Şuşa şəhər bir nömrəli tam orta məktəbin 190 illiyinə Qarabağ hədiyyəsi
Üzeyir Hacıbəyli adına Şuşa şəhər bir nömrəli orta məktəbi. Bu böyük tarixi və ənənəsi olan təhsil ocağının yüz doxsan yaşı tamam olur 2020-ci ildə. Yüz doxsan kiçik yaş deyil, ululuq göstəricisi, tarixi faktlarla doludur. Yüz doxsan ili vərəqləyəndə, nələrə şahid olub bu məktəb, deyə düşünəndə, yada çox şey gəlir. Bir az kövrək, bir az sevincli, bir az kədərli və dəhşətli. “Şuşaya bir nəfəs qədər yaxın” olduğumuz anda bu məqamlardan yan keçmə mümkün deyildi. Çünki bu, həm də Şuşanın bir nömrəli məktəbi ilə nəfəs-nəfəsə durmaq deməkdir. Sizcə yüz dosxan yaşlı, qocaman bir məktəbə, tarixi bir şəhərə bundan böyük hədiyyə ola bilərmi?
Azərbaycan əsgəri, Azərbaycan ordusu və Ali Baş Komandanın rəhbərliyi ilə bu gün iki yüzdən artıq yaşayış məntəqəmiz erməni faşistlərindən azad edilib. Artıq Şuşa bir saylı məktəbinin də gözləri aydın olsun deyək.
Bu məqamda həm də məktəbin tarixinə qısa ekskurs etməkdə fayda var deyə düşünürəm. Xatırlayaq, hansı dönəmdən və necə keçib Şuşa bir nömrəli məktəbi?
Çar hökuməti Zaqafqaziyada dövlət məktəblərini açmazdan əvvəl xüsusi nizamnamə hazırlayaraq 1829-cu il avqustun 2-də təsdiq edib. Nizamnamədə nəzərdə tutulan şəhərlərdən birinciləri sırasında Şuşa qəzasının adı qeyd olunub. Şuşada Çar Rusiyasının ilk Qəza Məktəbi adlanıb bir nömrəli orta məktəb. Hələ o illərdə, Şuşa sakinlərinin özlərinin təhsil maraqları və şəhərin iqtisadi inkişafı bu qərarın verilməsində mühüm rol oynayıb. Azərbaycanda ilk qəza məktəbi 1830-cu ilin dekabrında açılıb.
Məktəbin ilk müdiri N.Mixaylovski Zaqafqaziyada tədris müəssisələri təsis etmək üçün 1829-cu il nizamnaməsindən çıxarışı oxuyub. Bu gün yüz doxsan illiyini qeyd edən bir nömrəli Şuşa məktəbi 1830-cu ildə ilk birinci sinfində on doqquz şagirdlə dərsə başlayıb. Beləcə Azərbaycanda ilk dövlət məktəbi sisteminin təməli qoyulub. Şuşada qəza məktəbi Azərbaycanda ilkin olaraq yaradıldığı kimi, fəaliyyət göstərdiyi bütün illərdə təlim-təhsilin keyfiyyətinə görə də öncüllərdən olub.
Şuşa qəza məktəbində ilk kitabxana
1835-ci ilin mayında Zaqafqaziya məktəblərinin ikinci nizamnaməsi təsdiq edilir. Bu nizamnamədə Şuşa qəza məktəbini daha da təkmilləşdirmək nəzərdə tutulur. Təhsil ocağında ikinci və üçüncü siniflərdən başlayaraq rus dilinin qramatikası, coğrafiya, tarix, hesab, Azərbaycan dili, hüsnxət, rəsm fənləri tədris edilir. Hətta rus bölməsi yaradılır ki, bölmədə, Azərbaycan dili dərsinin tədrisinə də uzun mübahisələrdən sonra imkan verilir. Məcburi dərs saatı altı saat müəyyənləşir. 1848-ci ilin dekabrında Zaqafqaziya məktəblərinin yeni nizamnaməsi qəbul edildi. Artıq Azərbaycan dilinin öyrənilməsinə daha geniş yer verilirsə də, bu rəsmi sənədlərə salınmır. Şagirdlərin bədii zövqünü təmin və sinifdənxaric oxunu təşkil etmək üçün Şuşa qəza məktəbində ilk kitabxana yaradılır və ilk kitab sayı üç yüz bir ədəd olur. 1868-ci ildən tədris planına latın və Avropa dilləri daxil edilir.
