26 may - 2 iyun tarixlərində keçirilmiş müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi başa çatıb. Diaqnostik qiymətləndirmədə 17 minə yaxın müəllim iştirak edib.
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov “Azərbaycan müəlimi” qəzetinə bildirib ki, hazırda müəllimlərin nəticələri təhlil olunur: "Diaqnostik qiymətləndirmədə iştirak edən 17 min müəllimin arasında böyük əksəriyyət təkrar qiymətləndirməyə qatılıb. Onların nəticələrində artım müşahidə olunur.
E.Bağırov qeyd edib ki, qiymətləndirməyə qatılan 17 min müəllimin arasında yalnız 9 min nəfər müəllim əvvəlki illərdə müxtəlif səbəblərə görə diaqnostik qiymətləndirmədə iştirak edə bilməyib: "Qiymətləndirmədə təkrar iştirak edən müəllimlərin əvvəlki illərdə əmək haqları artırılıb. Qiymətləndirmədə ilk dəfə iştirak edən 9 minə yaxın müəllimin yeni tədris ilinin əvvəlindən maaşı artımla ödəniləcək".
Diaqnostik qiymətləndirmədə çox aşağı nəticə göstərən müəllimlər isə minimum dərs yükü ilə təmin olunurlar: “Diaqnostik qiymətləndirmədə müxtəlif fənlərdən aşağı nəticə göstərən müəllimlər var. Bu amil dərs yükü bölüşdürülərkən çox ciddi şəkildə nəzərə alınacaq. Yəni onlara 6 saatdan çox dərs verilmir. Təhsil Nazirliyinin bununla bağlı yerli təhsili idarəetmə orqanlarına, müəssisə rəhbərlərinə müxtəlif təlimatları var".
E.Bağırov qeyd edib ki, diaqnostik qiymətləndirmə mütəmadi olaraq keçirilir: "Aşağı nəticə göstərən müəllimlər üçün növbəti qiymətləndirmə zamanı şərait yaradılacaq və hər bir müəllim öz nəticəsini yüksəltmək imkanına malik olacaq".