Bakı Mühəndislik Universitetinin (BMU) elmi işlər üzrə prorektoru, Maliyyə kafedrasının dosenti Elçin Süleymanovun həmmüəllifi olduğu elmi-tədqiqat işi İtaliyada nəşr olunan, həmçinin Scopus və Web of Science başda olmaqla bir çox ciddi elmmetrik bazalarda təhsil kateqoriyasında yer alan “International Journal of Knowledge and Learning”-də (https://www.inderscience.com/info/ingeneral/forthcoming.php?jcode=ijkl) işıq üzü görüb.

 

“Koqnitiv və emosional davranış ölçülərinin tələbə müvəffəqiyyətinə təsiri: Azərbaycan ali təhsil müəssisələri nümunəsində” adlı məqalənin həmmüəllifləri dünyanın ən məhşur universitetlərindən olan Kembric Universitetinin kafedra müdiri Panayiotis Antoniou, həmçinin bu universitetdə ali təhsildə öyrənmə bacarıqları tədqiqatı aparan Zəfər Həsənov və ADA Universitetinin müəllimi Vener Qarayevdir.

 

Tədqiqat işində tələbə iştirakı ilə akademik nailiyyət arasındakı əlaqə araşdırılıb. Azərbaycanın 6 ali təhsil müəssisəsindən 548 əyani ikinci və üçüncü kurs bakalavr tələbələri arasından anket yolu ilə üç fərqli təmas ölçüsünü, yəni davranış, elm və emosionallığı əhatə edən tələbələrin akademik nəaliyyətinin  əlaqəsi tədqiq edilib. Reqressiya nəticələri tələbələrin akademik müvəffəqiyyəti ilə əlaqəsi arasında həm bir ölçülü, həm də üç ölçülü nişan modelləri üçün əhəmiyyətli əlaqələri ortaya qoyur. Ənənəvi olaraq istifadə olunan ölçmələrlə müqayisədə, üç ölçülü CFA modeli akademik nəticələrin daha yaxşı izahını verir. Bu işin nəticələri universitetin akademik heyəti və siyasətçilər üçün institusional keyfiyyəti yaxşılaşdırmaq üçün hər bir iştirak amilinin faydalarından istifadə etməkdə təsirləri ola bilər.

 

Vurğulamaq vacibdir ki, BMU-nun prorektoru E.Süleymanov tədqiqatlarından ən çox istifadə edilən müəlliflərdən biridir. Onun 100-ə yaxın elmi nəşri dünyanın məşhur elmi tədqiqat paylaşım portallarından olan Academia.edu, Researchgate.net, Mendeley, Web of Science Thomson Reuters, Growkudos, ORCID ve Scopus şəbəkəsində yer alıb. 2015-ci ildən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (Food and Agriculture Organization of the United Nations, FAO), The Korea Institute for International Economic Policy (KIEP) və World Economic Survey-in eksperti olan BMU prorektorunun elmi tədqiqat işləri Renewable and Sustainable Energy Reviews, Economic Modelling, Environmental Science and Pollution Research, Economies, Expert Journal of Economics, International Journal Of Social Sciences And Humanity Studies, Academic Journal of Economic Studies kimi impakt faktorlu jurnallarda dərc olunub. Bu jurnallardan bəzilərinin impakt faktoru 30-a yaxındır və bu Azərbaycanda ictimai elmlərdə impakt faktorlu jurnallarda işıq üzü görən ən yüksək göstəricilərdəndir. Hazırda E.Süleymanovun nəşrlərinə Scopus bazasındakı jurnallardakı istinad sayı 112-dir. Scopus bazasındakı istinad sayının yüzdən çox olması isə  ictimai və humanitar elmlər üzrə Azərbaycanda ən yüksək göstəricilərdən biridir. Bu göstəricilər ölkəmizlə əlaqəli tədqiqatlara dünya elmi ictimaiyyətinin diqqətini göstərməkdədir.

 

Müasir dövrdə elmi tədqiqatlar universitet və ölkə elminin əsas göstəricilərindən hesab olunur.  Bu göstəricilər, eyni zamanda, beynəlxalq universitet reytinqləri hesablanarkən ən əhəmiyyətli komponentlərdən biri sayılır.

 

Son illərdə Təhsil Nazirliyinin “Clarivate Analitics” və “Scopus” kimi məşhur elmmetrik şirkətləri ilə əməkdaşlığının müsbət təsiri olaraq ali təhsil müəssisələrində müasir elmi-tədqiqat işlərinin sayında əhəmiyyətli artımlar olub.

 

Azərbaycan bu sistemdə indekslənən jurnallarda nəşr olunan elmi məqalələrin sayına görə, Cənubi Qafqazda liderdir. Yeni hədəf məqalə sayı ilə yanaşı, bu məqalələrin daha reytinqli jurnallarda dərc olunmasıdır. Bu istiqamətdə BMU-da bir sıra uğurlu addımlar atılır. Belə ki, universitet əməkdaşlarına müasir tələblərə cavab verən elmi tədqiqatlar ortaya çıxarmaları istiqamətində çoxlu təlimlər və dəstək verilir. Bunun nəticəsi olaraq hər il universitetin bu bazalardakı nəşr sayı əvvəlki ilə görə 30-40 % artır.

 

Bununla yanaşı, BMU əməkdaşlarının nəşrlərinin sayı ilə bərabər onların keyfiyyət göstəriciləri də artmaqdadır. Ümumilikdə, BMU əməkdaşlarının dünya səviyyəli tədqiqat platformalarındakı nəşrləri və istinad sayları hər il daha da artaraq Azərbaycan elminin inkişafina töhfə verməkdədir.