Zaqafqaziyada ilk şəhər məktəbi
Azərbaycanda ilk ümumtəhsil ocağı olan Şuşa qəza məktəbi, altı illik müzakirə və mübarizə sonrası, 1874-cü ildə, Zaqafqaziyada ilk şəhər məktəbi olur. Yeni məktəb daha yüksək səviyyədə təşkil olundu. Ən böyük üstünlüyü milli kadrların çoxaldılmasında idi. Belə ki, məktəbin pedaqoji heyətin əksəriyyəti Tiflis Aleksandriyski Müəllimlər İnstitutunu bitirən azərbaycanlılardan təşkil olunmuşdu. Onların sırasında sonradan ölkə təhsil tarixində adı qalan Mirzə Həsən Əmirov və Aslan bəy Əmirov kimi şəxslər var idi. Şuşada şəhər məktəbi şagird çoxluğuna görə də seçilirdi. 1876-cı ildə burada təkcə I sinifdə 70, 1877-ci ildə isə 160 nəfər şagird var idi. 1880-ci ildə məktəbin nəzdində xüsusi musiqi sinifləri açıldı. Şuşa şəhər məktəbi müəllim hazırlığında da müstəsna rol oynayıb. Məktəbi daha yaxşı qiymətlərlə bitirən şagirdlər, xüsusi olaraq rəhbərliyə təqdim edilir. Onlardan sadəcə bir imtahan götürüldükdən sonra, ibtidai sinif müəllimi kateqoriyasında tədrisə cəlb olunurdular. Belə mütəxəssislərdən biri, məktəbin tarixinə adı qızıl hərflərlə yazılan, Əbdüləli Muxtarov olub. Yüksək hazırlığı nəzərə alınaraq, onu 1896-cı ildə Qori Müəllimlər Seminariyası nəzdindəki Azərbaycan ibtidai məktəbinə müdir təyin edirlər. Daha sonra onun dəstəyi ilə Şuşa şəhər məktəbinin ilk buraxılışından bir neçə nəfər, 1879-cu ildə Qori Müəllimlər Seminariyasına daxil olur. Onların arasında tanınmış pedaqoq Əliş bəy Tahirov, Azərbaycan elmi-pedaqoji fikri tarixində xüsusi xidmətləri olan görkəmli ədəbiyyatşünas Firidun bəy Köçərli və tanınmış maarif xadimi Səfərəli bəy Vəlibəyov da var idi. XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nəcəf bəy Vəzirov və bir çox məşhur simalar da ilk təhsillərini Şuşa (qəza) şəhər məktəbində alıb. Rus-tatar məktəbini oxumuş tanınmış pedaqoq Mirzə Xosrov Axundzadə də bir nömrəli Şuşa məktəbinin yetişdirdiyi kadrlardan sayılır.
Tanınmış məzunlar
...1966-cı ildə bir nömrəli məktəbdən yeni bir təhsil ocağı - 4 nömrəli orta məktəb yarandı. 1 nömrəli Şuşa şəhər orta məktəbi isə yeni binaya köçürülür. Məktəbə Üzeyir Hacıbəylinin adı verilir. Əməkdar müəllimlər Zəhra Məmmədova, Məmməd Zöhrabov, Nisə Şəfiyeva, Gülarə Məmmədova məktəbin həm məzunları, həm də müəllimləri olublar. Akademiklər Lətif İmanov, Səttar Əsədov, Paşa Rüstəmov, Cəlal Allahverdiyev, elmlər doktorları Validə Yusifzadə, Sabir Rüstəmov, Əbülfət Rüstəmov, Cəlal Şükürov, Sayalı Tağıyeva, Əkbər Ağayev, Kamran Məmmədov, Sovet İttifaqı Qəhrəmanı Xəlil Məmmədov da Şuşa məktəbinin yetirmələridir. Yubilyar məktəbin məzunları sırasında Moskvada, Kiyevdə və digər şəhərlərdə oxuyan, elmi laboratoriyalarda çalışanlar da çox olub. Onlardan biri də Ukrayna Milli Elmlər Akademiyasında şöbə müdiri işləyən texnika elmləri doktoru, professor Nadir Əlişovdur. Elm sahəsində əldə etdiyi nailiyyətlərə görə onun adı akademik B.Y.Patonla, J.K.Paxodiya ilə yanaşı çəkilir.
