Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) üzvü olduğu və Azərbaycan təmsilçiliyini yerinə yetirdiyi Türk Dünyası Mühəndislər və Memarlar Birliyi dünya ictimaiyyətinə müraciət ünvanlayıb.

 

AzMİU-dan bildirilib ki, müraciət 13 oktyabrda birliyin ildönümü və Ankaranın paytaxt təyin olunmasının 96-cı ildönümü toplantısında  Türkiyənin Qazi Universitetinin Mədəniyyət Mərkəzində təqdim olunub.

 

Birliyin idarə heyətinin üzvləri, şöbə müdirləri və işçi komitə sədrlərinin “Qarabağın keçmişi, bu günü və gələcəyi” adlı xüsusi mövzu  ilə bir araya gələrək hazırladıqları müraciətdə deyilir: 

 

“Türk Dünyası Mühəndislər və Memarlar Birliyi  türk dünyasında dildə, fikirdə, işdə birlik fikrinin mühəndislik, memarlıq və şəhərsalma sahələrində həyata keçirilməsini, peşə təhsilinin, peşə bacarıqlarının inkişafını və müvafiq sahələr üzrə birgə fəaliyyəti təmin edərək  müxtəlif səbəblərdən məhv edilən, yoxa çıxan və mövcud olduğu coğrafiya xaricində bilinməyən memarlıq əsərlərinin vəziyyətini müəyyənləşdirərək tamamən itməsinin qarşısını almaq və onları tanıtmaq üçün qurulmuşdur. Qurumumuz türk dünyasını beynəlxalq aləmdə təmsil etmək və qarşılaşdığı hər cür problemi həll etmək baxımından təşəbbüs göstərən,  lider rolu oynaya biləcək güclü bir vətəndaş toplumudur.

 

30 il əvvəl Azərbaycanın ərazi bütövlüyünə toxunaraq, başda Xocalı qətliamı olmaqla, günahsız və müdafiəsiz qardaşlarımızı amansızcasına qətlə yetirən, bu torpaqlarda mədəniyyətimizi və memarlıq əsərlərimizi məhv etməyə çalışan Ermənistan 28 sentyabr 2020-ci il tarixində ağır silahlarla Azərbaycan torpağı olan Qarabağdakı müdafiəsiz can qardaşlarımıza yenidən hücum etməyə başladılar. Türk Dünyası mühəndisləri və memarları adından bu hücumları qətiyyətlə pisləyir, Azərbaycanın öz xalqını və ərazi bütövlüyünü qorumaq uğrunda başlatdığı hərəkatı dəstəkləyirik. Bu gün dünyanın gözü qarşısında ərazilərini erməni hücumlarına qarşı müdafiə edən Azərbaycanın Qarabağdan kənar şəhərlərinə ermənilərin atəşkəs razılaşmasına baxmayaraq, hücum etməklə mülki qardaş və bacılarımızı şəhid etməsini, yaralamasını ən ağır şəkildə lənətləyirik…

            

Azərbaycan bayrağı Qarabağda əbədi dalğalanacaqdır!

 

Bu vəsilə ilə torpaqlarını qorumaq və işğaldan azad etmək uğrunda şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaralılarımıza tezliklə sağalmalarını diləyirik. Allah azərbaycanlı qardaşlarımızın və Türk Dünyasının köməyi olsun! Unudulmasın ki, Azərbaycan tək deyil. Biz, birlikdə Türk millətiyik!“