Dövlət İmtahan Mərkəzində (DİM ) kimya fənni üzrə işçi qrupunun növbəti iclası keçirilib.

 

DİM-dən bildirilib ki, iclasın gündəlik məsələsi 20 avqust 2020-ci il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi – IV ixtisas qrupu üzrə imtahanda istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlili olub.

 

İclasa şöbə müdiri Afiqə Batıyeva qələbə təbriki ilə başlayıb. Şanlı ordumuzun qazandığı böyük tarixi qələbədən iftixar hissi ilə danışıb. Ali Baş Komandan  İlham Əliyevin ətrafında xalqımızın və ordumuzun necə birləşdiyindən söz açıb. Torpaqlarımızın işğaldan azad olunması uğrunda canını fəda etmiş şəhidlərimizin ruhuna ehtiramını bildirib, yaralılara şəfa arzulayıb.

 

Daha sonra iclası işçi qrupunun rəhbəri V. Əliyev davam etdirib.

 

İclasda müzakirə edilən 17 qapalı tipli tapşırığın hər biri (31-47 saylı) aid olduğu mövzu, mürəkkəblik dərəcəsi, statistik göstəricilər, tədris olunduğu sinif, hansı alt standart üzrə bilik və bacarıqları yoxlamağa imkan verməsi baxımından təhlil edilib.

 

İştirakçılar tapşırıqlarla bağlı fikirlərini bildiriblər. Müzakirə zamanı bildirilmiş redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq.

 

Müzakirələr nəticəsində tapşırıqların ali təhsil müəssisələrinə qəbul imtahanı proqramına uyğunluğu, abituriyentlərin bilik və bacarıqlarını obyektiv yoxlamağa və qiymətləndirməyə imkan verməsi bir daha öz təsdiqini tapıb.

 

Statistik göstəricilər əsasında aparılmış bu müzakirədə, həmçinin abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqlar müəyyən edilib. Bu tapşırıqların izahlarına dair metodik tövsiyə hazırlanacaq və “Abituriyent” jurnalının 2-ci sayında dərc olunacaq.

 

Növbəti iclasda (17 noyabr 2020-ci il tarixində) müzakirələr davam etdiriləcək.