Bakı Ali Neft Məktəbi (BANM) və Mədəniyyət Nazirliyi  "Qarabağın mədəniyyəti və mənəvi sərvətləri" mövzusunda birgə vebinar keçirib.  

 

Zoom  platforması üzərindən keçirilən vebinara 300-dən çox iştirakçı qatılıb.  

 

Vebinarın əsas məruzəçiləri qismində BANM-in rektoru Elmar Qasımov, Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Vasif Eyvazzadə, BANM-in Neft-Qaz Mühəndisliyi kafedrasının professoru Fuad Vəliyev çıxış edib.

 

Vebinarda illər sonra azadlığına qovuşan Qarabağın maddi-mədəni sərvətləri barədə tarixi faktlar, toplanmış materiallar əsasında müzakirələr aparılıb.

 

Rektor E.Qasımov bildirib ki, Qarabağ bölgəsi özünün tarixi, maddi-mədəniyyət abidələri,  ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə zəngindir. “Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı nəticəsində orada bütün məscidlər, abidələr, muzeylər dağıdılıb. Təkcə məscidlər, muzeylər deyil, qəbiristanlıqlar, türbələr, məbədlər Qafqaz Albaniyasına məxsus digər milli abidələrimiz də məhv edilib. İlk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, kurqanlar hərbi məqsədlər üçün istifadə edilərək qəsdən dağıdılıb. Azıxda ermənilər tərəfindən bütün beynəlxalq hüququn norma va prinsiplərinə zidd olaraq arxeoloji qazıntılar həyata keçirilib” – deyə rektor vurğulayıb.

 

Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Vasif Eyvazzadə isə bildirib ki, ilkin monitorinqlər zamanı işğalçılar tərəfindən dağıdılmış 180 mədəniyyət müəssisəsi ilə bağlı qeydlər aparılıb, habelə 71 tarix-mədəniyyət abidəsinə, tarixi, memarlıq və arxeoloji əhəmiyyət daşıyan obyektə baxış keçirilib: “Qarabağ ərazisində 706-sı dövlət qeydiyyatına alınmaqla, 2600-dən çox tarixi abidə olub. Araşdırmalara görə, 900-dən çox kitabxana dağıdılıb, 4.6 milyon kitab fondu oğurlanıb, məhv edilib. 22 müzey talanıb və dağıdılıb. Qarabağ ərazisində demək olar ki, hər şey dağıdılıb, bir qisminin isə mənşəyi dəyişdirilib. Bu beynəlxalq konvensiyalarla da ciddi ziddiyyət təşkil edir. Qeyd etməliyəm ki, YUNESKO-nun 1954-cü il “Münaqişə zamanı Mədəni irsin qorunması”, 1970-ci il “Mədəni sərvətlərin qanunsuz daşınması” üzrə konvensiyalarına məhəl qoyulmayıb”.

 

Nazirliyin Aparat rəhbəri Prezident İlham Əliyev tərəfindən yaradılan komendanturalar vasitəsi ilə hazırda Zəngilan, Qubadlı, Cəbrayıl, Füzuli və Ağdamda monitorinqlər aparıldığını qeyd edib.

 

“İlkin monitorinqlər nəticəsində müəyyən edilib ki, 200 müəssisə və 100-dən çox tarixi abidə mövcud deyil. Hazırda Şuşada da bu sahədə xüsusi qrup tərəfindən monitorinqlər həyata keçirilir. Bilirsiniz ki, tək Şuşada 500-dən çox memarlıq binası mövcud olub. İndi onların hazırki vəziyyəti müəyənləşdirilir”-deyən V.Eyvazzadənin sözlərinə görə, 150-dən çox ölkəyə və aparıcı beynəlxalq təşkilatlara etiraz məktubları göndərilib.

 

BANM-in Neft-Qaz Mühəndisliyi kafedrasının professoru F.Vəliyev məruzəsində qeyd edib ki, öz zənginliyinə və unikallığına görə Qarabağ mədəniyyəti Azərbaycan mədəniyyətinin aparıcı və ayrılmaz tərkib hissəsi olub, bundan sonra da olacaqdır. Bildirib ki, zəngin mədəni irsə malik Qarabağ bölgəsi musiqi, muğam,  opera, teatr diyarı kimi də məşhurdur. Azərbaycan musiqi mədəniyyəti xəzinəsini öz nadir inciləri ilə zənginləşdirən Qarabağ musiqisinin çoxəsrlik ənənələri vardır. Şuşa hər zaman Şərqin Konservatoriyası kimi qəbul edilib:”“Heç təsadüfü deyil ki, erməni təcavüzkarları Azərbaycan musiqisinin böyük xadimləri- Üzeyir Hacıbəyli və Bülbülün, habelə şairə Xurşud Banu Natavanın heykəllərini Şuşa şəhərindən Ermənistan ərazisinə aparmışlar. Bu abidələr bütün mənəviyyat normalarının ziddinə olaraq vəhşicəsinə güllələnmiş və ağır texnika vasitəsilə zədələnmişdir”.

 

F.Vəliyev vurğulayıb ki, qısa müddətdə Qarabağı yenidən mədəniyyət klasterinə çevirmək mümkün olacaqdır.