Bakı Slavyan Universitetinin (BSU) rəhbərliyi, professor-müəllim heyəti və tələbə kollektivi adından Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərinə müraciət ünvanlanıb.
BSU-nun rektoru, professor Nurlana Əliyevanın imzaladığı müraciətdə səfirliklərdən xahiş olunur ki, Azərbaycanın haqq səsi, gerçək tariximiz haqqında məlumatları özündə ehtiva edən müraciətin geniş yayılmasına dəstək verilsin!
Müraciətdə deyilir:
“Azərbaycan xalqı qədim tarixə, zəngin mədəniyyətə, yüksək milli-mənəvi dəyərlərə malik olmaqla, eyni zamanda, dünya mədəniyyət xəzinəsinə öz töhfəsini vermiş bir xalqdır. Azərbaycanlıların xalq olaraq psixoloji keyfiyyətlərini xarakterizə edən dahi şəxsiyyətlərdən biri, rus yazıçısı və jurnalisti V.L.Veliçko 1904-cü ildə nəşr olunmuş “Qafqaz. Rus işi və tayfalararası məsələlər” kitabında yazır ki, “...genişqəlblidirlər, qanları təmizdir...”, Azərbaycan tatarları türkdürlər, oğuzların nəvələridir, müasir türklərin qan qohumlarıdır, Qafqazın aborigen əhalisidir...” Lakin təəssüf hissi ilə qeyd edək ki, 1828-ci ildə Azərbaycan Çar Rusiyası və İran arasında amansızlıqla iki yerə bölündükdən sonra İranda, həmçinin Türkiyədə yaşayan ermənilərin məqsədli şəkildə indiki Azərbaycanın ən səfalı yerlərinə - Qarabağ və İrəvan torpaqlarına köçürülməsi həyata keçirildi. Erməni xalqının xislətinə, məkirli niyyətlərinə bələd olmayan dostsevər Azərbaycan xalqı onlara qucaq açdı, ocaqlarından köz verdi, ev-eşik qurmalarına təmənnasız yardım etdi. Ancaq çox keçmədi ki, ermənilər torpaq iddiasına düşərək, burada qədimdən yaşayan yerli sakinləri sıxışdırmağa başladılar. Bu barədə İran ermənilərinin Qarabağa yerləşdirilməsi prosesinin əsas iştirakçısı olmuş Rusiyanın İrandakı səfiri, məşhur rus yazıçısı Aleksandr Qriboyedov özü general-feldmarşal qraf Paskeviçə yazdığı məktubda: “Polkovnik Lazarev (Lazaryan) nizami erməni könüllü qoşunlarını formalaşdırmaq, Qarabağı və digər vilayətləri öz tabeliyinə daxil etmək barədə düşünür”, - deyə qeyd edirdi. Azərbaycan torpaqlarına daim göz qoyan ermənilər, 1905-1907 və 1915-1918-ci illərdə İrəvanda, Zəngəzurda, Bakıda, Gəncədə, Qarabağda, Şamaxıda, Muğanda, Lənkəranda, Qubada və digər bölgələrdə silahsız azərbaycanlılara qarşı kütləvi soyqırımı törətdilər...
Müraciətdə daha sonra bildirilir:
“Azərbaycan torpaqlarına ayaq basdıqları ilk gündən yerli xalqdan daim qonaqpərvərlik, dostluq, mehribanlıq görmüş ermənilər, bunun əvəzində bu xalqın mətbəxini, mədəniyyətini, musiqisini, dilini, ədəbi xəzinəsini və digər milli-mənəvi dəyərlərini özününküləşdirərək dünyaya təqdim etməyə başladılar. Azərbaycanlılarla birgəyaşayışın mümkün olmadığı bəhanə gətirilib, yenidən torpaq iddiası irəli sürülərək 1988-ci ildə Dağlıq Qarabağı Ermənistana birləşdirmək və ya müstəqil respublika elan etmək fikrinə düşdülər...
Müraciətdə ermənilərin BMT TŞ-nin qətnamələrinə əməl etmədiyinə də diqqət çəkilib:
“Ermənistanın işğalçılıq siyasətinə son qoyması üçün dünyanın ən ali təşkilatı olan BMT Təhlükəsizlik Şurası 1993-cü ildə 4 qətnamə qəbul etsə də, ancaq işğalçılar buna əməl etmədilər. Əksinə, Azərbaycanın Gəncəbasar bölgəsinə və Naxçıvana qarşı iddia irəli sürdülər. Təəssüf ki, bu illər ərzində dünya işğalçı ilə işğala məruz qalana eyni gözlə baxdı...
Məktubda qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev ötən illər ərzində Azərbaycanın haqq səsini müxtəlif mötəbər kürsülərdən dünyaya çatdırdı. Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə daim sadiq qaldığını bildirdi. Dağlıq Qarabağda yaşayan ermənilərə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ən yüksək status təklif etdi. Lakin qarşı tərəf bu danışıqlardan və bu təklifdən imtina etdi, öz işğalçılıq siyasətindən, eləcə də çirkin niyyətindən əl çəkmədi...
“Əziz dostlar, məhz bu üzdən də Azərbaycan Ordusu bu gün cəbhədə haqq savaşı aparır. Onun işi haqq işidir. Ermənistanın 30 ilə yaxındır işğalda saxladığı torpaqları qarış-qarış azad edir. Ermənilər isə həmişə olduğu kimi, yenə də dinc əhalini hədəfə alır, Gəncəni, Tərtəri, Tovuzu və digər çoxsaylı yaşayış məntəqələrini müasir tipli raketlərlə atəşə tuturlar. Bu təxribatlar nəticəsində azyaşlı uşaqlar, ahıl qocalar, arzularının çiçəklənən dövrünü yaşayan gənc insanlar dağıntılar altında qalaraq həyatlarını itirmişlər... Qoy, hamı bilsin ki, Qarabağ əzəli və əbədi Azərbaycan torpağıdır. Ermənilər indiyədək tarixi nə qədər saxtalaşdırsalar da, öz çirkin niyyətlərinə çata bilmədilər. Çünki hər daşı, hər qayası, hər dağı, hər çiçəyi ilə Qarabağ - Azərbaycandır!”-deyə müraciətdə qeyd olunub.