Ümummilli lider Heydər Əliyevin tarixi xidməti
1982-ci ilin yanvarında Şuşa şəhər 1 nömrəli orta məktəbin 150 illik yubileyinin qeyd olunması haqqında Azərbaycan KP MK Bürosu qərarını imzalayıb və bu qərar əsasında təhsil ocağının yubileyi təntənəli şəkildə keçirilib. Yeri gəlmişkən, qeyd edək ki, bu qərarın verilməsinə qarşı duranlar sırasında ermənilər çoxluq təşkil edib. Heydər Əliyev həmin tarixi qərarın verilməsinə nail ola bilib. Bir nömrəli orta məktəb yarandığı vaxtdan Şuşa şəhərində öz fəaliyyətini fasiləsiz olaraq davam etdirib. Məktəbdə hər cür avadanlıqla təmin olunmuş 24 fənn kabineti, laboratoriya, 2 linqafon kabineti, maşınşünaslıq kabineti, gənclərin hərbi çağırışa qədər hazırlıq kabineti, zəngin kitabxana, geniş idman, akt zalı, yeməkxanası olub.
1992-ci ilin may ayınadək hər şey beləcə, yüksək səviyyədə davam edir. Ta ki, işğala, ədalətsizliyə uğradığımız zamana qədər. 1992-ci ildən bir nömrəli Şuşa məktəbi Bakı şəhəri, Yasamal rayonu, 38 nömrəli orta məktəbin binasında, onun maddi-texniki bazasından istifadə etməklə, ikinci növbədə fəaliyyət göstərdi.
2010-cu ildə Prezident İlham Əliyevin məktəbin 180 illik yubileyinin dövlət səviyyəsində təntənəli şəkildə keçirilməsi barədə sərəncamı həm məktəb kollektivi, həm şuşalılar üçün böyük stimul oldu. Prezidentin 2011-ci il sentyabrın 14-də imzaladığı sərəncam isə bir nömrəli Şuşa məktəbi üçün hətta ikinci həyat sayıla bilər. Belə ki, Bakı şəhəri, Yasamal rayonunda inşa edilən Şuşa şəhər 1 nömrəli tam orta məktəbi 2015-2016-cı tədris ilində bütün təhsil infrastrukturu ilə həmin ərazidə yaşayan məcburi köçkün və yerli ailələrin övladlarının istifadəsinə verildi. Bu, Azərbaycan dövlətinin, ölkə Prezidentinin, Heydər Əliyev Fondu və Birinci vitse-prezident Mehriban Əliyevanın şuşalılara və Şuşa bir nömrəli məktəbinə böyük töhfəsi idi.
Son söz əvəzi
Şuşa məktəbinin onlarla məzunu respublikanın və dünyanın müxtəlif ali məktəblərinə daxil olur. Yəni harada fəaliyyət göstərməsindən asılı olmayaraq məktəb illərdir öz adını və nüfuzunu saxlamağa davam edir. Bu gün Bakıda məskunlaşsa, yüz doxsan yaşını məcburi köçkün kimi qeyd etsə belə adındakı və tarixindəki əzmi özündədir bu təhsil ocağının. Ali Baş Komandanın da qeyd etdiyi kimi, “Şuşaya bir nəfəs qədər yaxınlıqda” olması yüz dosxan illiyi əvvəlkilərdən çox fərqli edib həm də. Bu, böyük mükafatdır. Yəni, 191-ə, yeni on illiyin ilk birinə, Şuşayla addım atmaq kimidir. Bu xarı bülbülün, Cıdır düzünün, Topxana meşəsinin və Şuşanın bir nömrəli məktəbinin tarixi binasının işğaldan azadlığına bircə nəfəs qədər məsafəmiz qalib deməkdir. Odur ki, yüz doxsan birə səninlə Şuşada görüşməklə başlamaq gözəl olacaq qocaman təhsil ocağımız. O ümidlə əzmini, nüfuzunu, adını qoruduğun üçün sənə və səni qoruyan hər kəsə təşəkkür də düşür. Şuşada görüşənədək...
Jalə MÜTƏLLİMOVA