Şagirdlər, abituriyentlər otk.az portalında 5-11-ci sinif dərsliklərinin hər bir mövzusuna dair biliklərini sınaq imtahanlarında yoxlaya bilərlər
Məlum olduğu kimi, Dövlət imtahan Mərkəzi (DİM) tərəfindən otk.az portalı vasitəsilə müxtəlif növ onlayn sınaq imtahanları keçirilir.
İstifadəçilər portalda fənlər və siniflərin hər bir mövzusu üzrə sınaq imtahanları vermək imkanına da malikdirlər.
DİM-dən bildirilib ki, bu onlayn test bankında ümumilikdə, 28535 test tapşırığı toplanıb.
Abituriyentlər (şagirdlər) bütün fənlər üzrə 5-11-ci sinif dərsliklərinin (Azərbaycan dili və riyaziyyat fənni üzrə isə 4-11-ci siniflər) mündəricatında olan hər bir mövzu üzrə sınaq imtahanından (hər imtahanda 10 test tapşırığı olmaqla) və həmin sinif üzrə 5 qiymətləndirmə sınağından (hər imtahanda 20 test tapşırığı olmaqla) istifadə etməklə hazırlıq səviyyələrini yoxlaya bilərlər.
Şagirdlərin və abituriyentlərin imtahana yazıldığı fənnin materialları 1 il aktiv olur. Bu müddət ərzində onlar tapşırıqlara, öz cavablarına və tapşırıqların düzgün cavablarına baxa bilərlər.
Portalda qeydiyyat , ödəniş və imtahanlara yazılmaqla bağlı təlimatlarla otk.az portalının “Təlimatlar” bölməsində tanış olmaq mümkündür.