Noyabrın 16-dan Rusiyanın bir sıra ali təhsil müəssisələri tədrisin distant formatına keçib. Pandemiya şəraitində tədrisi distant formatda davam etdirməyə ilk olaraq  M.V. Lomonosov adına Moskva Dövlət Universiteti (MDU) qərar verib.  Bu barədə ali məktəbin rektoru, akademik Viktor Sadovniçi müvafiq əmr imzalayıb.

 

"Moskva Dövlət Universitetində16 noyabr 2020-ci il tarixindən tədris prosesi xüsusi sərəncama qədər elektron təlim və distant təhsil texnologiyalarının tətbiqi ilə həyata keçiriləcək". Sənəddə belə deyilir. Qeyd olunur ki, əmr həmçinin, təhsilalanların lazımi keyfiyyətlə hazırlanmasının və təhsil proqramlarının tam həcmdə həyata keçirilməsinin təmin olunmasını tələb edir.

 

Rektor V. Sadovniçi bildirib ki, distant təlim forması təhsilin keyfiyyətinə güclü təsir göstərmir:  "Biz uşaqları distant təhsilə cəlb edirik, təlimlərdə bir şey itirib-itirmədiklərini söyləmək  barədə danışmaq çox erkəndir. Mənə elə gəlir ki, uşaqlar arasında çalışanlar çoxdur, əksəriyyəti isə başa düşürlər ki, bu,  onlar üçün  məsuliyyətdir".
 

O qeyd edib ki, bununla yanaşı, canlı ünsiyyətin əvəzlənməməsi məsələsi hələ də qalır. V.Sadovniçi əlavə edib ki, hazırda MDU-nun yalnız 15% tələbəsi əyani təhsil alır, 75% artıq uzaqdan tədrislə məşğul olur.

 

"Şübhəsiz ki, tələbələrin müəllimlərlə ünsiyyətinin bütün imkanlarını qoruyub saxlayacağıq və keyfiyyətin zərər görməməsi üçün hər şeyi etməyə çalışacağıq", - deyə rektor əlavə edib. Onun sözlərinə görə, müəllimlər üçün bu format əyani işləməkdən asan deyil, ünsiyyət gündəlik davam edir, hətta axşam saatlarında tələbələr müəllimlərlə yazışırlar.  O, həmçinin bildirib ki, tələbə uzaqdan ünsiyyət zamanı laboratoriya işində iştirak edə bilsin deyə Moskva Dövlət Universitetində virtual praktikumlar hazırlanır.  Rektor sessiyanın distant formatda keçirilməsinin nəzərdə tutulduğunu, bunda problem olmadığını, həmçinin "bunu başqa cür etmək imkanlarını" görmədiyini diqqətə çatdırıb və əvvəlki sessiyanın da artıq distant formatda keçirildiyini qeyd edib. Onun sözlərinə görə, universitet elmi fəaliyyətini dayandırmayıb, üstəlik, əvvəlki dövrlə müqayisədə daha çox məqalə çap olunub.

 

MDBMİ də  distant təhsilə keçib

 

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) da distant tədrisə keçib. Ali təhsil müəssisəsinin rektoru A.Torkunov bildirib ki, tələbə və müəllimlər arasında COVID-19 xəstəliyi ilə bağlı vəziyyət həyəcan doğurur.  "Başa düşürük ki, bu, məcburi xarakter daşıyır. Təbii ki, bütün digər universitetlər kimi biz də distant tədrisə  keçirik ", - deyə o,  “Rusiya 24 "kanalının efirində bildirib.  A.Torkunov qeyd edib ki, MDBMİ-nin yaxşı təcrübəsi var, universitet tam cədvəllə, bütün fənlərlə distant təhsilə keçir. Həmçinin, günün ikinci yarısında tələbələr üçün onların  marağına səbəb ola biləcək əlavə kurslar, fakültativlər keçiriləcəyi güman edilir. MDBMİ tələbələrin alışdığı əcnəbi professorların mühazirələrinin də distant formatında davam etdirilməsini planlaşdırır.
 

O əlavə edib ki, sessiyanın keçirilməsi üçün müəllimlər qiymətləndirmələrin obyektivliyini mümkün qədər təmin etmək barədə düşünürlər. Onun sözlərinə görə, yazda, yayda keçirilən imtahan və sınaqlar tələbələrdə hər hansı şikayət doğurmayıb.

 

A.Torkunov onu da qeyd edib ki, MDBMİ Təhsil və Elm Nazirliyinin tövsiyələrinə uyğun olaraq  yataqxanaları tərk edən tələbələrin  yaşayış xərclərinə yenidən baxacaq.
 

Oruc MUSTAFAYEV