STEAM təlim uşaqlarımıza nə verir?


Son illər bütün dünyada STEAM təlim texnologiyaları geniş yayılmaqdadır. Yeni nəslin dövrün tələblərinə uyğun formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edən STEAM təhsil  bütün həyati çağırışlara balanslı və rasional yanaşmanın formalaşdırılmasına kömək edir. İstənilən ibtidai məktəbin birinci və ikinci sinif şagirdlərinə diqqətlə baxın. Heç nə görmürsünüz? Çox güman ki, yox. Çox adi uşaqlardır. Ancaq bir vacib məqam var: son bir neçə ildə məktəblər yeni yanaşmaya əsaslanaraq bu uşaqlara öyrənməyi öyrədir.

 

Əsas diqqət təcrübəyə - texnoloji avadanlıqların köməyi və artıq dərsdə mərkəzi fiqur olmayan və şagirdlər üçün mentor rolunda çıxış edən pedaqoqun dəstəyi ilə ixtisaslaşdırılmış laboratoriyalarda konkret problemlərin həlli və təbii hadisələrin öyrənilməsinə  yönəldilir. Bu yanaşma STEAM (Science, Technology, Engineering, Arts and Mathematics) adı ilə tanınır və bu gün məktəblərdə təlim-tədris məsələlərinə biganə qalmayan insanlar tərəfindən fəal müzakirə olunur.

 

Məhz bu yanaşma uşaqları hələ mövcud olmayan peşələrə hazırlayır. Dünyada STEAM təliminin maliyyələşdirilməsinə də  diqqət daim artır. Təsadüfi deyildir ki,  Amazon və Google kimi dünyanın ən yaxşı şirkətləri bu istiqamətin maddi-texnoloji və metodoloji inkişafına milyonlarla dollar xərcləyirlər. Həm biznes, həm də hökumətlərin STEAM təliminin inkişafında maraqlı olmaları təsadüfi deyil.

 

Bu yanaşma yalnız təbiət elmləri fənlərini keyfiyyətcə  mənimsəməyə və texnologiya sahəsində bacarıq və bilik əldə etməyə imkan vermir. Uşaqları hələ olmayan peşələrə, gələcəyin çağırışlarına və tələblərinə hazırlayır. Şagirdlərin kəşflər etməsinə imkan verən, onlarda  tənqidi düşünmə bacarıqlarını inkişaf etdirən, ətraf mühitə həssaslıqlarını artıran bir sistem olan  STEAM yanaşma vasitəsilə  şagirdlər robotika, elmi təcrübələr, araşdırmalar və s. apararaq özlərinin maraq, kəşfetmə, tənqidi düşünmə bacarıqlarını inkişaf etdirə bilirlər.

 

STEAM təlim mərkəzlərində şagirdlərimizin yaradıcılıq, innovasiya, problem həll etmə kimi 21-ci əsr bacarıqlarını inkişaf etdirmələrinə imkan verən robotika dərnəkləri şagirdlərə ibtidai siniflərdən başlayaraq öz yaş qruplarına uyğun Lego şəbəkələri ilə işləyərək öz robotlarını hazırlamağa və proqramlaşdırma imkanı əldə etməyə kömək edir. Layihə əsaslı işlər gedişində uşaqlar  innovasiya, yaradıcılıq, komanda işi və vaxtın idarə olunması kimi bacarıqları daha tez mənimsəyirlər. Bundan əlavə, aşağı siniflərdən uşaqlara yaşlarına uyğun surətdə müasir proqramlaşdırma dilləri, kodlaşdırma da öyrədilir ki, bu da onlara savadlılıq, tənqidi düşünmə və problem həll etmə kimi bacarıqlar qazandırır. Məhz bu bacarıqları olan uşaqlar hər bir ölkənin gələcək inkişafını müəyyən edən mühəndislik sahəsində yaradıcı imkanlara sahib olurlar. 

 

Oruc MUSTAFAYEV