Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 4-cü qrant müsabiqəsinin ümumtəhsil məktəbləri kateqoriyası üzrə qalib layihələrindən biri də Sumqayıt şəhər İ. Qayıbov adına 1 nömrəli tam orta məktəbin “Mühəndis-Dizayn Məktəbi” layihəsidir.  Layihə rəhbəri Kəmalə Hüseynovanın məlumatına görə, layihə çərçivəsində Sumqayıt, Bakı, Mingəçevir şəhərləri və Abşeron, Lənkəran, Laçın, Füzuli rayonları olmaqla, 7 bölgədə yerləşən 17 ümumtəhsil müəssisəsinin əhatə edildiyi təlimlərdə 21 nəfər təbiət-texniki fənn və ibtidai sinif müəllimi iştirak edib.

 

Təlimlərin distant formada təşkilini nəzərə alaraq onların  interaktiv və praktik işlər üzərində qurulmasına, simulyativ proqramlardan istifadə edilərək interyer dizayn, 3D modelləşdirmə, AR və VR tətbiqlər, mikrobit mühitində proqramlaşdırılmaya giriş verilməsinə diqqət yetirilib. Təlim boyunca iştirakçı müəllimlər öz resurslarını hazırlayıb, analoji modellərə tətbiq yollarını öyrənib, hazırladıqları məhsulu paylaşmaq, əməkdaşlıq şəklində dizayn etmək yollarını mənimsəyiblər. Sevindirici haldır ki, distant təlimlər boyunca müxtəlif bölgələrdən olan müəllimlərin bir-birinə həmkar dəstəyi, qrup formasında işləməyi müşahidə edilib. Müəllimlərin təlimlərdən öyrəndikləri yeni 3D dizayn, çap və mikrobit proqramlaşdırma məzmununun vərdişə çevrilməsi üçün öz şagirdlərinə də öyrətməsi təşviq edilib, bu istiqamətdə müsbət  nəticələr alınıb. Belə ki, layihə çərçivəsində elan edilən “Mühəndis dizayn bacarıqları” adlı müsabiqəyə iştirakçı müəllimlərlə yanaşı, onların şagirdləri də müsabiqə işi göndərib və qaliblər sırasında yer alıblar. Layihə çərçivəsində müəllimlərə Google Earth proqramının müxtəlif imkanlarından istifadə edilərək onlayn ekskursiya və layihələr təşkil edilməsi də öyrədilib.

 

Layihə rəhbərinin köməkçisi Aliyə Əhmədovanın verdiyi məlumata əsasən, layihənin icrası zamanı 15 dekabrda iştirakçı müəllimlərin “Micro:bit Live 2020” adlı beynəlxalq onlayn konfransda dinləyici kimi, 18 dekabrda isə Türkiyənin "Baykar Makina" kompaniyasının CEO-su olan Selçuk Bayrakdarın “Milli Teknoloji Hamlesi, yüksek teknoloji geliştirme ve inovasyon” mövzusunda canlı görüşünü dinləmək və suallarını vermək üçün qeydiyyatdan keçməsinə, iştirakına texniki dəstək verilib. Layihə çərçivəsində çap edilən “Mühəndis-Dizayn bacarıqları” adlı təlimat materialı STEAM təlim metodunun bu spesifik fəaliyyət xətti istiqamətində ilk ana dilli materialı hesab oluna bilər.

 

Oruc MUSTAFAYEV