İgid oğullarımız işğaldan azad olunan Vətən torpağını BAYRAĞIMIZLA fəth edir


Üçrəngli bayrağın kölgəsində mən

Qaraca torpağı vətən görmüşəm.

Zəfər güllərini dövri-qədimdən

Bayraq işığında bitən görmüşəm.

Bayraq mənliyimdir, bayraq kimliyim,

Bayraq-öz yurduma öz hakimliyim.

 

Bu misralar hamıya yaxşı tanışdır. Azərbaycanın görkəmli şairi Bəxtiyar Vahabzadənin sanki insanın qəlbindəki fikirlərini oxuyurmuş kimi sətirlərə  köçürdüyü məşhur “Bayraq “ şeiri...

Harada olmağımızdan asılı olmayaraq bayrağımızı görəndə iftixar hiss keçiririk. Xüsusilə son günlər cəbhədən gələn xoş xəbərlər hər birimizdə üçrəngli BAYRAĞIMIZA nə qədər bağlı olduğumuzu göstərir. Bəli, bu gün bizlərdə bir BAYRAQ sevgisi yaşanır... 

 

Bayraq ucalıqdır, milli heysiyyətdir, vətəndaşlıq qürurudur. Bayraq millət, dövlət, milli mənlik deməkdir. BAYRAQ bizlər üçün torpaq qədər müqəddəsdir. Və müzəffər ordumuz ard-ardına işğal olunan torpaqlarımızı azad etdikcə məhz BAYRAĞIMIZ həmin yerlərdə sancılmaqla xoş xəbərlər, qələbə müjdəçisinə çevrilir.

 

Bizim üçün  BAYRAQ - AZƏRBAYCANIN müstəqilliyi, ərazi bütövlüyü deməkdir. Bayrağımız dalğalandığı hər bir ölkədə siyasi qələbəmizin təntənəsi kimi bizlərə qürur verir, bütün dünya azərbaycanlılarının həmrəylik, birlik rəmzi kimi yüksəlir.

 

Ümummilli lider Heydər Əliyev deyirdi: “Mən çox ölkələrə gedirəm. Hava limanında Azərbaycan bayrağını görəndə həddindən artıq sevinirəm. Yaşadığım iqamətgahın, əyləşdiyim avtomobilin üstündə Azərbaycan bayrağını, hansı bir yerə danışığa gedəndə Azərbaycan bayrağını görürəm. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin. Onda bayrağa olan məhəbbət, eyni zamanda, vətənə, xalqa, dövlətə olan məhəbbət bərabər olsun”.

 

Ruhunuz şad olsun, dahi şəxsiyyət... Sizin arzularınız, gənc nəsildə görmək istədikləriniz uğurla reallaşmaqdadır. Ölkənin təhsil sahəsində dövlət siyasətini  həyata keçirən Təhsil Nazirliyi son günlərdə atdığı təqdirəlayiq addımı ilə ictimaiyyət tərəfindən maraq, eyni zamanda rəğbətlə qarşılanıb. Belə ki, nazirliyin binası AZƏRBAYCAN BAYRAĞINA bürünüb. Təhsilin ən müxtəlif pillələrində təhsil alan, həmçinin təhsilverənlərin  isə sinələrini, habelə sinifləri və auditoriyaları, iş masalarını  üçrəngli BAYRAĞIMIZ bəzəyir. Bu gün paytaxt Bakımızın  küçələrində, yaşadığımız evlərdə, bir sözlə, addım atdığımız hər yerdə   BAYRAĞIMIZLA rastlaşırıq.  Bütövlükdə AZƏRBAYCAN başdan-başa  BAYRAĞA bürünüb. Nə gözəldir bunu görmək və seyr etmək...

 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində üçrəngli bayrağımızın müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyi olduğunu bildirərək belə söyləmişdir: “Bu meydan nadir memarlıq abidəsidir. Bu bayraq bizim milli dəyərimizdir. Bayraq Meydanının yaradılması Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə ehtiramımızı göstərir.

