Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) və Türkiyənin  Yunus Əmrə İnstitutu arasında əməkdaşlıq protokolu imzalanacaq.

 

Protokola əsasən DİM Türkcə Yetərlik İmtahanının (TYS) Azərbaycan ictimaiyyətində tanıdılması, bu imtahanın etibarlı və təhlükəsiz qaydada keçirilməsi üçün texniki infrastrukturun yaradılması, bununla yanaşı xaricilərə Azərbaycan dilinin öyrədilməsi məqsədilə dərslik vəsaitləri, onlayn tədris və imtahan platformasının inkişaf etdirilməsi, eyni zamanda Azərbaycan Dili Xarici Dil kimi İmtahanının ərsəyə gətirilməsi üçün Yunus Əmrə İnstitutu ilə qarşılıqlı əməkdaşlıq imkanları yaradacaq.

 

Sənədə görə institut xaricilərə Azərbaycan dilinin öyrədilməsi məqsədilə dərslik və köməkçi materialların (elektron və çap) tərtib olunması, elektron “Azərbaycan dilinin tədrisi portalı”nın yaradılması, Avropa Şurasının çərçivə sənədi (CEFR) əsasında “Sertifikat imtahanları (A1-C1)” və “Səviyyə Ölçmə İmtahanının (SÖİ)” nümunəsi əsasında Azərbaycan dili səviyyə ölçmə imtahanı ilə Sertifikat İmtahanının məzmun və materiallarının, eyni zamanda xarici dil kimi Azərbaycan dilinin tədrisi məqsədilə bu sahədə fəaliyyət göstərəcək müəllim və tədris işçilərinin yetişdirilməsi üçün təlimçilərin təlim proqramlarının hazırlanmasına dəstək verəcək.

 

DİM isə öz növbəsində CEFR əsasında hazırlanan və Türkiyə universitetlərində təhsil almaq istəyən azərbaycanlı tələbələrin türk dili üzrə bir çox üstünlükləri özündə birləşdirən TYS-nin tanınmağına töhfə verəcək, TYS-nin etibarlı və təhlükəsiz qaydada keçirilməsi üçün lazımi bütün texniki xidmətləri təmin edəcək.

 

Qeyd edək ki, qarşılıqlı əməkdaşlıq protokolu DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və Yunus Əmrə İnstitutunun sədri Prof. Şərəf Atəş tərəfindən imzalanacaq. Protokolun imzalanacağı görüşdə Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri  Ərkan Özoral da iştirak edəcək. Görüşün moderatorları Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin müdiri Səlçuk Karakılıç və DİM-in Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn olacaq. Protokolun imzalanma mərasimi hər iki ölkənin müxtəlif media qurumları tərəfindən işıqlandırılacaq.

 

Bu barədə DİM-dən məlumat verilib.