Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi “Avtomobil” istiqaməti üzrə kadr potensialının gücləndirilməsi məqsədilə işəgötürənlərlə əməkdaşlıq çərçivəsini genişləndirməkdə davam edir. Belə ki, mərkəz ilə “Avtolüks Azərbaycan” MMC arasında anlaşma memorandumu imzalanıb.

 

Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

 

Bildirilib ki, dövlət-özəl tərəfdaşlıq modelinə əsaslanan əməkdaşlıq memorandumunun imzalanmasında başlıca məqsəd təhsilalanların peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı müvafiq tədbirlər görməkdən ibarətdir. Belə ki, fəaliyyət planında əksini tapan başlıca tədbirlər mərkəzdə fəaliyyət göstərən 1 illik Avtomobil diaqnostikası və təmiri ustası ixtisası üzrə texniki peşə təhsili və 3 illik Nəqliyyat vasitələrinin texniki istismarı ixtisası üzrə yüksək texniki peşə təhsili alan tələbələr üçün peşəkar hazırlığın təşkilinə dəstək vermək , gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyət göstərməkdir.

 

2020-2021-ci tədris ilindən etibarən peşəkar kadr hazırlığını təmin etmək məqsədilə birgə tədris proqramlarının hazırlanması və təlimlərin təşkili nəzərdə tutulur. Həmçinin, Ferrari, Lamborghini, Land Rover, Alfa Romeo, Chrysler, Dodge, Fiat, Fiat Professional, Jaguar, Jeep və Abarth kimi məşhur dünya markalarını Azərbaycan istehlakçısına təqdim edən “Avtolüks Azərbaycan” MMC  tərəfindən mərkəzin təhsilalanlarının praktiki bacarıqlarının inkişaf etdirilməsi məqsədilə iş yerində təcrübə proqramlarının təşkilinə və məzun tələbələrin işlə təmin olunmasına dəstək göstərilməsi də nəzərdə tutulur.

 

Qeyd edək ki, adıçəkilən mərkəz digər qabaqcıl avtomobil müəssisələri olan Abşeron Avtomobil Mərkəzi (Mercedes Benz), İmprotex Motors (BMW, BMW Motorrad Motorcycles, MINI, Rolls-Royce və Yamaha Motors), Dream Auto MMC, Şərq Motors, Toyota Azərbaycan, Cahan Motors, Mitsubishi, Honda, Mazda, Subaru və bu kimi digər avtomobil şirkətləri ilə də əməkdaşlıq etməkdədir.

 

Ruhiyyə