“World Skills” Rusiyanın təşkilatçılığı və BMT-nin İnkişaf proqramının (BMTİP) dəstəyi ilə “‘World Skills” iqtisadi inkişaf üçün bir vasitə” adlı vebinar keçirilib. 

 

Tədbirdə MDB məkanında fəaliyyət göstərən BMTİP-in təmsilçiləri, “World Skills” təşkilatına üzv dövlətlərin, eləcə də peşə təhsili sahəsində fəaliyyət göstərən qurumların nümayəndələri iştirak ediblər. 

 

Vebinarda “World Skills” təşkilatının yaratdığı imkanların insan kapitalının inkişafında, yeni texnologiyaların təşviqində və davamlı peşə təhsili sisteminin formalaşdırılmasında istifadəsi haqqında təcrübə mübadiləsi aparılıb. 

 

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru və “World Skills İnternational” təşkilatına Azərbaycanın rəsmi nümayəndəsi Pərviz Yusifov çıxış edərək iştirakçılara Azərbaycanın peşə təhsili sistemi və “World Skills” çərçivəsində qarşıda duran hədəflər barədə məlumat verib. 

 

Qeyd edək ki, sözügedən təşkilat dünyada peşə bacarıqlarını təbliğ edən və peşələrin olimpiadası kimi tanınan beynəlxalq bir təşkilatdır. Azərbaycanın sözügedən təşkilatın 85-ci üzvünə çevrilməsi və cari ilin oktyabr ayında baş tutacaq Təşkilatın Ümumi Yığıncağına qatılması, beləliklə, üzvlüyünün təsdiqlənməsi gözlənilir.