2015-2016-cı tədris ilindən “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrasına başlanılıb.
Bakıdakı 138, 220, 202 və 252 nömrəli məktəblər pilot inklüziv məktəblərdir.
İnklüziv təhsilin təşkili prosesində valideynin motivasiyası da nəzərə alınırmı?
Valideynlər onlayn dərslərdən razıdırmı?
İnklüziv siniflərdə onlayn dərslərin uğurlu alınmasında müəllimlərin fərdi metodlarının da rolu böyükdür.
Pandemiya şəraiti ilə əlaqədar sosial təcrid qaydaları təhsil mühitində formalaşan yeni nəslə təsirsiz ötüşmür. Emosional bağlar qırılır, məktəb dostları, müəllimləri ilə canlı ünsiyyət demək olar ki, tamamilə internet məkanına keçid alır. Müəyyən olunmuş dərs saatı çərçivəsində yalnız verilən tapşırıqlar, müəllimlərin sorğu-sualı cavablandırılır, bir sözlə, şagirdlərin bir-biri ilə dostluq, yoldaşlıq söhbətlərinə şərait olmur. Belə olan halda kommunikativ bacarıqları zəifləyir, insanlarla, hətta evdə doğmaları ilə danışmağa hövsələsizlik edirlər.
Ölkədə təlim-tərbiyə və tədris prosesinin onlayn mühitə keçməsi nəticəsində təhsilin müxtəlif səviyyə və kateqoriyalarında təhsil alanlar arasında çətinliklər ortaya çıxdı. Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil almaq imkanları da məhdudlaşdı. Bu uşaqların təhsili inklüziv siniflərdə təşkil olunur, yəni tipik şagirdlərlə birlikdə təhsil alırlar.
Bildiyiniz kimi, inklüziv təhsil ümumi təhsilin hamı üçün əlçatan olmasını nəzərdə tutan inkişaf prosesidir. İnklüziv təhsil istər sağlam, istərsə də əlillərin bərabər təhsil alma hüquqlarını təmin edir və bu, cəmiyyətdə sosial bərabərliyin qorunmasına, əlil uşaqların təhsil, başqa xüsusi ehtiyaclarının ödənilməsinə şərait yaratmış olur.
İnklüziv məktəblər distant təhsilə adaptasiya ola bilirmi?
Ölkəmizdə “İnklüziv təhsil layihəsi”nin icrasına 2005-ci ildən start verilib. 2015-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) birgə əməkdaşlığı çərçivəsində inklüziv təhsillə bağlı görülən işlər nəticəsində əlilliyi olan şəxslərin təhsilinin təşkili yeni mərhələyə keçib.
2015-2016-cı tədris ilindən əlilliyi olan uşaqların ümumi təhsil müəssisəsində digər uşaqlarla birgə təhsilə cəlb olunması məqsədilə Azərbaycan Respublikasında “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrasına başlanılıb. Hər birində iki sinif olmaqla, Bakıdakı 138, 220, 202 və 252 nömrəli məktəblər pilot inklüziv məktəblər kimi müəyyənləşdirilib.
İnklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı
Qeyd edək ki, ölkə başçısı İlham Əliyevin 14 dekabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunan “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” da məhz sağlamlıq imkanları məhdud uşaqların təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməsinə və onların təhsili üçün maneəsiz mühit yaradılmasına geniş imkanlar verir. Dövlət Proqramı çərçivəsində gözlənilən nəticələrdən biri də informasiya texnologiyalarının tətbiqi ilə sağlamlıq imkanları məhdud şəxslər üçün informasiya əldə etmək imkanlarını genişləndirməkdir.
Əlbəttə inklüziv təhsilin əsas hədəfi uşaqların təkcə sosiallaşması deyil, eyni zamanda, keyfiyyətli təhsil almasıdır.
Müəllimlərin özünəməxsus metodları olmalıdır
138 nömrəli məktəbin korreksion-pedaqoqu (defektoloq-loqoped) Ülkər Bəşirova bildirir ki, hazırda məktəblərində inklüziv təhsil layihəsi çərçivəsində 24 şagird təhsil alır. Onlar arasında daun və autizm sindromlu, yüngül əqli geriliyi olan, serebral iflicdən əziyyət çəkən şagirdlər var. “Təbii ki, pandemiya şəraitinə keçəndə bir sıra çətinliklərimiz yarandı. Məktəb rəhbərliyinin təklifi ilə inklüziv sinfin pedaqoji heyəti məhz bu şagirdlərə dərslərdən əlavə korreksiyaedici təlimlər təşkil etdi”.
