Kəlbəcərimizdə gələcək nəsillərin təlim-tərbiyəsi ilə məşğul olacağıq


Vətən müharibəsi Azərbaycanın mütləq qələbəsi ilə başa çatdı. 44 gün davam edən müharibədə Azərbaycan dövləti, Şanlı Azərbaycan Ordusu bütün dünyaya göstərdi ki, dövlətimiz nə qədər güclü, ordumuz nə qədər rəşadətlidir. Ölkə başçısı cənab İlham Əliyevin atdığı qətiyyətli addımlar, yürütdüyü müdrik siyasət nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. 27 ildir Vətən, yurd həsrəti ilə alışıb yanan kəlbəcərlilər də indi böyük qayıdış gününü səbirsizliklə gözləyir.

 

Doğma yurda dönmək üçün saatları, dəqiqələri sayan Kəlbəcər təhsil işçiləri öz sevinclərini bizimlə bölüşüb.

 

“Bu qayıdış əbədi qayıdış olacaq”

 

Kəlbəcər rayon 1 nömrəli tam orta məktəbin direktoru Nazim Qafarov bildirir ki, uzun illər idi doğma yurd həsrəti ilə yaşayırdı. O, torpaqlarımızın azad olunacağı günə həmişə inandığını deyir: “Doğma torpaqlarımızı məcburi müvəqqəti tərk etdiyimizə inanırdıq. Xilaskarın gəlişinə olan inam bizə güc, qüvvət verdi ki, illərlə dözə bildik.

 

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi və uzaqgörən siyasəti nəticəsində 1993-cü ildə başlanan ordu quruculuğu 2003-cü ildə Prezident seçilən cənab İlham Əliyev tərəfindən şərəflə və uğurla davam etdirildi. Cənab İlham Əliyev bütün xalqın lideri olmağı bacardı və Azərbaycanı bir yumruq kimi düşmənə qarşı birləşdirə bildi.

 

44 günlük Vətən müharibəsi dövründə cənab Ali Baş Komandanın hər çıxışı bizi qələbədən qələbəyə apardı və 27 illik həsrət başa çatdı.

 

Kəlbəcər bizimdir, Kəlbəcər Azərbaycandır!

 

Mən Kəlbəcəri tərk edəndə 21 yaşım var idi. İndi oğlumun 21 yaşı var. Ata-oğul eyni yaşda “Böyük Qayıdış”a hazırlaşırıq. Bu qayıdış əbədi qayıdış olacaq. Heç bir qüvvə bizi Kəlbəcərimizdən ayıra bilməz. Biz Kəlbəcərimizə qurmağa, yaratmağa, bərpaya və yeni ömrü yaşamağa qayıdırıq.

 

Yaşasın Azərbaycan, Yaşasın Ali Baş Komandan! Xilaskar Ordumuza eşq olsun!”

 

“Dördüncü  sinifdə oxuyarkən  tərk etdiyim kəndə müəllim kimi qayıdıram”

 

Vüsal  İsgəndərov Kəlbəcər  rayon 55 nömrəli tam orta məktəbin  müəllimidir. O, 27 illik həsrətdən sonra vətənə qayıtmağın sevincini yaşadığını deyir: “Kəlbəcərin torpağı, təbii sərvətləri  işğal olunsa da, ruh və mənəviyyatı həmişə azad olub.  Bu azad düşüncənin, uca mənəviyyatın  işığında  bu gün biz  Kəlbəcərə qayıdırıq. O yerə qayıdıram ki, orada dünyaya  göz açmışam, torpağına ayaq basmışam, məktəbə getmişəm. Uşaqlıq xəyallarımın şah əsəri, zümzüməsi ilə mənə laylay çalan  dəlisov Tutqu çayı, o biri başında  işıq gözləyən  Tunel yolu, büllur bulaqları, yağışı, günəşi, ildırımı, tufanı ilə insanları da möhkəm, sərt, vüqarlı edən əfsanəvi təbiət! Sənə doğru gəlirik. Bir daha  mən o kənddən qaçqın düşüb  çadırlarda  yaşamayacağam,  altı  orta məktəbdə oxumaq  talesizliyi yaşamayacağam. Dördüncü  sinifdə  oxuyarkən  tərk etdiyim kəndə  indi  müəllim kimi qayıdıram. Bu sevinci  bizə yaşadan  Ali Baş Komandanımıza, Əsgərlərimizə minnətdarlığımı bildirirəm. Uca Şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.

