Vətəndən pay olmayacağını bu dəfə daşlar altından çıxan məktəbli canlar hayqırdı


Birdən-birə qopan gurultu, titrəyiş, toz-duman, vahimə, həyəcan, qışqırıq. Biri-birinə çox bənzəyən 2 gecə. Gecənin sükutunu pozan iki ballistik raket. Biri oktyabrın 11-ni, digəri oktyabrın 17-ni dəhşətə bürüdü özünün odu-alovuyla. Həmin raketlər gecəyə elə bir qaranlıq saldı ki, ondan bütün dünya danışdı. Faciənin miqyası gün ağaranda daha aydın göründü. Acı üstünə acı yaşadı Azərbaycanın qədim şəhəri Gəncə.

 

Daş üstündə daş qalmadı

 

Qaranlıq qarışmağa başlayanda üst-üstə düzülən daşlar hər zərbəyə dayanıqlı binalar kimi görünürdü. Əzəmət nişanı o binalar gün ağaranda daş qalaqlarından başqa bir şey deyildi. Görünüşünə əzəmət, divarlarına istilik verən, soyuq otaqlarını isti yuvalara çevirən sevgidolu baxışlar, gülər üzlər də birdən yoxa çıxmışdı. Qalıqların altından çıxarılarkən onlar da bu daşlar kimi soyuq, parça-parçaydı.

 

Gün ağaranda hər şey gün kimi aydın oldu: Ata-anasız övlad, övladını, nəvələrini daşların altında qoyan baba, sevdiyi qadını, uşaqlarını gecəyə qurban verən ata, qucağı bir neçə saniyədə boş qalan ana...

 

Ali məktəbə daxil olmaq istəyirdi

 

Bir kişini ata edib, bir qadına “ana” deyən 15 yaşlı Nigardan geriyə nəsə qaldımı, görəsən? Yaşadığı 15 ildə qazandığı sevgi dolu yarımçıq ömür. O gecədən sağ çıxsaydı, doğum gününü qeyd edəcəkdi. Milli Müstəqillik günündə doğulmuşdu, elə o gün də torpağa tapşırıldı. O torpağa ki, onun uğrunda qurban getdi. 15 yaşını qeyd edə bilmədən, həyatda ən çox sevdiyi anasıyla nənəsini götürüb köçdü bu dünyadan.

 

Söhbət Nigar Əsgərovadan gedir. Oxuduğu məktəbin - Gəncə şəhər K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbin Tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədovanın sözlərinə görə, üzü də gözəldi, təbiəti də: “Azərbaycan qadınında axtardığımız bütün keyfiyyətlər vardı Nigarda. Ağırbaşlı, ağıllı, sakit bir qız idi. Bilik yarışlarında, olimpiadalarda iştirak edir, ictimai işlərə qoşulurdu. Ali məktəbə daxil olmaq, həkim olmaq istəyirdi”.

 

Nigarın riyaziyyat müəllimi Zümrüd Süleymanova da onu böyük arzuları ilə xatırlayır: “Nümunəvi idi. Könülsüz bir işini görmədim. Gördüyü işə ürəyini qoyurdu. Öz üzərində işləyən, inkişaf edən bir yeniyetmə idi. Fikirləri, fikrini ifadə tərzi, dərslərinə olan sevgisi onu fərqləndirirdi. Elə hesab edirdim ki, o bütün arzularını reallaşdıra biləcək”.

 

 

Bəsti Cəfərova 5 il Nigarın sinif rəhbəri olub: “Yadıma gəlmir ki, məni və sinif yoldaşlarını incitsin. Tərbiyəli davranar, tərbiyəli oturub durardı. Heç vaxt dərsə gecikməzdi. Hərdən deyirdim “Ay Nigar, bərkdən danışsana?”.  O da sakitcə üzümə baxıb gülümsəyərdi. Yay tətili ərəfəsində Nigara dedim ki, dibçəkləri evinə aparıb tətil müddətində onlara qulluq etsin. Yavaşca dedi ki, “birdən suyunu gec verərəm, quruyar”. Nigar elə saf ürəkli bir şagird idi. Ürəyim doludur, belə bir şagird də ölərmi?”

