Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı “Canon” şirkətinin Qafqazda partnyoru, DiVi şirkətinin direktoru Emin Quliyevlə görüşüb.
ADNSU-da keçirilən görüşdə universitetin tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov, “Canon”un Azərbaycan üzrə marketinq mütəxəssisi Gülşən Hacıyeva və DiVi şirkətinin əməkdaşı Samir Hacıyev də iştirak ediblər.
Tədbirdə “Canon” şirkətinin rəsmi distribütoru olan DiVi şirkəti ilə ADNSU-nun əməkdaşlıq əlaqələrindən bəhs olunub.
Rektor Mustafa Babanlı universitetin müxtəlif sahələrdə bir neçə şirkətlə, o cümlədən DiVi şirkəti ilə əməkdaşlıq etdiyini, bu əməkdaşlıq əlaqələrində universitetin maraqlarının nəzərə alındığını bildirib. Qeyd edib ki, bu gün ADNSU dünyada İT sahəsindəki yenilikləri xüsusi olaraq diqqətdə saxlayır, burada uğurlu tədrisin və elmi nailiyyətlərin əldə olunmasında müasir texnologiyanın tətbiqinə geniş yer verilir.
M.Babanlı universitetin müasir texnoloji avadanlıqlar istehsal edən qabaqcıl şirkətlərlə əməkdaşlıq etməsində maraqlı olduğunu deyib. Əlavə edib ki, bu gün ali məktəbin hədəfi həm də müasir tələblərə cavab verən elmi-tədqiqat müəssisəsi olmaqdır.
DiVi şirkətinin direktoru Emin Quliyev son illər ADNSU-nun qazandığı uğurlardan danışaraq bildirib ki, şirkət bu universitetlə əməkdaşlıq əlaqələrini bundan sonra da genişləndirəcək.
Görüşün sonunda DiVi şirkəti tərəfindən “Canon” markalı ən müasir texniki imkanlara malik printer universitetə hədiyyə olunub.