Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) yuxarı kurs tələbələri və universitetin məzunları üçün IX Məzun-Karyera Sərgisi keçirilib. Onlayn formatda keçirilən sərgidə 56 dövlət qurumu və özəl şirkət tərəfindən 233 vakant iş yeri təqdim olunub.

 

ADNSU-da müasir sənaye və iqtisadiyyatın tələblərinə uyğun kadrların yetişdirildiyini söyləyən universitetin rektoru Mustafa Babanlı Məzun-Karyera sərgilərinin gənc mütəxəssislərin birbaşa şirkət nümayəndələri ilə təmas qurmasında və işlə təmin edilməsində mühüm platfotrma olduğunu diqqətə çatdırıb. O, koronavirus epidemiyasının geniş yayılması və bununla bağlı ölkədə görülən qabaqlayıcı tədbirlərə uyğun olaraq universitetdə tədrisin onlayn formatda keçirildiyi, eyni zamada ADNSU-nun İT sahəsində indiyə qədər əldə etdiyi təcrübənin onlayn tədrisin keyfiyyətinə müsbət təsir etdiyini deyib. Bununla belə, tələbə və məzunların işlə təmin olunmasının hər zaman diqqətdə saxlanıldığı və bu istiqamətdə atılan addımlardan biri olaraq Məzun-Karyera sərgilərinin mühüm rol oynadığını vurğulayıb.

 

Sərgidə iştirak edən şirkətlər və dövlət qurumlarından Energetika Nazirliyinin Dövlət Qulluğu sektorunun müdiri Xəyalə Qurbanova, Qida Təhlükəsizliyi Agentliyinin Kadrlar şöbəsinin müdiri Zaur İsmayılov, “Azərenerji” ASC-nin İnsan Resursları Departamentinin mütəxəssisi Çinarə Qurbanova, “AzərGold” QSC-nin İnsan Resursları üzrə aparıcı mütəxəssisi Valid Əliyev, “Baktelekom” MMC-nin İnsan Resuslarının İdarə Edilməsi Departamentinin baş mütəxəssisi Nigar Rəsulova çıxış edərək vakant iş yerləri və ADNSU tələbələrinin gənc mütəxəssislər kimi özlərini doğrultduqlarını, əməkdaşlıqdan məmnun qaldıqlarını bildiriblər.

 

Qeyd edək ki, ADNSU-nun tələbə və məzunları career.asoiu.edu.az linki vasitəsilə universitetin rəsmi saytında yer alan Məzun-Karyera Mərkəzinə daxil olub vakant yerlərlə tanış ola, müvafiq şirkət və daha sonra vəzifəni seçərək CV-lərini göndərə bilərlər.

 

IX Məzun-Karyera Sərgisinin ilkin nəticələri növbəti ayın 15-də açıqlanacaq.