 

“Bu tarixi qayıdış biz müəllimlərin qarşısında böyük məsuliyyət qoyur”

 

Kəlbəcər rayon 74 nömrəli ümumi orta məktəbin direktoru Elməddin Əsədov ömrünün 27 ilini Kəlbəcərsiz keçirdiyini və bu günlərin çox ağır olduğunu söyləyir: “Məcburi köçkünlük illərini çox acı xatirələrlə xatırlayacağam. Doğma torpaqlarımızdan didərgin düşdüyümüz ilk illərdə çadır şəhərciklərində, yataqxanalarda ağır günlər keçirmişik. Bütün bunlara baxmayaraq içimizdəki vətən sevgisi yurda qayıdacağımıza olan inamımızı əsla qırmamışdır.

 

Azərbaycan xalqı ən çətin anlarda belə milli birlik nümayiş etdirərək xalqın ümumi mənafeyi üçün birləşə bilmişdir. Bu birlik xalqla hakimiyyətin vəhdətindən qidalanır. Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə gəldiyi ilk dönəmlərdə də bir qarış torpağımızın erməni qəsbkarlarına güzəştə gedilməyəcəyini bəyan etmişdir. Cənab Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət nəticəsində biz böyük qələbə çaldıq. Torpaqlarımızı işğaldan azad etdik”.

 

Elməddin Əsədov doğma yurda qayıdışdan sonra bir müəllim, ziyalı kimi onların üzərlərinə böyük məsuliyyət düşdüyünü də sözlərinə əlavə edib: “Kəlbəcərdən çıxanda beşinci sinifdə oxuyurdum. Gözəl məktəbimiz, savadlı müəllimlərimiz və içimizə sığmayan arzularımız vardı. Dövlətimizin mənim kimi gənclərin oxuyub savadlanması üçün hər cür şərait yaratması doğma yurduma müasir Azərbaycan müəllimi kimi dönüşümə hesablanmış dövlət dəstəyinin göstəricisidir. İndi bu tarixi qayıdış öz doğma yurd-yuvamızda mənim kimi müəllimlərin qarşısında böyük məsuliyyət qoyur”.

 

“Kəlbəcərdə təhsilə, elmə, mədəniyyətə həmişə böyük maraq olub”

 

Kəlbəcər rayon 109 nömrəli tam orta məktəbin müəllimi Şikar Baxışov: “Nəhayət, 27 illik həsrətə son qoyuldu. Ali Baş Komandanımızın əmri ilə Rəşadətli Ordumuz mənfur düşməni qısa bir zamanda cənnət Qarabağımızdan qovub cıxardı. İllər öncə öz valideynlərinin əlindən tutaraq ata ocağını tərk etməyə məcbur olmuş oğullar indi tank belində həmin yerlərə döndülər”.

 

Şikar müəllim onu da qeyd edib ki, Kəlbəcərdə təhsilə, elmə, mədəniyyətə həmişə böyük maraq olub. O, kəlbəcərli ziyalıların sorağının təkcə respublikamızın deyil, xarici ölkələrin də ali təhsil ocaqlarından, elmi-tədqiqat mərkəzlərindən, dövlət orqanlarından gəldiyini bildirib: “İndi hər bir kəlbəcərlinin ürəyi tezliklə doğma yurda dönmək arzusu ilə döyünür. Böyükdən-kiçiyə hər birimizin qəlbi vandalların darmadağın etdiyi, daşını, ağacını, hətta torpağını belə qablara yığaraq aparmağa çalışdığı yurdlarımızı yenidən qurmaq, abadlaşdırmaq, güllü-gülüstana çevirmək eşqi ilə alışıb yanır”.

 

“İnanırdıq ki, torpaqlarımız  işğaldan azad ediləcək”

 

Kəlbəcər  Rayon Təhsil Şöbəsinin məsləhətçisi  Qabil  Həsənəliyev qələbə sevincini yaşadığına görə Ali Baş Komandana minnətdarlığını bildirir. O, işğaldan azad edilmiş  torpaqlarımızda üçrəngli Azərbaycan bayrağının dalğalanmasını, məscidlərimizdə azan səslərinin eşidilməsini çox qürurverici olduğunu deyir: “Uşaqdan böyüyə hər bir azərbaycanlı inanırdı ki, torpaqlarımız  işğaldan azad ediləcək, soydaşlarımız öz doğma yurd yuvalarına qayıdacaqdır”. 

