Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) və Fransanın Burgogne-Franche-Comté Universitetinin birgə təşkilatçılığı ilə ADNSU-nun 100 illiyinə həsr olunan “Müasir informasiya, Ölçmə və İdarəetmə Sistemləri: Problemlər və Perspektivlər” mövzusunda (MIMCS’2020”) Beynəlxalq Elmi-praktik konfrans keçirilib. 

       

ADNSU-dan bildirilib ki, onlayın formatda keçirilən konfransa dünyanın 20-ə yaxın ölkəsindən universitet rəhbəri, dünyaca  məşhur alim  və professorlar qatılıb.

 

Qeyd edək ki,  eyni mövzuya həsr olunan ilk konfrans  1-2 iyul 2019-cu il tarixində ADNSU-da bir sıra ölkələrin nümayəndələrinin iştirakı ilə təşkil edilmişdi. İştirakçıların çıxışları  tezislər toplusu və məqalə kimi nəşr olunub.

 

II Beynəlxalq Elmi-praktik konfransın açılış mərasimində çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı Azərbaycan Ordusunun şanlı qələbəsi münasibəti ilə hər kəsi təbrik edib.  Bildirib ki, bu il ADNSU-nun universitet olaraq fəaliyyətə başlamasının 100 ili tamam olur və Azərbaycanın şanlı qələbəsi bu 100 illik yubileyi daha da əlamətdar edir.

 

Konfransın əhəmiyyətindən danışan rektor bildirib ki, belə tədbirlərin təşkili elmi fəaliyyətin genişləndirilməsi və əlaqələrin inkişafı baxımından çox vacibdir.

 

Konfransda Mühəndislik və sosial elmlərdə innovativ texnologiyalar, Kompüter şəbəkələri, Telekommunikasiya texnologiyaları, İnformasiyanın qorunması üsulları və vasitələri, İnformasiya təhlükəsizliyi, Kiber təhlükəsizlik, Ölçmə və nəzarət sahəsində qabaqcıl informasiya texnologiyaları, İntellektual məlumat sistemləri, Sensorlar və ölçmə sistemləri, İnteqrasiya edilmiş idarəetmə sistemləri, Süni intellektə əsaslanan qərarvermə, Avtomatika və İdarəetmə Mühəndisliyi və digər vacib mövzularla bağlı məruzələr dinlənilib, müzakirələr aparılıb.

 

ADNSU-nun Cihazqayırma kafedrasının müdiri,  texnika elmləri doktoru Lalə Bəkirova bildirib ki, konfransa 500-ə yaxın material təqdim olunub. Bu materiallar teziz və məqalə formasında qəbul edilib. Seçilmiş məqalələr (4-8 səhifə) müvafiq araşdırmalardan sonra nüfuzlu jurnallarda dərc olunacaq.

         

İki günlük konfrans maraqlı elmi müzakirələr və məruzələrlə davam edib.