Qubadlı təhsil işçiləri doğma torpaqlarında dərs deyəcəkləri günü səbirsizliklə gözləyir
Artıq bir aydan çoxdur ki, ölkəmizdə Vətən müharibəsi davam edir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu bu müddət ərzində ermənilər tərəfindən işğal olunmuş tarixi Azərbaycan torpaqlarının bir hissəsini-4 şəhər, 3 qəsəbə, 200-ə yaxın kənd və bir neçə strateji yüksəklikləri düşmən tapdağından azad edib. Azad olunan torpaqlarımızdan biri də Qubadlı şəhəridir. Ölkə başçısı İlham Əliyevin oktyabrın 25-də Qubadlı şəhərinin azad olunması haqqında verdiyi şad xəbər hər bir Azərbaycan vətəndaşına sevinc dolu anlar yaşatdı. 27 il Vətən həsrəti ilə yaşayan qubadlılar isə ikiqat sevindilər. Çünki onlar dədə-baba torpaqlarına, yurd-yuvalarına artıq qayıda biləcəklər. Belə bir sevinc dolu günlərdə biz də Qubadlı rayon təhsil işçiləri ilə söhbətləşdik, onların hansı hisslər keçirdiklərini öyrəndik.
“Əminik ki, bütün torpaqlarımız işğaldan azad olunacaq”
Qubadlı rayon Çərəli kənd tam orta məktəbin direktoru, “Tərəqqi” medallı Sədaqət Hüseynova bildirir ki, Qubadlının işğaldan azad olunması həyatının ən xoş xəbəri oldu: “Mən bir Azərbaycan müəllimi olaraq Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevlə qürur duyuram. Bu gün Ali Baş Komandanın və Şanlı Azərbaycan Ordusunun qalibiyyəti ilə məcburi köçkün adından azad olduq. Əminik ki, bütün torpaqlarımız işğaldan azad olunacaq və biz öz doğma torpaqlarımızda daha yüksək nailiyyətlər əldə etmək üçün var gücümüzlə çalışacağıq. Həsrətlə gözlədiyimiz doğma torpağa qovuşacağımız günü səbirsizliklə gözləyirəm”.
“Qubadlısız keçirdiyim 27 il mənə çox ağır gəlib”
Qubadlı rayon Fərcan kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi, “Əməkdar müəllim” Ədalət Əsədov torpaqlarımızın azad olunduğu günə həmişə inandığını və bu günü həsrətlə gözlədiyini deyir: “Sevinc hisslərimi sözlə ifadə etməkdə çox çətinlik çəkirəm. Qubadlısız keçirdiyim 27 il mənə çox ağır gəlib. Bizə bu xoş günləri yaşatdığına görə Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm.
Göz açıb böyüdüyüm rayona qayıdış başlayanda öndə gedənlərdən biri olacağam. Təbii ki, əsas işim vətəndaş yetişdirmək, yaddaşı təzələmək, erməni vandalizmini unutmamaq, kökə, milli dəyərlərə malik şagirdlər tərbiyə etmək olacaqdır. Qubadlıda da Azərbaycanın digər rayonları kimi böyük abadlıq, quruculuq işləri həyata keçiriləcək. Bir vətəndaş kimi bu işlərdə də ölkə başçımıza dəstək verməyi, infrastrukturun yenidən qurulmasında yaxından iştirak etməyi düşünürəm”.
“Əmək fəaliyyətinə başladığım məktəb bizi gözləyir”
Qubadlı rayonu Dəmirçilər kənd tam orta məktəbin direktoru Şahbaz Muradov da Qubadlıya qayıtmaq ümidlərinin heç vaxt itmədiyini deyir: “Məsələnin sülh yolu ilə həllini 27 il gözlədik. Sonda isə işğalçılar yenə də təxribata əl ataraq Ordumuzun əks-hücumu qarşısında aciz dayandılar.
Xalqımız Prezidentin ətrafında sıx birləşərək Vətən müharibəsinə qalxdı. Artıq torpaqlarımız işğaldan azad olunmağa başladı. Cənab Prezident İlham Əliyevin daxili və xarici siyasəti nəticəsində iqtisadiyyatımızın inkişafı, ordumuzun gücləndirilməsi böyük Qələbədən xəbər verirdi.
Artıq doğma yurdum Qubadlı işğaldan azad edilmişdir. Sevincimizin hədd-hüdudu yoxdur. Əmək fəaliyyətinə başladığım Dəmirçilər kəndi, məktəb bizi gözləyir. Tezliklə doğma yurdlarımıza qayıdacağıq. Yeni-yeni evlər, mədəniyyət ocaqları, məktəblər tikib yaradacağıq, övladlarımızı vətənpərvər ruhda böyüdüb tərbiyə edəcəyik.
Prezidentimizin apardığı siyasət beynəlxalq qanunlara əsaslanır, xalqımızın iradəsini ifadə edir, buna görə də ədalətli qələbə bizimlə olacaq”.
“Qubadlıya qayıdandan sonra da müqəddəs peşəmi davam etdirəcəyəm”
Qubadlı rayon Xocahan kənd tam orta məktəbinin riyaziyyat müəllimi, “Əməkdar” müəllim Sabir İsmayılov ömrünü təhsilə həsr edib: “Özümü xoşbəxt hesab edirəm. Ona görə ki, igid vətənpərvər oğlanlarımızın tərbiyəsində mənim də payım var. Doğma Qubadlıma qayıdacağım üçün çox sevinirəm. Bu xoş günləri bizə bəxş edən əziz Prezidentimizə, qüdrətli ordumuza minnətdarlığımı bildirirəm. Doğma Qubadlıya qayıdandan sonra da bu müqəddəs peşəni davam etdirəcəyəm”.
“Bu tarixi uğurların şagirdlərin yaddaşında əbədi qalması üçün əlimdən gələni edəcəyəm”
Məcburi köçkün düşərkən cəmi 4 yaşı olan Qubadlı rayon Mahruzlu kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Nərgiz Xəlilli Qubadlını xəyalında tez-tez canlandırdığını bildirir. Ən böyük xəyalının doğma kəndlərində müəllim işləmək olduğunu da sözlərinə əlavə edən gənc müəllim həmin günlərə tezliklə çatacaqlarını deyir: “Xəyallarımda yaşayan 27 illik Qubadlı həsrəti məni qəfəsdə boğulan quş kimi hiss etdirirdi. Buna baxmayaraq Ali Baş Komandanımızın qətiyyətli mövqeyi məndə həmişə torpaqlarımızın azad olunacağına ümid yaradırdı. Torpaqlarımızın mühüm hissələrinin, həmçinin doğma yurdum Qubadlının işğaldan azad olunması bir daha onu sübut etdi ki, möhtərəm Prezidentimiz qüdrətli sərkərdə və qətiyyətli dövlət başçısıdır. Bu şərəfli və böyük güc tələb edən missiyada Prezidentimizə sonsuz uğurlar arzu edirəm. Söz verirəm ki, əldə etdiyimiz bu tarixi uğurlarımızın şagirdlərimizin yaddaşında əbədi qalması üçün əlimdən gələni edəcəyəm. Çünki bu şanlı tarixi qızıl hərflərlə Ali Baş Komandanımız və Müzəffər Ordumuz yazır”.
Niyazi RƏHİMOV