 

Terror qurbanı bacı-qardaş

 

Nigar Gəncə şəhər K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbin yeganə terror qurbanı da olmadı. Onun kimi məktəbli olan 2 terror qurbanı da var. Biri Məryəm, o biri də Orxan. Bu həyata eyni ailədə gələn, eyni qadına ana, bir kişiyə ata deyən, böyümək üçün can atan iki fidan. Ataları həyatlarından çıxalı çox olmamışdı. Bu dünyada bir anaları vardı - Xatirə. Onları bu son yolçuluğunda tək qoymadı o da. Üçü də bir ayrıldı bu dünyadakı sevdiklərindən.

 

Məktəbin direktor müavini Vüsalə Məmmədova deyir ki, ikisi də sakit təbiətli uşaqlar idi. Orxanın utancaq, Məryəmin qəmli olmasını, susqunluqlarını  ataları ilə əlaqələndirdi.

 

Məryəmin sinif rəhbəri Elnarə Namazova üçün Məryəm qapalı bir qutu oldu. Açmaq üçün çox cəhd etdi, amma: “Məryəm çox qapalı uşaq idi. Onu gülümsətməyə çalışsam da, buna nail ola bilmirdim. Şəkillərinə baxıram, 1 və ya 2 şəkli var gülümsəyərkən. Qəmli baxışları indi gözümün önündən getmir. Danışanda da üzümə baxmazdı. Dəftərlərini necə açıb baxacam, bilmirəm”.

 

 

 

Samirə İsmayılova Orxanın V sinifdən sinif rəhbəridir. Sakit, ağıllı uşaq kimi xarakterizə etdiyi Orxan Məryəmin böyük qardaşıdır. VI sinifdə oxuyacaqdı, olmadı: “Çox tərbiyəli, ağıllı uşaq idi. Çalışqan idi. Sadəcə sinif rəhbəri deyildim, həm də Azərbaycan dili və riyaziyyat fənni üzrə əlavə hazırlıq keçirdim ona. Adamı heç incitməzdi. Bir dəfə kitabı götürəndə bilmədən, istəmədən kitabın gözünə dəyməsinə səbəb oldum. “Bağışla, Orxan. Bilmədən oldu”, - deyib sanki ağrısını azaltmağa çalışdım. Orxan özümü pis hiss etməyim deyə gözünün ağrımadığını deyib məni sakitləşdirməyə çalışdı. Bilirdim ki, kitab onun gözünü incitdi, ancaq o, ağrısını yox, məni düşündü. Bu günlərdə o hadisə tez-tez ağlıma gəlir. Musiqi dərsində mahnı oxumağa utanırdı, ancaq yaxşı rəsm çəkirdi. Həvəsliydi rəsmə qarşı. Tapşırıqları canla-başla yerinə yetirirdi. Anasına oxşamışdı hər halda, anası Xatirə xanım da çox sakit qadın idi. Uşağının oxuması üçün əlindən gələni etməyə çalışırdı”.

 

Qeyd edək ki, Orxan və Məryəm Xəlilli iki gün “gizləndilər” dağıntıların altında. Üzə çıxmağa tələsmədi bacı-qardaş. Vətən bölünməsin, dedilər. Bu, Azərbaycanın səsinə kar qalan dünyaya etirazı idi hər halda balaca qəhrəmanların. Hadisədən 2 gün sonra tapılan, tapılana qədər soyuyub daşlaşan  cəsədləri  ilə haqsızlığın üstünə yeridilər. Bu da onlar. Yerin 7 qat dərinindən əzəmətlə, qürurula çıxıb millətinin çiyninə qalxan iki savaşçı. Öz sözünü ölümləriylə deyib yenidən torpağa qayıtdı ikisi də.

 

Daşların arasından yaralı çıxan məktəblilər

 

Gəncə şəhər K.D.Uşinski adına 29 nömrəli tam orta məktəb bu fəlakətdə çox itki verdi. 3 terror qurbanı - 3 məktəbli qaldı dağıntıların altında. Ancaq erməni vəhşiliyinə meydan oxuyan şagirdləri də var: Aminlə Artur. Daşların arasından yaralı çıxanlardandır ikisi də. Amma bu yara başqa yaraya bənzəməz. Bu yaradan qısa müddətdə sağalmaq o qədər də asan deyil. Artur hələ də reanimasiyadadır. Vəziyyəti ağır olaraq qalır. Aminin vəziyyəti isə ağır olsa da, sabitdir.

