Ölkəmizdə dövlət dili olan Azərbaycan dilində eşidib anlamaq və danışmaq hər kəsin borcudur. Bu bacarığı uşaqlıqdan aşılamaq üçün Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbində yeni layihəyə start verilib.

 

“Ana dilimizdə dinləyib-anlama bacarığının inkişafı” adlanan layihənin müəllifi məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Samirə Əmrahovanın sözlərinə görə, əsas məqsəd təhsilalanlarda Azərbaycan dili fənninin dinləyib-anlama və danışma qabiliyyətinin inkişafına nail olmaqdır: “Bu məqsədlə təlimlər keçirir, resurslar hazırlayırıq. Müəllimlər üçün Azərbaycan dili fənnindən dinləyib-anlama və danışmaq üçün praktik işin aparılması təlimlərinə nail olduq. Layihənin sonunda Azərbaycan dili üzrə dinləyib-anlama və danışma bacarığının inkişafı məqsədilə mətnlər, suallar və audio resurslar hazırlayacağıq”.

 

Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin qalibi olan “Ana dilimizdə dinləyib-anlama bacarığının inkişafı” layihəsi bu ilin noyabrından başlayıb. Təlimə müxtəlif orta təhsil müəssisələrinin Azərbaycan dili və ədəbiyyat müəllimləri, həmçinin  9-cu sinif şagirdləri cəlb edilib.

 

Ekspert Aliyə Əhmədova, peşəkar təlimçi Aidə Ələkbərova, mühasib Ramil Süleymanovun daxil olduğu komanda layihəni maraqla reallaşdırır. Layihənin yanvarın 15-də yekunlaşacağı nəzərdə tutulub.

 

Ruhiyyə