Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin Yunus Emre İnstitutu arasında əməkdaşlıq haqqında protokol imzalanıb.

 

Universitetdən bildirilib ki, protokola AzTU-nun rektoru, professor Vilayət Vəliyev və Yunus Emrə İnstitutunun sədri, professor Şeref Ateş imza atıb. İmzalanma mərasimində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Nihat Büyükbaş, Bakı Yunus Emre İnstitutunun müdiri Selçuk Karakılıç və hər iki tərəfin məsul şəxsləri iştirak ediblər.

 

Bildirilib ki, iki qardaş ölkə arasında imzalanan bu protokol təhsilin inkişafına xidmət edəcək. Protokolda iki ölkənin təhsil sahəsində mövcud potensialından istifadə edilərək ciddi nəticələr ortaya qoyulacaq.

 

Protokola əsasən, tərəflər institusional imkanların təkmilləşdirilməsi istiqamətində əməkdaşlıq edəcək.

 

Əməkdaşlıq Türkiyə Respublikası Prezident Administrasiyası tabeliyindəki Türkiyə Akademik və Elmi Əməkdaşlıq Layihəsi (TABİP) çərçivəsində təmin olunacaq.

 

Sənədə əsasən, AzTU Türkiyənin akademik və elmi əməkdaşlıq şəbəkəsi olan TABİP portalının təkmilləşdirilməsinə də töhfə verəcək.

 

Qeyd edək ki, portal Türkiyə və dünyadakı elmi yeniliklər, yeni texnologiyalar , layihələr barədə məlumatların yayılması,  layihə qruplarının yaradılması, dünyanın müxtəlif ölkələrində çalışan elm adamları ilə əlaqələrin qurulması və  əməkdaşlıq üçün imkanlar yaradır.