 

...Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda da qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır”.

 

Nə xoş bizə ki,  dövlət başçısı İlham Əliyevin o zaman, eləcə də hər dəfə istər dünyada beynəlxalq səviyyədə keçirilən mötəbər, istərsə də ölkəmizdə təşkil olunan müxtəlif səpgili çoxlu sayda görüşlərdəki, tədbirlərdəki  çıxışlarının ana xəttini təşkil edən  həmin fikirlərin hazırda həyata keçdiyinin  canlı şahidləriyik. Bir aya yaxındır ki, Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır. Döyüş meydanında əsgər və zabitlərimiz qəhrəmanlıq göstərir, rəşadətli ordumuz düşmənə sarsıdıcı zərbələr endirir, onları yerinə oturdur, düşməni canı-qanı bahasına torpaqlarımızdan qovur.

 

Əbədiyaşar liderimiz Heydər Əliyevin qurucusu olduğu Azərbaycan Ordusu bu günlərdə ölkə  Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni tarix yazır. Torpaqlarımızı düşmən işğalından azad etmək üçün böyük fədakarlıq göstərən Azərbaycan əsgərinin qəhrəmanlığı və hünəri bizlərdə sonsuz qürur hissi yaradır.

 

Artıq neçə gündür Ali Baş Komandan İlham Əliyev  erməni cəlladlarından   azad edilən kənd və rayonlarımız haqqında verdiyi müjdəli xəbərləri  ilə  biz ölkə vətəndaşlarını da  yazılmaqda olan  yeni tarixin bir parçasına çevirməkdədir. Cəbhədən gələn bu xoş xəbərlərin simvoluna çevrilən üçrəngli BAYRAĞIMIZ... İgid oğullarımız  işğaldan azad olunan Vətən torpağını BAYRAĞIMIZLA fəth edir.

 

Ön cəbhədə vuruşan ordumuzun qüdrətindən ilham alan insanlar  artıq bir-birinə   qalibiyyət rəmzimiz olan BAYRAQ verirlər. Bu gün əlamətdar günlərimizdə aldığımız ən dəyərli hədiyyə də məhz üçrəngli BAYRAĞIMIZDIR. Onu qürurla gəzdirməklə, sanki həmin döyüşlərdə biz də iştirak edirmiş  kimi özümüzü təsəvvür edirik. O, duyğularla yaşamaq isə sözlə ifadə olunası  deyil...

 

Bəli, bu gün işğal altında olan  torpaqlarımız azad olunur, həmin ərazilərdə, eləcə də bir sıra strateji yüksəkliklərdə AZƏRBAYCAN BAYRAĞI dalğalanır. Hər bir Azərbaycan vətəndaşının 30 ilə yaxındır ki, ürəyində gəzdirdiyi ən böyük arzusunu Ali Baş Komandanın rəhbərliyi altında QƏHRƏMAN, ŞANLI ORDUMUZ həyata keçirir.

 

Düz bir il bundan əvvəl Ermənistanın baş naziri işğal edilmiş torpaqlarda - Xankəndidə demişdi ki, Qarabağ Ermənistandır və nöqtə. Ona cavab olaraq ən mükəmməl sözləri isə məhz Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev  bildirdi: “Qarabağ Azərbaycandır və nida işarəsi. 

 

...Biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq.

 

...Azərbaycan Ordusu zəfər marşındadır və qarşımızda duran bütün vəzifələr yerinə yetirilir”.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqımıza  hər dəfə azad olunmuş torpaqlarımızla bağlı söylədiyi xoş xəbərlərlə, qarşı tərəfə verdiyi  sərt mesajları ilə bir daha sübut edir və göstərir ki, biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

 

Nöqtəni nida edən ALİ BAŞ Komandan. Sizinlə qürür duyuruq!

 

Dünyanın ən gözəl BAYRAĞI, sənə ancaq QƏLƏBƏ yaraşır...

 

Samirə KƏRİMOVA