Onlar peşəkardır, onlar bacarıqlıdır, ən əsası cəsarətlidir. Kimdir onlar? Onlar pandemiyanın ilk günlərindən başlayaraq televiziyada nümayiş olunan "Dərs vaxtı"nda yüzlərlə dərs keçən müəllimlərimizdir. O, müəllimlərimiz ki, heç nədən çəkinmədən, ehtiyat etmədən, öz sağlamlıqlarını təhlükəyə ataraq, böyük cəsarət göstərərək milyonların qarşısında dərs keçməyə başladılar. Ona görə ki, həmin müəllimlər özlərinə güvənirdilər, peşəkar, səriştəli olduqlarına inanırdılar. Həmin müəllimlərimizi digərlərindən fərqləndirən cəhətlərdən biri də onların ilk günlərdə təmənnasız, heç bir məvacib almadan işləməsi idi.
Qeyd edək ki, Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət TV” və “ARB Günəş” kanallarında “Dərs vaxtı” proqramı çərçivəsində yayımlanan teledərslər məktəb proqramı əsasında çəkilir.
Sentyabrın 1-dən etibarən, teledərslər həftənin 5 günü saat 10:00-dan 18:00-dək “Mədəniyyət TV” kanalında, saat 14:00-dan isə “ARB Günəş” kanalında yayımlanır. Bütün sinifləri əhatə edən teledərslərdə tədris mövzularına dair izah və təlimatlar təqdim olunur.
Günün qəhrəmanları ilə həmsöhbət olmaq üçün teledərslərin hazırlandığı məkanda olduq, işçi qrupu və müəllimlərlə söhbətləşdik.
“Layihədə iştirak edən müəllimlərlə ardıcıl olaraq istiqamətləndirici iş aparılır”
Təhsil İnstitutunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva bizimlə söhbətində bildirib ki, çəkilişlərdə 100 nəfərə yaxın müəllim iştirak edir. Bununla yanaşı, yeni müəllimlərin də prosesə cəlb edilməsi davam edir. Mərkəzin direktoru yeni cəlb olunan müəllimlərlə müsahibə keçirildiyini deyib: “Müəllimlərə tapşırıq verilir ki, tədris etdiyi fənn üzrə bir mövzunu 10-12 dəqiqə müddətində təqdim etsinlər. Təqdim olunan dərsdə müəllimin danışığı, izahı, ifadə tərzi, öyrədici tapşırıqlar tərtib etmək bacarıqları qiymətləndirilir. Ümumilikdə, layihədə iştirak edən müəllimlərlə ardıcıl olaraq istiqamətləndirici iş aparılır. Müəllimlər şagirdlərin düşünmə bacarıqlarını inkişaf etdirmək üçün müxtəlif fəaliyyətlər üzərində düşünürlər”.
Nəzakət Mehdiyeva teledərslərin 11 sinif və 2 bölmə üzrə hazırlandığını və hər gün 36-38 dərs yayımlandığını da sözlərinə əlavə edib: “İbtidai siniflər üçün teledərslər həftənin 3 günü, yuxarı siniflər üçün isə həftənin 2 günü sinfin dərs yükünə uyğun sayda fənn tədris olunmaqla keçirilir. Teledərs layihəsi üzrə 29 avqust - 14 dekabr 2020-ci il tarixlərində məktəbəqədər, ümumi təhsil və peşə təhsili səviyyələrini əhatə edən 2600 dərs çəkilib. 7 sentyabr - 14 dekabr 2020-ci il tarixlərində efirdə 2400-ə yaxın dərs yayımlanmışdır”.
Nəzakət Mehdiyeva teledərs layihəsi çərçivəsində gündəlik dərslərlə yanaşı, inteqrativ dərslər, “Virtual məktəb”də müəllimlərə dəstək, futbol məşğələsi, futzal məşğələsi, “Müəllimdən məktub” və bu kimi digər fəaliyyətlərin də yayımlandığını da sözlərinə əlavə edib: “Bu müddət ərzində, Azərbaycan və rus bölmələrində təhsil alan şagirdlər üçün “Zəfər tarixi”, “Fizikada qrafiklər”, “İşğal olunmuş ərazilər”, “Azərbaycanın milli parkları”, “Harmonik rəqslər” mövzularında inteqrativ dərslər çəkilib, yayımlanmışdır.
Teledərs layihəsi çərçivəsində ümumtəhsillə yanaşı, peşə təhsili üzrə də dərslər çəkilir. 15 sentyabrdan bu günə kimi peşə təhsili üzrə 90 dərs çəkilmişdir.
Efirdə yayımlanan dərslər “Virtual məktəb”də, Təhsil Nazirliyinin youtube kanalında və “Dərs vaxtı” facebook səhifəsində də yerləşdirilir. Bu da televiziya qarşısında dərsləri izləyə bilməyən şagirdlər üçün alternativ imkan yaradır”.