Ülkər xanım həmkarı Günay Əliyeva ilə birlikdə inklüziv təhsilə cəlb olunan bütün şagirdləri əhatə edə biləcək öyrədici və əyləncəli təlimat hazırlayıb. Məktəb dərslərindən əlavə həftədə 3 dəfə, hər dərs 40 dəqiqə olmaqla şagirdlərlə qrup şəklində onlayn görüşlər təşkil edirlər. Tədris proqramına nitq terapiyası, nəfəs aktı terapiyası, rəsm terapiyası daxil edilib. Ülkər xanım bu prosesdə hər bir müəllimin, mütəxəssisin fərdi yanaşmasının olmasını, müşahidələrə, təcrübəyə əsaslanan öyrədici üsulların işlənib hazırlanmasını vacib hesab edir:” “Hansı yolla olur- olsun, məqsəd şagirdi öyrədə bilmək, onun öyrənə bildiyinə əmin olmaqdır”.
Müəllimin uğurlu təlimləri valideynlərin də öyrənməsi deməkdir
Ümumiyyətlə, inklüziv təhsilin təşkili prosesi həm də valideyndən daha səbirli olmaq, hər məqamda məktəblə, müəllimlə müştərək işləmək tələb edir. Ona görə valideynlərdə də uşaqları ilə dərsə qoşulmasına motivasiya yaratmaq üçün dərslərin maraqlı təşkili önəmlidir.
Övladı sözügedən məktəbin 2-ci sinfində təhsil alan Vəfa Əliyeva deyir ki, bacardığı qədər onlayn dərslərdən geri qalmamağa çalışırlar:“Məktəbin korreksion-pedaqoqları Ülkər və Günay xanım ZOOM platforması üzərindən dərsdən əlavə bizimlə əlaqə saxlayırlar. Əyləncəli dərslər təşkil edirlər, söhbətlər aparırlar. Valideynlərin WhatsApp qrupuna bir gün öncə mövzunu göndərirlər, biz də həm tanış oluruq, həm də əvvəldən övladımızın dərsə hansı vəsaitlərlə qoşulacağını bilirik. Məsələn, hər hansı meyvədən, əşyadan, heyvandan danışmalıyıqsa, artıq biz də ona aid məlumat toplayırıq. Məktəb rəhbərliyinə, müəllimlərə minnətdaram ki, işləyən valideynləri də nəzərə alırlar. Dərsləri iş saatından sonraya təyin edirlər. Belə dərslər biz valideynlərə də çox böyük köməkdir. Bu prosesdə övladımızla birlikdə iştirak etmək öyrəndiklərimizi onlara daha rahat tətbiq etməyə də imkan yaradır”.
Uzaqdan təhsil xüsusi qayğıya ehtiyacı olanlara qarşı daha həssas yanaşma və səbir tələb edir
202 nömrəli məktəbin ibtidai sinif müəllimi Sevda Balakişiyevanın dərs dediyi sinif inklüziv siniflər arasındadır. Məktəbdə, ümumumilikdə inklüziv təhsilə cəlb edilən 21 şagird var. 3-cü sinfə rəhbərlik edən Sevda xanımın sinfində 1 nəfər autizm və 1 nəfər daun sindromlu şagird təhsil alır. “Əlbəttə ki, həmin şagirdlərlə onlayn dərsdə ünsiyyət qurmaq, onlara dərsi izah etməkdə bir qədər çətinliklər var”, - deyir. Nəzərə alsaq ki, ənənəvi dərslər zamanı onlar həm də dostlarının sinifdə davranışlarına şahid olur, sinif yoldaşlarından dəstək görür, müəllimin birbaşa qayğısı, təması onlarda həm də güvən yaradır. Sevda xanım deyir ki, onlayn tədris zamanı bəzən valideynlər də övladının kompüter qarşısında çox otura bilməməsindən, diqqətini toplamaqda çətinlik çəkməsindən narahat olurlar. Ona görə bəzən dərsi yarıda tərk edirlər: “Təbii ki, biz çalışırıq dərs bitəndən sonra valideyn də imkan yaradarsa, WhatsApp vasitəsilə ayrıca əlaqə saxlayaq. Məktəbin korreksion-pedaqoqu Günay Aslanova və psixoloqumuz Türkan Nəcəfova da həmin şagirdlərin əlavə təlimə cəlb olunması üçün xüsusi proqram tərtib edirlər. Valideynlərlə daim əlaqə saxlayırıq. Uşaqlarla görüntülü danışmağa cəhd edirik”.
Övladı həmin sinifdə təhsil Safura İslamova təəssüflə bildirir ki, oğlu Murad Microsoft Teams platformasında hələ ki, dərslərə qoşula bilməyib: “Ancaq onlayn təhsilə keçəndən bəri məktəbin korreksion-pedaqoqu Günay xanım, psixoloqu və sinif rəhbəri Sevda xanım mütəmadi əlaqə saxlayır, maraqlanırlar”.
Safura xanım düşünür ki, bu dərslərin övladına effekti azdır. O, həm də övladının indiyə qədər əldə etdiyi bilik və bacarıqları unuda biləcəyindən, uşaqlarla ünsiyyət bacarığında, sosiallaşmasında yenidən geriləmə yaranmasından narahatdır. “Oğlum 5-10 dəqiqə danışandan sonra yorulur, telefona baxmaqdan, danışmaqdan imtina edir”, - deyən valideyn hətta övladının növbəti tədris ilindən yenidən 3-cü sinifdə təhsilə başlamasını istəyir.
