Təhsil Nazirliyinin Kollegiyası qismən səfərbərliklə əlaqədar  hərbi xidmətə cəlb olunan tələbələrin təhsilində yarana biləcək çətinliklərin aradan qaldırılması məqsədilə akademik məzuniyyətin verilməsi qaydalarında dəyişiklik edib. “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”dakı dəyişikliyə əsasən, tələbələrə verilən akademik məzuniyyət hallarının əhatə dairəsi genişlənib. Belə ki, tələbəyə akademik məzuniyyət səfərbərlik üzrə hərbi xidmətə çağırıldıqda xidmətdən tərxis edilənədək veriləcək. Akademik məzuniyyətdən qayıdan şəxslər tədris prosesinə buraxılacaqlar.

 

Qərar noyabrın 24-dən qüvvəyə minib.

 

Qeyd edək ki, qüvvədə olan  əvvəlki Qaydalara əsasən, akademik məzuniyyət aşağıdakı hallarda və müddətə verilirdi:

  • – müddətli həqiqi hərbi xidmətə çağırıldıqda – xidmət müddətinə;
  • – ailə vəziyyətinə görə – 2 il müddətinədək;
  • – səhhətinə görə – həkim-məsləhət komissiyasının arayışında göstərilən müddətə;
  • – sosial məzuniyyətə çıxdıqda – qanunvericiliklə müəyyən olunmuş müddətə;
  • – müxtəlif proqramlar əsasında xarici ölkələrə təhsil almağa getdikdə – proqramda göstərilən müddətə.

 

Bununla bağlı hər hansı sual yarandıqda vətəndaşlar Təhsil Nazirliyinin “Qaynar xətt”inə müraciət edə bilər.