16-22 dekabr tarixlərində Moskva şəhərinin təşkilatçılığı ilə virtual formada V Beynəlxalq Meqapolislər Olimpiadası keçirilib.

 

Dünyanın 31 meqapolisinin iştirak etdiyi və fizika, kimya, riyaziyyat, informatika fənləri üzrə təşkil edilən beynəlxalq olimpiadada məktəblilərimiz uğurla çıxış edərək ümumilikdə 7 medal qazanıb.

 

Belə ki, riyaziyyat fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin X sinif şagirdləri Amin Cəfərzadə  və Toğrul Abbasov gümüş medal əldə edib. Fizika fənni üzrə Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın XI sinif şagirdləri Sirac Yəhyazadə və Murad Bəşirov, kimya fənni üzrə BDU-nun nəzdində "Gənc İstedadlar" liseyinin X sinif şagirdi Nəriman Şirinli və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi  Xanım Yaqublu, informatika fənni üzrə Bakı şəhəri 269 nömrəli tam orta məktəbin XI sinif şagirdi  Amin Cəlilov isə bürünc medala layiq görülüb.

 

Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq dərsləri “Azercell” Telekom şirkətinin dəstəyi ilə həyata keçirilir.