Sosial vərdişlərin itməməsi üçün qrup şəklində dərsdə iştirak önəmlidir
220 nömrəli məktəb-liseyin xüsusi təhsil üzrə pedaqoqu Səmra Axundova bildirir ki, inklüziv siniflərdə təhsil alan şagirdləri virtual dərslərə cəlb etməklə sosial mühitdən uzaq qalmamaqlarına, qismən də olsa, dərs prosesinə adaptasiyasına şərait yaratmağa çalışırlar. Səmra xanım şagirdlərin əqli və psixoloji imkanlarını nəzərə alaraq sinif dərslərindən əlavə eyni diaqnozdan olan şagirdlər üçün qrup dərsləri yaradıldığını deyir: “Bu dərslərdə daha çox şəkillər üzərində iş, şifahi sorğu-suala üstünlük verilir. Eyni zamanda, dərslərdə valideynlər də iştirak edir, şagirdlərə verilən tapşırıqların yerinə yetirilməsində onlara istiqamət verir, köməklik göstərirlər. Autizm sindromlu şagirdlərimiz var ki, onların diqqətini dərs prosesinə cəlb etməkdə çətinlik çəksək də, valideynlərlə əlaqə saxlayır, onlara təlimatlar veririk”.
Həmin məktəbin biologiya müəllimi Sevil Yolçuyeva inklüziv layihəyə cəlb olunan 5-ci sinfin rəhbəridir. Hazırda layihə çərçivəsində 2 şagirdin təhsil aldığını deyən Sevil xanım sözügedən şagirdlərin onlayn dərsə qoşulmasına xüsusi diqqət ayrıldığını söyləyir: “Təbii ki, ənənəvi dərslər vaxtı canlı ünsiyyət, təmas, dostlarının dəstəyi onların dərsə gəlməyinə də həvəs yaradır. İndi bu vəziyyətdə bəzən valideyn narahat olur ki, övladı kompüter qarşısında çox oturmaq istəmir, yaxud evdə bir neçə övladı olan valideyn eyni vaxtda hər birinə nəzarət edə bilmir. Bu hallarda çalışırıq, dərs saatlarından sonra onlarla əlaqə quraq. Həmin şagirdlər sosial vərdişlərini itirməsin deyə, biz valideynlərdən xahiş edirik ki, sinif yoldaşları ilə birgə dərsə qoşulmaqlarında yardımçı olsunlar. İndiki çətin şəraitdə inklüziv təhsil imkanlarından yararlanan şagirdlərimiz üçün əlimizdən gələn nə varsa, etməyə çalışırıq”.
Bir çox ölkələr virtual inklüziv təhsildə çətinliklər yaşayır
Hazırda bir çox ölkələrdə də inklüziv təhsilin distant tədrisə keçidi ilə ortaya çıxan müəyyən çətinliklərin həlli yolları düşünülür. “UNİCEF”in saytında dərc olunmuş “COVID-19 və inklüziv təhsil” məqaləsində ( https://uni.cf/3qEcUoR ) Moldova məktəblərində inklüziv təhsilin onlayn tərdrisində yaşanan problemlərdən bəhs edilib. Türkiyənin təhsil mühitində də inklüziv təhsil çərçivəsində təhsil alanların, xüsusi qayğıya ehtiyacı olanların (türk dilində: özel gereksinimli çocuklar) onlayn dərs almağında çatışmazlıqlar mövcuddur. (bu haqda oxu: https://bit.ly/36XJ1YY)
Pedaqoji heyət və valideynlər üçün Türkiyə Milli Təhsil Nazirliyi yanında Amasya Rəhbərlik və Araşdırma Mərkəzinin inklüziv siniflərdə uzaqdan təhsilə aid təlimatı ( https://bit.ly/37LErMw ) maraqlı olardı.
Bir sözlə, pandemiya iqtisadi, texnoloji inkişafından asılı olmayaraq, hətta təhsilinə həsəd apardığımız ölkələrdə də təxminən oxşar problemlər yaratdı. Burdan aydın görünür ki, bütün inkişafların, elə tənəzzülün də arxasında insan amili var.
Təbii ki, bütün uşaqların təhsilə çıxış imkanlarını təmin etmək, qayığa xüsusi ehtiyacı olan uşaqları diqqətdə saxlamaq bu öhdəliyi üzərinə götürən hər bir qurumun, cəmiyyətin əsas vəzifələrindəndir. Sağlamlıq imkanları məhdud uşaqların məktəbə, sosial çevrəsinə inteqrasiyasına dəstək, yaşıdlarından mehriban münasibət görməsi, hər bir ailədə bu istiqamətdə övladları ilə söhbətlər aparılması vacibdir. Məktəbdə həmin uşaqlarla necə davranmalıyıq, necə dost olmalıyıq sualınca gəlincə valideynlərə, müəllimlərə amerikalı yazıçı Rakel Palasionun “Möcüzə” əsərini oxumağı və eyniadlı filmi izləməyi tövsiyə edirik.
Gülnarə İLHAM