Müsabiqənin regional mərhələsinin nəticələrinə əsasən, ADA Universitetinin və BMU-nun komandaları I dərəcəli diploma layiq görülüblər


Bakı Mühəndislik Universitetinin (BMU)  təşkilatçılığı ilə “45-ci ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin regional mərhələsi (XVI Azərbaycan Birinciliyi)  keçirilib.

 

Universitetdən bildirilib ki, onlayn formada baş tutan müsabiqədə Azərbaycanın 16 ali təhsil müəssisəsindən 63 komanda (hər komanda 3 tələbə və komanda rəhbərindən ibarətdir) və 3 məktəbli komandası (müsabiqədən kənar) iştirak edib.

 

Komandalara 5 saat ərzində 13 alqoritmik məsələni C, C++, Java və ya Python proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib. Qiymətləndirmə avtomatik qaydada https://official.contest.yandex.ru/az2020/contest/23211/standings?p=1 saytı vasitəsilə aparılıb.

 

Müsabiqənin regional mərhələsinin nəticələrinə əsasən, ADA Universitetinin “Road to the Final” komandası  I , “Noobies” komandası II, BMU-nun “Baku EU 1” komandası isə III yerdə qərarlaşıb və I dərəcəli diploma layiq görülüblər. Bundan başqa, 19 komanda II dərəcəli, 7 komanda III dərəcəli diplomla, 6 komanda isə yüksək nailiyyət sertifikatı ilə təltif olunub.

 

Müsabiqənin nəticələrinə uyğun olaraq müvəffəqiyyət qazanmış 34 komanda bu ilin 13 dekabr tarixində onlayn keçiriləcək “45-ci ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin yarımfinal mərhələsində ölkəmizi təmsil edəcək.

 

“ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsi 1977-ci ildən mütəmadi olaraq təşkil edilir. Son müsabiqədə (44-cü ICPC/2019-2020) 111 ölkənin 3500-ə yaxın ali təhsil müəssisəsindən 60 000-ə qədər tələbə iştirak etmişdi. 

 

Azərbaycan ali təhsil müəssisələrinin komandaları isə bu müsabiqəyə 2005-ci ildən etibarən davamlı şəkildə qatılırlar. 

 

Regional müsabiqənin baş sponsoru Azərbaycanın aparıcı koorporativ bankı PAŞA Bankdır.