 

Oxuduqları məktəbdə onları da itirmək istəmirlər. Direktor müavini Vüsalə Məmmədova deyir ki, məktəbin itkisi çox, dərdi yaman ağırdır. Ancaq onlar bunun öhdəsindən gəlməyə çalışacaqlar. Qəmli, sakit baxışlı Nigarı, Məryəmi, Orxanı xatirələrində yaşadacaq, Aminin, Arturun yaralarını sarıb-sarmalayacaqlar.

 

O gecənin şahidləri DANIŞIR

 

K.D.Uşinski adına 29 nömrəli tam orta məktəb Gəncəyə raket hücumlarından zərər görən yeganə məktəb deyil. Ondan əvvəl 32 və 20 nömrəli tam orta məktəblər də Ermənistandan gələn bu fəlakətdən payını alıb.

 

Oktyabrın 11-də yaralanan Murad Cavadov 32 nömrəli tam orta məktəbin şagirdidir. Fəlakəti yuxudaykən qarşılayıb.  Gurultu  səsinə oyananda anasını başının üstündə görüb: “Anam mənə “sakit ol”, - deyirdi. Məni sakitləşdirməyə çalışırdı. Özü də qorxurdu, ancaq mənə  “qorxma” deyirdi. O biri otaqdan atam da gəldi. Yaralıydı. Ancaq yarasına heç fikir vermədi. Tələsirdi ki, bizi ordan sağ-salamat çıxartsın”.

 

Gecənin gətirdiyi fəlakətdə onun ən böyük xoşbəxtliyi də məhz bu idi: anası yanındaydı. Bir uşağın anası yanındadırsa, onu erməni raketi qorxuda bilərmi? Murad o gecə gördüklərinin, yaşadıqlarının təsiri altındadır hələ.

 

32 nömrəli tam orta məktəbin daha bir şagirdi,  hələ IV sinifdə oxuyan Rauf da səsə oyanıb: “Balaca bacım yanımdaydı. O da ikinci sinif şagirdidir. Çox qorxurdu. Nə edəcəyimizi bilmədən ətrafı görməyə çalışırdıq. Birdən anamın səsi gəldi. Bizi axtarırdı. Anamın səsini eşidəndə sevindim. O bizi evimizdən tez çıxartmağa çalışırdı. Evimizdə bütün əşyalarımız məhv olmuşdu, əynimizə geyinməyə paltar belə tapa bilmirdik”.

 

32 nömrəli tam orta məktəbin III sinif şagirdi Hüseyn Əliyevlə  Gəncədəki 20 nömrəli tam orta məktəbin XI sinif şagirdi Sevil Əliyeva da o gecənin şahidləridir. Onlar sadəcə evsiz-eşiksiz qalmadı, hər iki valideynini itirdi bu uşaqlar. Sevil divarların, iri daş parçalarının üstünə aşandan sonrasını belə xatırlayır: “Atamın səsini eşitdim. Bir neçə dəfə məni və anamı çağırdı. Sonra səs kəsildi. Mən onda anamın öldüyünü anladım. Amma düşündüm ki, atam sağdır. Atamın da öldüyünə, ümumiyyətlə, ölə biləcəyinə inana bilmirəm. Onu həmişə güclü görmüşəm”.

 

SOYQIRIMI

 

Uşaqlar, sadəcə ata-anasını itirmədi,  atasının gücünə, ölməzliyinə, qüdrətinə inamını da itirdi o gecə. Uşaqlar, sadəcə evsiz qalmadı, həm də ailəsiz qaldı. Ailələrdən geriyə heç kim qalmadı nəslini davam etdirsin deyə. Beşiyində boğuldu körpə nəfəslər.

 

Bu da növbəti erməni təcavüzünün nəticəsi. Soyqırımına daha bir cəhd.  Ancaq bu cəhdlər hər zaman olduğu kimi, yenə nəticəsiz qalacaq.

 

Ruhiyyə DAŞSALAHLI