İyunun 5-də “Ədəbiyyat biliciləri” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

 

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Təhsil Nazirliyinin əməkdaşları, müsabiqənin Təşkilat Komitəsinin və Münsiflər heyətinin üzvləri, müsabiqə qalibləri iştirak edib. 

 

Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, artıq üçüncü ildir ki, ölkə üzrə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsi keçirilir. Nazir müavini müsabiqənin şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək, gənc nəsildə mütaliəyə həvəsi gücləndirmək və bu sahədə xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb qiymətləndirmək baxımından mühüm rolunu diqqətə çatdırıb.

 

Tədbirdə çıxış edənlər şagirdlərdə mütaliə vərdişlərinin təkmilləşdirilməsi, onların ədəbiyyata olan marağının daha da artırılması baxımından müsabiqənin əhəmiyyətindən danışıblar.

 

“Ədəbiyyat biliciləri” müsabiqəsi 3 mərhələdə təşkil olunub. Müsabiqənin məktəb mərhələsində bölgələr üzrə 25 minə yaxın şagird iştirak edib. Onların arasından fərqlənən 5311 nəfər şagird rayon (şəhər) mərhələsində iştirak etmək hüququ qazanıb. Müsabiqənin rayon (şəhər) mərhələsi fevral ayında yekunlaşıb və mart ayında keçirilən ölkə mərhələsində 110 şagird iştirak edib .

 

Bu mərhələdə iştirakçılar 3 variantda təklif olunmuş mövzulardan birini seçərək inşa yazıb və 10 sualı yazılı cavablandırıblar. Şagirdlərin yazı işləri Təhsil Nazirliyinin əmri ilə yaradılan münsiflər heyəti tərəfindən yoxlanaraq qiymətləndirilib.

 

Müsabiqənin nəticələrinə görə, 5 nəfər birinci, 10 nəfər ikinci, 15 nəfər üçüncü dərəcəli diploma, 20 nəfər tərifnamayə layiq görülüb. Qaliblərə diplom və tərifnamələrlə yanaşı, qiymətli hədiyyə və kitablar da təqdim olunub.  

 

Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” əmrində  nəzərdə tutulan vəzifələrin icrasına xidmət edir.

 

Tədbirdə eyni zamanda Təhsil Nazirliyi tərəfindən keçirilmiş “Kiçikyaşlı məktəblilər üçün ən yaxşı nəsr, nəzm və dram əsərləri” müsabiqəsinin qalibləri də diplom və tərifnamələrlə təltif olunub. Bu müsabiqənin qaliblərinin əsərlərindən ibarət toplu tədbir iştirakçılarına təqdim olunub.