Cari ilin noyabr ayı ərzində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə xarici ali təhsil müəssisələrindən əldə edilən kvalifikasiyaların tanınması ilə bağlı 322 vətəndaş müraciət edib. Müraciət edənlərdən 219 nəfər barədə müsbət, 103 nəfər bərədə isə mənfi qərar qəbul edilib.
Mənfi qərarla yekunlaşan nəticələrin böyük əksəriyyətinin səbəbi tədris yükünü ödəmək üçün təhsil aldığı ölkədə tələb olunan minimal müddətin ödənilməməsi və ya tədris dilinin qənaətbəxş hesab edilməməsi olub.
Daxil olan müraciətlərdə MDB-yə üzv olan, Gürcüstan və Türkiyənin ali təhsil müəssisələrində təhsil alanlar üstünlük təşkil edir. Statistikaya əsasən, hüquqşünaslıq, biznesin idarəedilməsi, tibb, təhsil elmləri, iqtisadiyyat və digər ixtisas istiqamətləri üzrə müraciət edənlər daha çoxdur.
Qeyd edək ki, hazırda ölkə ərazisində xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə tənzimlənir.