Məqsəd innovasiyaların kənd məktəbində tətbiqinə nail olmaqdır


Məlumdur ki,  qloballaşma şəraitində  müasir bacarıq və səriştələrə malik təhsilalanların yetişdirilməsi təhsil sistemləri qarşısında duran mühüm vəzifələrdən biridir.   Son illər Təhsil Nazirliyinin təşəbbüsü ilə ümumtəhsil sistemində həyata keçirilən mühüm layihələrdən biri  yeni yaradıcı düşüncənin, yanaşma tərzinin, innovativ yeniliklərin  təhsilimizə gətirilməsidir. Bu mənada təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihələri xüsusi əhəmiyyət daşıyır.  

 

Cari tədris ilində təhsildə inkişaf və innovasiyalar üzrə  IV Qrant müsabiqəsinin qalibi olmuş  “Kənd məktəblərində STEAM dərsləri” layihəsini yazmağımda əsas məqsədim  də   müasir dövrdə bir çox ölkələrdə STEAM dərslərinin geniş tətbiq olunması ilə bağlıdır. Bu dərslərin digərlərindən fərqli, müsbət üstünlükləri olduğunu bilirik. STEAM- Elm, texnologiya, mühəndislik, riyaziyyat və incəsənt elmlərinin  inteqrasiyası deməkdir.  STEAM dərsləri praktik, yeni metodologiyalar əsasında öyrədilir. Təhsilalanlarda yaradıcı, yeni texnologiyalardan istifadə etmək bacarıqlarını formalaşdırmaq məqsədilə STEAM dərslərinin tədrisi vacib və zəruridir. Dərslər nəticəsində şagirdlərdə riskləri nəzərə almaq, praktik öyrənmə ilə məşğul olmaq, problemin həllində israrlı olmaq, komandada işləmək, yaradıcı olmaq, fərqli fikirləri formalaşdırmaq, çevik fikirlər irəli sürmək,  yaranacaq  yeni ixtisaslar  üzrə işləmək bacarıqları  formalaşır.   Ölkəmizin texnologiya ixtiraçısına, istehlakçısına çevrilməsi, şagirdlərimizin bu istiqamətdə fəallığını stimullaşdırmaq məqsədilə  məktəblərimizdə STEAM yanaşma tədris edilməlidir. Öyrəniləcək metodologiyalardan praktik işlər və onların nəticəsi,  analiz, layihə əsaslı öyrənmə (PBL), araşdırmaya əsaslanan öyrənmə, mühəndislik dizaynı,  proqramlaşdırma, “Escape room”, mobil öyrənmə, analogiyalarla öyrənmə, fənlərarası inteqerasiya, öyrənmə və s.  sadalamaq olar.  Pilot layihələrin rayon və bölgələrdə tətbiqini nəzərə alaraq Bərdə rayonunun kənd məktəblərində  bu şəraiti yaratmağı vacib bildim. STEAM dərslərinin nəticəsi  şagirdləri həyata hazırlayır və real həyatdakı problemləri həll etməyi öyrədəcək. Bərdə rayonu üzrə 5 kənd tam orta məktəbi və hər məktəbdən müsahibə yolu ilə 3 müəllim seçilib. Müəllimlərə Problem Əsaslı Öyrənmə, Layihə əsaslı öyrənmə,  Tinkering, Mobil öyrənmə, Mikrobit dərsləri və s. tədris edilir. Ümumilikdə 15 müəllim 1 ay  təlimdən  keçib  sonra  öyrəndiyini  öz məktəblərində  tətbiq  edəcək. Layihəni həyata keçirən zaman, öncə məktəb direktorlarına STEAM təlimi keçirildi ki, müəllimlər öz məktəblərinə tətbiq edəndə məlumatlı olsunlar.

 

Layihənin həyata keçirilməsi gedişində şagirdlər aşağıdakı nəticələrə gələcək: tənqidi düşüncə probleminin həlli; yaradıcılıq, innovasiya; əməkdaşlıq, komanda işi; ünsiyyət;  informasiya, media savadlılığı; texnologiya savadlılığı; rəhbərlik, çeviklik, yenilikçi.

 

STEAM-ın ilk dəfə  kənd məktəblərində tətbiqi bir ilkdir. Bu layihəni yazmaqda əsas məqsədlərimdən biri  də təhsil sahəsində innovasiyaların kənd məktəbində tətbiqinə nail olmaqdır. Sentyabrın 15-dən icrasına başlanılan layihə çərçivəsində keçilən dərslər dekabrın 15-ə kimi davam edəcək. 

 

Mələk HACIYEVA,

Bərdə rayonu Güloğlular kənd ümumi orta məktəbin informatika müəllimi, layihə rəhbəri