Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri tərəfindən 12 noyabr-Konstitusiya Günü ilə əlaqədar onlayn tədbirlər keçirilib.

 

 “Azərbaycan Konstitusiyası dövlət müstəqilliyimizin qarantıdır”, “Müasir Azərbaycan Konstitusiyası”, “Milli Konstitusiyamız ölkəmizin demokratik inkişafının başlıca təminatıdır”, “Qanunlarımıza hörmət edək, çünki onlar bizi qoruyur” və digər bu kimi mövzularda keçirilən onlayn tədbirlərdə şagirdlərə Azərbaycan Respublikası Konstitusiyasının təşəkkül tarixi haqqında ətraflı məlumat verilib. Dahi lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən ilk milli Konstitusiyanın dövlətçilik tariximizdə yeni bir mərhələ açdığı, dövlət quruculuğunda, iqtisadiyyatda və ictimai-siyasi həyatda dinamik inkişafa güclü təkan verdiyi şagirdlərin diqqətinə çatdırılıb.

 

Çıxış edənlər Konstitusiyanın cəmiyyətin təhlükəsizliyinin qorunmasında, inkişafa, rifaha nail olunmasında, qarşılıqlı münasibətlərin qurulmasında əsas vasitə olduğunu bildirib, bu ali qanunvericilik aktının qəbulunu çağdaş tariximizin ən mühüm hadisələrindən biri kimi qiymətləndiriblər.

 

Onlayn tədbirlərdə Konstitusiya tariximizə həsr olunmuş videoçarxlar göstərilib, ədəbi-bədii kompozisiyalar nümayiş olunub. Eləcə də Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsinin 25 illiyi ilə əlaqədar şagirdlərin rəsm və əl işlərindən ibarət onlayn sərgilər təşkil olunub.