 

Qabil Həsənəliyev ötən 27 il ərzində  hər zaman  məktəblərdə  Kəlbəcər  xatirələrinin  yaşandığını, Kəlbəcəri görməyən, Kəlbəcərdə anadan olmayan uşaqların doğma yurdu görmədən belə nə qədər sevdiklərini sözlərinə əlavə edib. “Biz  inanırıq  ki, qısa  müddət  ərzində  işğaldan azad edilmiş torpaqlarımızda, o cümlədən  doğma  Kəlbəcərimizdə  möhtəşəm layihələr  həyata  keçiriləcək.  Müasir  tələblərə  cavab  verən  yeni  məktəblər  istifadəyə veriləcək.  Biz  təhsil  işçiləri  doğma  Kəlbəcərimizdə gələcək nəsillərin  təlim-tərbiyəsi  ilə məşğul olacağıq. Bu  anları  yaşamaq  çox  qürurverici bir  hissdir. Allah  vətən uğrunda  canından keçən şəhidlərimizə rəhmət eləsin!  Vətəni  müdafiə edən hər bir  Əsgərimizi uca yaradan pənahında  saxlasın”.

 

“Ürəyim, ruhum Kəlbəcərə sarı pərvazlanır”

 

Kəlbəcər rayon Ş.Şükürov adına 35 nömrəli tam orta məktəbin direktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elşən Əzim də doğma yurda qayıdışla bağlı fikirlərini deyib: “Müzəffər Ali Baş Komandanın əzəmətli rəhbərliyi ilə baş tutan Vətən savaşı Azərbaycan xalqının qəhrəmanlıq tarixində yeni səhifə açdı”.

 

Elşən Əzim köçkün düşdükləri dövrdə heç vaxt ümidlərini itirmədiklərini, ən ağır anlarda da, xoş günlərdə də ürəklərinin Kəlbəcərlə döyündüyünü bildirdi: “Şairlərimizin qələmi, aşıqlarımızın sazı, ən sadə soydaşımızın ürəyi, ruhu hər an “Kəlbəcər” dedi. Şagirdlərimizi də bu ruhda, ovqatda tərbiyə etdik və Qarabağı görməyən gənc əsgərin cəbhədəki şücaətində bu təlim-tərbiyənin rolu az olmadı.

 

Kəlbəcəri tərk edəndə 18 yaşım vardı... Bu gün qayıdış astanasındayıq, sanki 18 yaşıma dönmüşəm. Ürəyim, ruhum Kəlbəcərə sarı pərvazlanır.

 

Son illər ərzində dünyanın bir neçə ölkəsində Azərbaycan ədəbiyyatını təmsil etdim və bütün tədbirlərdə Kəlbəcərdən gətirdiyimiz evimizin açarlarına, doğma yurdla bağlı qalan qıfıla həsr etdiyim şeiri söylədim. Xarici dillərə tərcümə olunub çap olunan yazılarım arasında o şeir həmişə ilk sırada oldu. Azərbaycan həqiqətlərindən xəbərsiz insanları belə bu mövzu kövrəlti. Kəlbəcərdə qeyri-qanuni məskunlaşdırılmış mənfur düşmən isə o yerlərə maddi, ekoloji ziyan vuraraq tərk edirlər, çünki o torpaqların bizə məxsus olduğunu, bir daha geri dönməyəcəklərini yaxşı bilirlər.

 

Budur, saatları, günləri sayırıq. Bu da həsrətin bir başqa biçimdə təzahürüdür. Bəli, başqa biçimdə... 27 ilin acı həsrətindən, ağır iztirablarından fərqli bir intizar ovqatı yaşayırıq. Artıq bu, acı həsrət deyil, ümidsiz hicran deyil, bu, vüsala qovuşmağın bir addımlığındakı həyəcan dolu şirin bir həsrətdir”.

 

Niyazi RƏHİMOV