən tələbələrdən ən yaxşı 10 yazı müəllifi Nişantaşı Universitetinin jurnalistika fakültəsinin onlayn dərslərinə qatılmaq imkanı əldə edəcək.
Layihə çərçivəsində növbəti təlimlər SMM işi (sosial media meneceri) ilə bağlı olacaq.