“Bu iş böyük məsuliyyət tələb edir”
Bakıdakı 6 nömrəli məktəb-liseyin fizika müəllimi Nərgiz İbrahimova pandemiya dövründə bir vətəndaş kimi teledərslərin hazırlanmasında yaxından iştirak etməyi özünə borc bildiyini deyib: “Layihədə iştirak etdiyim üçün qürur hissi keçirirəm. Çəkilişlərdə qarşıma məqsəd qoydum ki, elə dərslər təşkil edim ki, maksimum canlı dərsə yaxınlaşım. Baxmayaraq ki, bu iş böyük məsuliyyət tələb edir. Keçdiyimiz dərsdən ölkəmizdəki bütün şagirdlər yararlanır və ona görə maksimum diqqətli olmalı olduğumuzu yaxşı başa düşürük. Lakin onu da yaxşı başa düşürük bu çətin vəziyyətdə bir vətəndaş kimi kənarda qala bilməzdik. Gələcək nəslimiz olan şagirdlərə yüksək səviyyədə dərs keçmək, onları istiqamətləndirmək bizim bir müəllim kimi borcumuzdur.
Onu da qeyd etmək istərdim ki, biz həm də online şəkildə işlədiyimiz məktəbdə də dərslər keçirik. Şagirdlərimizin təhsilə cəlb olunması qarşımızda qoyduğumuz məqsədlərdəndir”
“Biz bu çətin işin öhdəsindən lazımınca gəlirik”
Aynur Rüstəmova Bakıdakı 20 nömrəli məktəb-liseyin azərbaycan dili və ədəbiyyat müəllimidir. Ötən tədris ilindən teledərslərdə fəal iştirak edən müəllimlərimizdəndir. O, bu günə qədər 100-dən çox teledərs keçdiyini bildirib: “Pandemiya zamanı müəllimlər və layihənin idarə heyəti şagirdləri təhsildən uzaqlaşdırmamaq üçün özünü və ailəsinin sağlamlığını riskə alaraq ölkəmizin təhsili yolunda böyük fədakarlıqla bu layihəyə qoşuldu. Bu, çox məsuliyyətli iş idi. Həm də fədakarlıq tələb edirdi. Bundan əlavə, teleekrana çıxmaq müəllimdən böyük cəsarət tələb edir. Bütün respublikanın qarşısında şagirdlərə dərs keçmək, çox məsuliyyətli işdir. Hətta savadlı müəllimlər arasında belə, bu addımı atmağa ürək eləməyənlər də oldu. Mən də, demək olar ki, ilk günlərdən bu layihədəyəm. Peşəkar fəaliyyətimdə “Dərs vaxtı” layihəsinin xüsusi yeri olduğunu qeyd edə bilərəm. Bu hamı üçün tamamilə yeni bir təcrübə idi.
Şagirdlə canlı təmas olmadan onda dinləyib-anlama, danışma, oxu və yazı bacarıqlarını formalaşdırmaq, qrammatik qaydaları öyrətmək müəllimdən yüksək peşəkarlıq tələb edir. Dərsi hazırlayarkən çox çalışıram ki, şagirdlərə verilən informasiya aydın və şagirdlər üçün anlaşılan olsun. İşimiz çətin olsa da, maraqlıdır. Şagirdlərdən və valideynlərdən gələn təşəkkür və minnətdarlığa əsasən düşünürəm ki, biz bu çətin işin öhdəsindən lazımınca gəlirik”.
“Şagirdlərimiz səbirsizliklə “Dərs vaxtı”ını gözləyirlər”
Respublika İncəsənət Gimnaziyasının ibtidai sinif müəllimi Aytəkin Əsgərova da teledərslər layihəsinin fədakar müəllimlərindən biridir. O, bu layihədə iştirak edən bir müəllim kimi dərslərin keyfiyyətini artırmaq, məzmunu şagirdə dolğun çatdırmaq üçün əlindən gələni etməyə çalışdığını deyib: “Təhsildə yaranmış müvəqqəti fasilə ilə əlaqədar Təhsil Nazirliyi bir sıra layihələri həyata keçirməyə başladı. Bunlardan biri də hamı üçün əlçatan olan teledərs layihəsi idi. Bu uğurlu layihə qısa bir zamanda şagirdləri ekran başına yığa bildi. Artıq şagirdlərimiz səbrsizliklə “Dərs vaxt”ını gözləyirlər. Düşünürəm ki, biz komanda olaraq bu işin öhdəsindən gəldik. Sözsüz ki, hamımız canlı keçirilən dərslərimiz, məktəbimiz üçün çox darıxırıq. Ümid edirəm ki, qısa zamanda yenə məktəblərimizdən şagirdlərin səsi gələcək”.
Niyazi RƏHİMOV