Lerikdə qəhrəman müəllimini gözləyən məktəb


Anasının yeganə oğlu, 3 bacının bir qardaşı Elgün də bu il müəllim adı qazanmışdı. İlk dəfə sinfə girəcəkdi. Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində topladığı 52 balla Lerik rayon Sors kənd ümumi orta məktəbində dərs demək hüququ əldə etmişdi. Şagirdlərinə tarixdə qalanlardan danışacaqdı Elgün Vasif oğlu Quliyev. Ancaq özü tarixə çevrildi. Müasir tariximizin şanlı səhifələrindən birini də məhz o yazdı. Müharibənin bitməsinə saatlar qala şəhid olan müəllimlərdən biri oldu.

 

“Tarix müəllimi ola bilməsəm də, tarix yazdım bəlkə”

 

Şamaxı rayon Göylər kənd sakini idi. 7-ci sinfə qədər burda oxumuşdu. Sonra İsmayıllıda və Şəkidə dini təhsil almışdı. “Qurani Kərim”i əzbərləmişdi. Ali məktəbi bir neçə il idi bitirmişdi. Bu ildən müəllimliyə başlayacaqdı. Ucqar kənd məktəbində dərs demək ən böyük arzusu idi. Şamaxı rayon Göylər kənd 2 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi olan anası  Qənirə Quliyeva deyir ki, sənədlərini seçdiyi məktəbə o təqdim edib: “Bizə xəbər vermədən hərbi komissarlığa müraciət edib. Oktyabrın 10-da bildirildi ki, qəbul olunduğu məktəbdə qeydiyyatdan keçməliyik. Elgün cəbhədə olduğu üçün sənədlərini məktəbə mən apardım. Qayıdanda zəng etdi. Məktəbini soruşdu. Dedim ki, tam istədiyin kimi bir məktəbdə dərs deyəcəksən. Çox sevindi. Dedi ki, qalın paltar da alıb. Çox həvəsliydi. Ucqar kənddə müəllimlik edəcəkdi. Ancaq onu da dedi ki, tarix müəllimi ola bilməsəm də, tarix yazdım bəlkə”.

 

Elgün Vasif oğlu elə özü dediyi kimi, tarix yazdı. Vətən uğrunda, torpaqlarımız uğrunda döyüşərək  noyabrın 9-da, müharibənin bitməsinə bir neçə saat qalmış şəhid oldu. Müəllimlik arzusunu vətən sevdasına fəda etdi. Çünki vətən hər şeydən öndə gəlir. Qənirə xanım deyir ki, ondan videolar qalıb. Hər yerdə Elgün Qarabağdan, torpaqları uğrunda gözlənilən və onun da qatılacağı müharibədən danışır.

 

Sənədləri gedən məktəbə özü gedəmmədi. Gedib çıxa bilsəydi, bəlkə neçə-neçə məktəbliyə tarixi, tarix müəllimliyini, ya da sadəcə müəllimliyi sevdirəcəkdi. Ancaq o da həqiqətdir ki, getməsə də, görməsə də, sinfə girib dərs deməsə də, artıq həmin məktəb onun məktəbidir. Məktəbin direktoru Cəlil müəllim də deyir ki, Sors kənd ümumi orta məktəbinin kollektivi Elgünlə fəxr edir, dərs demək üçün onların məktəbini seçdiyi üçün qürur duyurlar.

 

Bu da bir həqiqətdir: Elgün müəllimliyi, ya da tarixi sevdirə bilmədi bəlkə, amma dərs deyə bilmədiyi şagirdlərinə vətəni sevdirdi.

 

Sən YAŞAYACAQsan, Şəhidim!

 

Beləliklə, analar öz balasını, vətən oğlunu, məktəblər müəllimlərini itirdi. Torpaqlarımız qəhrəman övladlarını bağrına basdı səssiz-səmirsiz, qeydsiz-şərtsiz. Böyüməkdə olan nəsli millətinin tarixi keçmişi ilə bəsləyəcəkdilər, olmadı. Əvəzində tarixin qürurlu səhifələrində qanla yazılan 5 hərfli söz, dağa dönən ürəklərə zirvə oldu hər biri: Şəhidlik zirvəsinin ŞƏHİD müəllimləri! Yeriniz cənnət, ruhunuz şad olsun. Qıpqırmızı qanınızla yazılmağında iştirak etdiyiniz ən müasir Azərbaycan tarixinin hər səhifəsində, hər sətrində məhz SİZ qalacaqsınız!

 

Əmanətiniz olan o Bayrağı ötürəcəyimiz məktəblilər həmişə olacaq. O bayraq hər zaman dalğalanacaq. Şagirdlərinizə ötürdüyünüz üçrəngli bayraq dalğalandıqca, YAŞAYACAQsınız SİZ də!

 

Ruhiyyə DAŞSALAHLI