Bu gün dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da məktəblərin intellekt məktəbinə çevrilməsi əsas hədəflərdən biridir. Nailiyyətlərin düşüncə, təfəkkür səviyyəsinə görə qiymətləndirilməsinin, onun yeni təhsil texnologiyaları əsasında qurulması  və inkişaf etdirilməsinin önəmini hər kəs başa düşür. Odur ki, mövcud metodik işin təşkili sisteminin təşkilati-struktur baxımından yenilənməsinə ciddi ehtiyac var.

 

Bu ehtiyacı nəzərə alaraq, Ucar rayon Elman Əliyev adına Ənvər Məmmədxanlı kənd ümumi orta məktəbində layihə hazırlanıb. “Həmkardan həmkara dəstək” adlanan layihə ilə Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinə qatılan məktəb qalib olub.

 

3 ay davam edən və artıq başa çatan layihənin müəllifi məktəbin ibtidai sinif müəllimi Səidə Quliyeva “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında layihəsini belə əsaslandırıb: “Günümüzdə təhsilin idarə olunmasında elmi pedaqoji əsaslara istinad edilməsi, idarəçilik fəaliyyətinin hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi, keyfiyyətin monitorinqi prinsipləri əsasında qurulması, təhsildəki   bütün fəaliyyətlərin inkişafyönümlü xarakterdə olması onun keyfiyyət göstəricilərinin ardıcıl izlənməsini, keyfiyyətin gözlənilən nəticələrin reallaşdırılması səviyyəsi ilə müəyyənləşdirilməsini zəruri edir. Mən də düşündüm ki, məktəbdə metodiki işi fənn metod birləşməsinin köməyi ilə həyata keçirməklə, ixtisasını yaxşı bilən müəllimlərin köməyindən, təcrübəsindən istifadə etməklə fəaliyyəti daha təkmil hala gətirmək olar”.

 

Layinənin icrasında səriştə, bacarıq və təcrübəsi ilə öndə olan pedaqoji işçilərin köməyindən istifadə edilib: “Metodiki işi canlandırmaq üçün pedaqoji mühazirələr, konfranslar təşkil etdik. Hər birimizə yaxşı məlumdur ki, təcrübənin paylaşılması qat-qat yaxşı nəticələr verir. Biz də məhz bunu etdik. Məktəblərlə sənədləşmə işlərini mövcud təlimat əsasında təşkil etməyə, planlaşma ilə bağlı üzvləri məlumatlandırmağa, onlarda maraq oyatmağa çalışdıq. Bunun üçün də təlimlər keçirdik, fənn metod birləşməsinin işinin mahiyyətini çatdırdıq. Hər təlimə 6 məktəb olmaqla 30 nəfər qatıldı”.

 

Maraqlıdır, bu layihə ilə nəyə nail olmaq istənildi?

 

S.Quliyevanın sözlərinə görə, hər bir müəllimin potensial imkanı, nəzəri və metodiki hazırlığının öyrənilməsinə imkan verən layihənin nəticələrini qənaətbəxş sayırlar: “Layihədə daha çox müəllim fəaliyyətinin qiymətləndirilməsinə önəm verildi. Müəllimlər öz peşakarlıq səviyyəsinin yüksədilməsini, yüksək ixtisaslı pedaqoji kadrların təcrübəsındən istifadə etməyi öyrəndi. İndi onlar özünün və ətrafın inkişaf etdirilməsi istiqamətində hansı addımları ata biləcəklərini bilirlər. Layihə nəticəsində müəllimlərimiz təhsillə bağlı pedaqoji məruzə və mühazirələrin hazırlanmasına aid praktiki vərdişlər qazandılar. Qabacıl təcrübədən yararlanaraq özünütəhsil imkanlarından faydalandılar. Təimlərimizə qatılan hər bir müəllim interaktiv təlim metodlarından istifadə etməyi və bu yolla yaradıcı potensialını inkişaf etdirməyi bacarır”.

 

S.Quliyevanın sözlərinə görə, layihə çərçivəsində ictimayyət və məktəbləri məlumatlandıracaqlar: “Eyni zamanda, əldə etdiyimiz təcrübəni paylaşacağıq ki, məktəblər qrant layihələrində iştirak etsinlər”.

 

Ruhiyyə